Biləsuvar təhsili daha bir dəyərli pedaqoqunu itirdi.Ömrünü doğulub boya-başa çatdığı Xırmandalı kəndinin işıqlı sabahına, gənc nəslin təhsilinə və təlim-tərbiyəsinə həsr edən Quliyev İsfəndiyar Meyxoş oğlu vəfat edib.
İsfəndiyar müəllim 1951-ci il yanvarın 30-da Biləsuvar rayonunun Xırmandalı kəndində zəhmətkeş kolxozçu ailəsində dünyaya göz açmışdır. Onlar ailədə beş qardaş olublar. Böyük qardaşları Rus dili müəllimi kimi fəaliyyət göstərmiş, digər dörd qardaş isə elmə və xüsusilə də dəqiq elmlərə olan maraqları ilə seçilərək riyaziyyat, fizika və kimya sahələrində savadlı pedaqoqlar kimi tanınmışlar.
İsfəndiyar Quliyev ibtidai təhsilini Xırmandalı kənd tam orta məktəbində almış, 1964–1968-ci illərdə isə təhsilini Biləsuvar rayon İnternat məktəbində davam etdirmişdir. 8-ci sinfi əla qiymətlərlə bitirdiyi üçün Bakı şəhərində yerləşən Fizika-riyaziyyat və Kimya-biologiya təmayüllü məktəbə qəbul olunmuşdur. Həmin il bu məktəbə Biləsuvardan ilk dəfə qəbul olunan üç nəfər əlaçı şagirddən biri də məhz İsfəndiyar müəllim olmuşdur.
Elm və təhsilə olan sonsuz marağı sayəsində 1968–1970-ci illərdə həmin məktəbi fərqlənmə ilə başa vurmuşdur. Daha sonra N. Tusi adına Azərbaycan Pedaqoji Universitetinin Kimya fakültəsinə qəbul olunmuş və ali təhsilini uğurla başa çatdırmışdır.
1974–2014-cü illərdə Xırmandalı kəndində yerləşən 2 saylı Müşfiq Abbasov adına orta məktəbdə müavin vəzifəsində, eləcə də 1 saylı Ceyhun Məhərrəmov adına orta məktəbdə kimya müəllimi kimi çalışmışdır. Uzun illər ərzində göstərdiyi fədakar pedaqoji fəaliyyətə görə dəfələrlə təltif olunmuşdur. Yüzlərlə şagird dəyərli pedaqoqun elmindən güc alaraq bu gün rayonda və ölkə miqyasında müxtəlif sahələrdə bacarıqlı mütəxəssislər kimi fəaliyyət göstərir.
İsfəndiyar müəllimin vəfatı onun ailəsi, doğmaları, şagirdləri və bütövlükdə Biləsuvar təhsili üçün böyük itkidir.
Allah rəhmət eləsin.