Bu çıxışda diqqəti cəlb edən əsas məqam, Azərbaycanın MDB məkanında həm siyasi, həm iqtisadi, həm də mədəni inteqrasiyaya verdiyi töhfələrin qətiyyətlə ortaya qoyulması oldu. Cənab Prezidentin vurğuladığı kimi, MDB artıq təkcə keçmiş sovet ölkələrinin bir araya gəldiyi platforma deyil, həm də qarşılıqlı etimad, əməkdaşlıq və inkişaf üçün səmərəli bir mexanizmə çevrilməkdədir.
Özəlliklə qeyd olunmalıdır ki, çıxışda Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsi faktı böyük mənəvi və siyasi əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərimizin sürətli və planlı şəkildə bərpası, bu torpaqlarda həyatın dirçəlməsi artıq beynəlxalq səviyyədə də görünür və təqdir olunur. Prezidentin “Laçın tamamilə dağıdılmış bir şəhərdən qısa zamanda yaşayış üçün ən əlverişli şəhərlərdən birinə çevrilib” fikri bu baxımdan həm həqiqəti, həm də milli iradəni əks etdirir.
Eyni zamanda, MDB Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı təşəbbüsün təqdimatı, Azərbaycanın idman vasitəsilə regional birliyə verdiyi töhfənin göstəricisidir. İdman burada təkcə yarış deyil, xalqları yaxınlaşdıran, ortaq dəyərləri birləşdirən bir vasitə kimi dəyərləndirilir.
Çıxışda Azərbaycan–Tacikistan münasibətlərinə ayrılan xüsusi diqqət isə, Azərbaycanın ikitərəfli əlaqələrdə səmimiyyət, qarşılıqlı hörmət və qardaşlıq prinsiplərinə sadiqliyini göstərdi. Bu, həm də region ölkələri arasında davamlı dialoqun və əməkdaşlığın qurulmasına yönəlik uğurlu diplomatik xəttin göstəricisidir.
Ümumilikdə, Prezident İlham Əliyevin Düşənbədəki nitqi bir daha sübut etdi ki, Azərbaycan nəinki öz milli maraqlarını müdafiə edir, eyni zamanda regionun ortaq dəyərlər əsasında inkişafına töhfə verən məsuliyyətli və lider ölkə rolunu da uğurla oynayır.
Bu çıxış, bizim ziyalılar üçün də bir çağırışdır – milli maraqlarımızı beynəlxalq platformalarda qorumaqla yanaşı, həm də mədəniyyət, tarix və diplomatiyamızın düzgün təqdimatı üçün fəaliyyətimizi daha da fəallaşdırmalıyıq.