» » NİZAMİNİN ƏDALƏT XÜTBƏSİ - Siracəddin Hacı yazır


NİZAMİNİN ƏDALƏT XÜTBƏSİ - Siracəddin Hacı yazır


NİZAMİNİN ƏDALƏT XÜTBƏSİ - Siracəddin Hacı yazır

I NİZAMİ GƏNCƏVİNİN KİMLİYİ:

"NİZAMİ DEYİR Kİ, HƏDƏFİM YER ÜZÜNDƏ RƏHMƏT EVİ TİKMƏKDİR"

- Nizami Gəncəvinin kimliyini hansı ölçülərlə tanıda bilərsiniz?

- Nizaminin əsl adı Cəmaləddin əbu Məhəmməd İlyas bin Yusuf bin Zəkiəddin bin Müəyyəddin əl-Gəncəvidir, Azərbaycanın siyasi, iqtisadi, elmi düşüncə mərkəzlərindən biri olan Gəncədə doğulmuşdur, xanımının adı Afaq, oğlunun adı Məhəmməddir, Böyük Səlcuqlu dövlətinə bağlıdır, Azərbaycan türküdür, müsəlmandır, bütün varlığı ilə Allaha bağlıdır, dərin mədrəsə təhsili var, bütün elmləri öyrəndiyini yazır, oxumağı çox sevir, deyir ki, oxumadan, yeni şeylər öyrənmədən yatmaq haramdır, türk, fars, ərəb dillərini bilir, yunan və yəhudi qaynaqlarını araşdırır, Qurani-Kərimi, hədisləri, İslam alim və filosoflarının əsərlərini  dərindən öyrənmişdir, düşüncəsinin mayası İslam dini və mədəniyyəti olsa da, xristianlığı, musəviliyi, İncili, Tövratı, zərdüştlüyü, türk, fars, ərəb, yunan, hind, Çin mədəniyyətlərini, tarixi, folkloru, musiqini, şeiri, əruzu diqqətlə araşdırmış, elm xəzinəsi ortaya qoymuşdur, şairdir, böyük iddiası var, deyir ki, dünyada şairlik Nizami ilə bitmişdir. 

Nizami irfan məktəbinə bağlıdır, şeyxdir, aşiqdir, arifdir, alimdir, mürşiddir, müridləri var, zühd əhlidir, qənaət sahibidir, təvazökardır, özünü yetişdirmək üçün riyazət üsulundan istifadə etmiş, çiləxanalarda çilələr çəkmişdir. Nizami ağıla çox önəm verir, deyir ki, ağıl mayadır, insanı seçən, üstün qılan ilahi nemətdir, insan ağlından doğru istifadə etsə, hər şeyi olar. Nizami böyük siyasət adamıdır, siyasəti, diplomatiyanı gözəl bilir, onun lirik şeirləri, "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" adlı beş məsnəvisi dünya mədəniyyətinin şah əsərləri sırasında yer tutur. O, məktəb yaratmış, dünya ədəbiyyatına ciddi təsir göstərmişdir, onun məsnəviləri əl-əl gəzmiş, insanlar bu əsərlərə bərəkət qaynağı kimi baxmışlar. Dünyanın önəmli kitabxanalarında Nizaminin əsərləri var, bu əsərlər dünya dillərinə tərcümə olunmuşdur.

Hindistanda təkcə "Sirlər xəzinəsi" məsnəvisinin yüz yeddi nüsxəsini olduğunu bilirik...

- Sizcə, Nizami irsi dünya mədəniyyətinə nə qazandırmışdır?

- Bu, çox geniş cavab tələb edən sualdır. İmkanımıza uyğun olaraq bunları deyə bilərəm. Nizami insanlığın şairidir, min ilə yaxın bir vaxt keçsə də, Nizaminin məsnəviləri dəyərini itirmədi. Bunun səbəbləri var: onun məsnəviləri içində həqiqət daşıyır, Nizami insanlara hər zaman doğru yol göstərən dəyərləri təbliğ etmişdir. İçində həqiqət olmayan, dəyər daşımayan heç bir əsər qalıcı olmaz, təsir göstərməz, sevilməz. Nizaminin təbliğ etdiyi dəyərləri - insanı insan edən dəyərləri belə sıralaya bilərəm: tövhid - şair deyir ki, bu, ən böyük dəyərdir, insanlar tövhidi doğru anlasalar, bütün sıxıntılar həll olunar, Nizami tövhidi insan azadlığının əsası kimi tanıtmışdır. Ədalət - Nizami deyir ki, ədalət iki dünyanın sərmayəsidir, ədalət hər varlığı ilahi təyinatına uyğun yerdə tutmaq, hər kəsə, hər varlığa layiq olduğu haqqı verməkdir, tövhid insanla Allah, ədalət insanla insan münasibətlərinin əsasıdır. Mərhəmət - Nizami deyir ki, mərhəmət olmasa, insanlıq ölər, ilahi rizanı qazanmaq mərhəmətlə mümkündür. Elm - Nizami deyir ki, elm güc qaynağıdır, elmi olmayan Allahı tanımaz, inkişaf etməz, həlak olar, dəyərlərini itirər. Barış - bu, insanların bir arada yaşamasını təmin edən dəyərdir, şair deyir ki, fərqlilik ayədir, nemətdir, zənginlikdir, ona sayğı duyun ki, bir arada, hüzur içində yaşaya biləsiniz. Rifah - Nizami deyir ki, yoxsulluq parçalayır, zənginlik birləşdirir. Şair zənginliyin əsasına halallığı qoyur, deyir ki, halal yaşamaq igidlikdir. Sevgi - Nizami sevgini münasibətlərin mayası kimi tanıtmışdır. 

Nizami Qurani-Kərimdən çıxış edərək dövlət idarəçiliyinin əsasına altı dəyər qoymuşdur: həqiqət - dövlət doğru dəyərlər üzərində qurulmalı, doğru olan işləri gerçəkləşdirməlidir; ədalət - dövlətin imanı ədalətdir, bir dövlət küfürlə deyil, zülmlə yıxılar; məşvərət - dövlət məsləhətlə idarə olunmalıdır; ləyaqət və əhliyyət - iş işi bilənə verilməlidir; mərhəmət - Nizami deyir ki, dövlət vətəndaşlarına mərhəmətlə yanaşmalı, onların sıxıntılarını həll etməli, bağışlama yolunu tutmalıdır;  ümid - dövlət vətəndaşına qorxu deyil, ümid verməlidir, ümidin anası ədalət, meyvəsi sevgidir. Nizaminin dövlət idarəçiliyi ilə bağlı ən gözəl ölçüsü budur: hakimiyyətin şükrü ədalətdir. Dünya dövlətlərinin əsasında Nizaminin təsbit etdiyi dəyərlər olsa, yer üzündə savaş, kin, nifrət, aclıq, yoxsulluq, göz yaşı zülm olarmı? 

- Nizaminin İslam dininin dəyərlərinə bağlılığını hansı ölçülərlə qavramaq olar?

- Nizaminin düşüncəsinin mayası İslam dinidir. O, ən çox hansı dəyərləri təbliğ edib desəniz, mən tövhid və ədalət cavabını verərəm. Nizami deyir ki, mənim torpağıma tövhid inancının toxumu səpilmişdir. Şair insan azadlığının əsasına tövhid inancını qoymuşdur, o deyir ki, Allaha təslim ol ki, azad olasan. Nizami Allahı tanıdır, bu məqsədlə varlıqları iki yerə ayırır: Yaradan və yaradılanlar. Şair deyir ki, Yaradan Allahdır, O, təkdir, tək olmaq ancaq Onun haqqıdır, O, vacibul-vücüddur, yəni var olmaq üçün bir başqa varlığa möhtac deyil, əbədidir, ehtiyacsızdır, hər varlığın ehtiyacını təmin edəndir, bütün mükəmməlliklər Ona aiddir, nöqsan sifətlərdən uzaqdır, bir tək İlahdır, ibadət, itaət, dua ancaq Onadır, heç bir varlığa bənzəməz, varlığın mütləq hakimidir, mərhəmətlidir, mülkün gerçək sahibidir, ölümü və həyatı yaradan Odur, hüzur qaynağıdır, güvən və iman verir, mütləq diridir, hər şeyi bilir, eşidir, görür, qullarına əsla zülm etməz, şərəf və etibar qaynağıdır, axirətin tək sahibidir, hər kəsdən hesab soruşacaq. 

Nizami tövhid inancını doğru öyrətmək üçün yaradılanları da tanıdır: onlar çoxdurlar, yaradılmışlar, var olmaq üçün bir yaradıcıya möhtacdırlar, ehtiyacları var, fani-ölümlüdürlər. Nizami Allahı doğru tanımağın yolunu da öyrətmişdir: o deyir ki, insan Allahın zatını qavraya bilməz, belə ki, Allah sınırsız, insan sınırlı varlıqdır, sınırlının sınırsızı qavramaq imkanı yoxdur, Allahı tanımağın iki yolu var: birincisi, Onun yaratdıqlarını tanı, yaradılanlardan yaradana doğru get, ikincisi, Allahın gözəl adlarının anlamını öyrən (əzbərləmə, öyrən). Şair bütün məsnəvilərinin əvvəlində Allahın gözəl adlarını bədii dillə bir-bir tanıtmışdır. Nizami hədəfini belə açıqlamışdır: yer üzündə Rəhmət Evi tikmək istəyirəm, bu, sevgi, barış, xeyir, rəhmət, bərəkət, hüzur evidir, insanlıq üçün tikiləcək bu ev dörd dayaq - dörd dəyər üzərində dayanacaq: tövhid, ədalət, elm, mərhəmət. Nizami Allah Rəsulunu - son Elçini, aləmlərə rəhmət olaraq, gözəl əxlaqı tamamlamaq üçün göndərilmiş hz.Məhəmmədi sevə-sevə tanıtmış, hər məsnəvisinin əvvəlində, tövhid bölməsindən sonra Ona yer vermiş, Onun gözəl örnəkliyini önə çıxarmış, Onu tanıtmaq üçün gözəl məcazlar seçmiş, oğlunun adını da Məhəmməd qoymuşdur. Nizami insana ikidünyalı həyat təklif edir, deyir ki, axirət dünyanın ruhudur, axirət inancı olmasa, insan da, bu dünya da anlamını itirər. Nizami insana şükrü, dini, yaradılışı, savabı, günahı, tövbəni, dünyanı, qəlbi, ümidi, əməyi, anlamlı həyatı, sərvəti tanıdır. Deyir ki, hər insan yer üzünün xəlifəsidir, onu işi yer üzündə tövhid, ədalət, xeyir, mərhəmət, barış, rifah üçün çalışmaqdır. İnsan olmağın şükrü Allaha təslim olmaqdır. Anlamlı həyatın ölçüsü budur: insan ilahi təyinatına uyğun yaşamalı, Allahın buyruqlarını yerinə yetirməlidir.

- Nizami ilə bağlı son araşdırmalarınız haqqında bir az bilgi istəyirik.

- Öncə onu deyim ki, bizim Nizamini anmağa deyil, anlamağa ehtiyacımız var. Kimliyimizi, dəyərlərimizi tanımaq, inkişaf etmək, azad olmaq, ədalətli cəmiyyət qurmaq, dünya mədəniyyətinin öncüllərinin sırasında yer tutmaq istəyiriksə, Nizami irsini dərindən öyrənməli, dəyərlərini günümüzə daşımalıyıq. Bu böyük işi gerçəkləşdirmək üçün də bir sıra şərtlərə ehtiyac var: birincisi, Azərbaycan mədəniyyətinin, o sıradan Nizaminin islami kimliyi qəbul olunmalı, Nizami bağlı olduğu dəyərlər əsasında öyrənilməlidir. İkincisi, Nizami irsi yenidən tərcümə olunmalı, bədii və sətri tərcüməsi hazırlanmalıdır. Üçüncüsü, bu böyük işi gerçəkləşdirmək üçün ayrı-ayrı elm sahələrinin mütəxəssislərindən ibarət elmi heyət formalaşdırılmalıdır. Dördüncüsü, Nizaminin hər misrasına şərhlər yazılmalı, onun irsi ilə bağlı ciddi elmi işlər ortaya qoyulmalıdır. Beşincisi, Nizaminin təbliğ etdiyi dəyərlər həyatımıza daşınmalıdır. 

Biz də gücümüz ölçüsündə işlər gördük. Elmi fəaliyyətimizin iki əsas istiqaməti var, biri Qurani-Kərimlə, o birisi Nizami ilə bağlıdır. Nizamini aid olduğu dəyərlər işığında öyrənməyə çalışdıq, onun əsərlərinə on iki cild şərh yazdıq, işlərimiz davam edir, bu il "Yeddi gözəl" məsnəvisi ilə bağlı, min iki yüz səhifəlik, iki cildlik şərhimiz çap olundu. Dünya nizamişünaslığında ilk dəfə olaraq şairin iki məktubuna yüz əlli səhifəlik şərh yazdım, "Nizaminin iki məktubu: dünya siyasət və diplomatiya tarixinin iki şah əsəri" adı ilə çap etdim. İndi "Nizaminin ədalət xütbəsi" adlı elmi işimi tamamlamışam. İşlər davam edir, Allah ömür versə, Nizami irsinin hamısını şərh edəcəyəm. Hərəkət bizdən bərəkət Allahdandır. 


NİZAMİ GƏNCƏVİ DEYİR Kİ, HANSI ÖLKƏDƏ ƏDALƏT OLSA, O ÖLKƏDƏ:

- qıfıllı qapılar açılar;

- nəfəs üçün hava yolu qoyular;

- qısır inəklər doğar;

- çaylarda su çoxalar;

- ağacların barı artar;

- pulun dəyəri olar;

- düyünlər çözülər;

- qarışıqlığa son qoyular;

- ölkə sərvətə hamilə olar;

- sərvət aşıb-daşar;

- hər kəsə layiq olduğu verilər;

- kasıblar sevinər;

- qaçqınlar öz yerinə qayıdar;

- qoyunlar canavarların zülmündən qurtarar;

- çalağan göyərçinlə dost olar;

- fitnə ölər;

- əliuzunların (rüşvətxorların) əli qısalar;

- ölkənin düşmənləri qorxuya düşərlər;

- dostlar sevinərlər;

- hakimiyyətin mərkəzinə insana xidmət qoyular;

- cinayətkara belə işgəncə verilməz;

- xalq hakimiyyəti sevər;

- xalq dövlətinə bağlanar;

- kimsə ac qalmaz;

- kədərin yerini sevinc tutar;

- üzlərə təbəssüm qonar;

- hakimiyyət xalqın nazını çəkər;

- ölkənin xəzinəsi dolar;

- qılınc və şallaq (zülm, qorxu, şiddət) ölkədən sürgün edilər;

- ağaclar çiçək açar, yaşıllaşar;

- insanların əli pulla oynayar;

- bolluq, bərəkət bütün evlərin qapısını döyər;

- hakimiyyət ədalətli olanlara dəyər verər, onların önünü açar, zalımlarla savaşar, zülmün qapısını bağlayar;

 

NİZAMİ GƏNCƏVİNİN UCA ALLAHA DUASI

Ey mənim ürəyimi müalicə edən, ALLAHIM!

Məni kimsəyə möhtac etmə! 

Məni möhtac olanlara möhtac etmə! 

Məni ancaq Özünə möhtac et! 

Mənə nur ver! 

İşlərimi asanlaşdır! 

Qoyma başım kiminsə qarşısında əyilsin! 

Halal ruzi ver! 

Qəlbimi uca Allah sevgisi ilə doldur! 

Mənə yeni söz xəzinələri bəxş et! 

O xəzinələri açmaq gücü ver! 

AMİN!
 
NİZAMİ GƏNCƏVİNİN UCA ALLAHA DUASI

EY UCA ALLAHIM:

- məni Allahdan başqa kimsəyə möhtac etmə!;

- ruzi ver!;

- qocalanda əlimdən tut!;

- məni bu dünyanın köləliyindən azad et!;

- qulluğumu qəbul et!;

- məni qoru!;

- başımı ucalt!;

- bu dünyada başıma qənaət və riza tacı qoy!;

- axirət səadəti nəsib et!;

AMİN!

NİZAMİ GƏNCƏVİ DÖVLƏT BAŞÇISININ ÖZƏLLİKLƏRİNİ AÇIQLAMIŞDIR:

- ağıllıdır;

- güclüdür - iradəlidir;

- səbirlidir;

- ölkəsini qoruyur;

- dövlətinin xəzinəsi insanlara xidmət edir;

- qayğıkeşdir;

- əvəz istəmədən nemətlər verir;

- cəsur sərkərdədir;

- insanları rifah içində yaşadır;

- saleh əməlləri ölkəni yaşıllığa - cənnətə çevirir;

- sıxıntıları həll edir - düyünləri açır;

- ədaləti minlərlə ölmüş qəlbi dirildir;

- xeyir işlərin arxasınca gedir;

 - xeyirxahdır;

- uca Allahı unutmur;

- axirətə inanır;

- insanların arzularını yerinə yetirməsi üçün şərait yaradır;

- səxavətlidir; 

- mərhəmətlidir; 

- bağışlamağı çox sevir;

- verdiyi sözü yerinə yetirir;

- doğru danışır; 

- vəfalıdır; 

- fatehdir - ədaləti ilə qəlbləri, qılıncı ilə ölkələri fəth edir;

- elmlidir;

- alimləri sevir;

- məsləhətə önəm verir;

- işi iş bilənə tapşırır;

 

II "YEDDİ GÖZƏL" MƏSNƏVİSİNDƏ BƏHRAM OBRAZININ İNŞA MƏRHƏLƏLƏRİ

Nizami "Yeddi gözəl" - "Bəhramnamə" məsnəvisində Bəhram Gur obrazını addım-addım inşa etmiş, ona bağlı olan hər şeyi hədəfə uyğun biçimdə dəyərləndirmiş, siyasi lider yetişdirməyin yollarını göstərmişdir: 

- Bəhram Gurun atasına yer vermiş, aralarındakı fərqləri göstərmişdir: ata daş, oğul gövhərdir, ata zalım, oğul insaflıdır, ata acımasız, oğul mərhəmətlidir;

- münəccimlər Bəhram Gurun taleyindən xəbər verirlər: o, fateh olacaq, ədaləti, əzəməti ilə aləmi nurlandıracaq;

- o, şahın tək övladıdır;

- Bəhram Gurun uşaqlığı Ərəbistanda - Yəməndə keçir;

- Yəmən hakimi ona siyasətin - şahlığın elmini, ədəbini öyrədir;

- O, dörd yaşında cəsur şir olur;

- Bəhram Gurun sağlam böyüməsi üçün havası, təbiəti gözəl olan özəl yer seçilir;

- Bəhram Gur üçün özəl saray - Xəvərnəq qəsri tikilir;

- bu sarayın ustası Rum ölkəsinin məşhur memarı Simnardır;

- Nizami bu sarayın gözəlliyini parlaq məcazlarla təsvir etmişdir;

- Bəhramın özəl dayəsi, özəl müəllimi var;

- Onun elm öyrənmək marağı güclüdür;

- çox ağıllıdır, dərin qavrayışı var, məsələləri tez və düz anlayır;

- ərəb, fars, yunan dillərini öyrənir;

- dil müəllimi bir atəşpərəst muğu idi;

- astronomiyanı dərindən öyrənir;

- həndəsəni, riyaziyyatı çox sevir, çətin məsələləri tez qavrama gücü var;

- irfan bilgi sistemini öyrənir;

- müəllimi ona göylərin, yerin sirrini açır;

- nitq mədəniyyətinə, bəlağət elminə yiyələnir;

- Bəhram Gur bütün elmlərin mahiyyətini öyrənir;

- dinləmə mədəniyyətinə sahib olur;

- savaş elminin sirlərini öyrənməyə çox maraq göstərir;

- silah oynadır, at çapır, ox atır;

- çox cəsurdur, şirlərin pəncəsini, qurdların boynunu sındırır;

- nizə oynatmaqda tayı-bərabəri yoxdur;

- mahir oxatandır, qranit daşları oxla bir-birinə tikir, ox atarkən bütün oxları eyni nöqtəyə vurur;

- daşı qılıncla parçalayır;

- nizəsinin ucu ilə darını deşir;

- oxu ilə tükü yarır;

- ona şir deyirdilər;

- bəbirin üstündə at çapırdı;

- qızmış şirlə oynayırdı;

- elmi güclə hərbi gücü özündə birləşdirmişdi;

- ov etməyi sevir, vəhşi gur ovlayır;

- Nizami Bəhramın atını, oxunu, yayını, ov məharətini incəliklərinədək təsvir edir;

- o, dörd yaşına çatmamış gurları ovlamır, onların qanını haram sayırdı;

- Bəhram Gur bir oxla guru və onu ovlamaqda olan (onun belinə minmiş) şiri öldürür;

- bir dişi gur Bəhramı arxasınca mağaraya aparır, onun balasını yemiş əjdahanı öldürməsini, qisasını almasını istəyir;

- bu hadisə vasitəsi ilə həm Bəhramın cəsarəti, məharəti təsvir olunur, həm də zülm edən hər kəs cəzasını alacaq ölçüsü tanıdılır, ədalətli ol mesajı verilir;

- Nizami Bəhram Gurun qorxunc əjdahanı öldürməsini bütün incəlikləri ilə təsvir edərək bu mesajları da vermişdir: Allah ədalətli, cəsur, mərhəmətli olanlara böyük mükafat hazırlamışdır, məzlumun ahı zalımı həlak edər, zalımın deyil, məzlumun yanında ol, məzlumların bu dünyasını xilas et ki, Allah da sənin axirətini qurtarsın, ananın balasına sevgisi qeyri-adidir, o, balasını qurtarmaq üçün canını verər;

- rəssamlar Bəhram Gurun hər zəfərinin rəsmini qəsrin divarına nəqş edirlər;

- Bəhramın Xəvərnəq qəsri çox gözəldir, şahzadə ona yaraşan sarayda yaşayır;

- Bəhram o sarayda özəl bir otaq görür, orada yeddi ölkəni təmsil edən yeddi gözəl qızın şəkli otağın tavanına çəkilmişdi, Bəhram Gurun rəsmi dairəvi biçimdə sıraya düzülmüş qızların rəsminin ortasında idi, Günəşin ətrafına planetlər düzülmüşdü, ulduzların hökmü də divara yazılmışdı: Bəhram o yeddi gözəl qızı yanıma gətirəcək;

- Bəhramın atası vəfat edir, İran hakimiyyətində təmsil olunanlar Yəzdigürdün zalım olduğunu əsas göstərərək monarxiya idarə üsulunun tələbini pozur, hakimiyyəti haqqı olan Bəhrama deyil, yaşlı, müdrik bir insana verirlər, ərəb tərbiyəsi görmüş Bəhramın İranı idarə etməsini istəmirlər;

- Nizami bu hadisədən yararlanaraq Bəhramın bir sıra özəlliklərini önə çıxarır: a) övladlıq borcunu yerinə yetirir - atasına yas tutur; b) hakimiyyət haqqının əlindən alınması ilə barışmır; c) qərarlı və iradəlidir, deyir ki, indi yas vaxtı deyil, hakimiyyət uğrunda mücadilə vaxtıdır; d) ağıllı və cəsurdur - bilir ki, hərbi gücü olmasa, hərbi güclə diplomatik güc birləşməsə, hakimiyyət haqqını əldə edə bilməyəcək; e) bacarıqlıdır - yüz minlik seçmə ordu hazırlayır, yenilməz sərkərdə kimi Yəməndən İrana doğru hərəkət edir; 

- Nizami Bəhramın ordusunun fiziki və mənəvi gücünü göstərmək üçün bütün incəliklərə yer verir, gözəl məcazlardan yararlanır: əsgərlər zireh geyimli, dəmir çeynəyən, düşmən yıxan, div bağlayan, qalalar fəth edən idilər, ordunun nəmi balığa, tozu Aya çatdırdı, bürünc küplərin naləsi ödü parçalayırdı, düşmənə olan kin cəhənnəm odu kimi qızmışdı...;

- Bəhram hərbi gücünü göstərir, ancaq hakimiyyət məsələsini diplomatik yolla, qansız həll etmək istəyir, belə ki, gələcəkdə idarə edəcəyi iranlılarla düşmənliyin artmasının onun ziyanına olduğunu bilir;

- İranı idarə edənlər Bəhramın əzəmətli ordusundan qorxuya düşür, çıxış yolu axtarır, qərara gəlirlər ki, Bəhrama məktub yazsınlar, məktub yazır, onu din xadimlərindən ibarət nümayəndə heyəti ilə Bəhrama göndərirlər. Onlar Bəhramın hərbi hərəkatını dayandırmaq üçün məktubda bu fikirləri önə çıxarırlar: din duyğusunu hərəkətə keçirir, dindaş olduqlarını vurğulayırlar, Bəhramı tərifləyir, onun hakimiyyət haqqını tanıyırlar, dövlət idarəçiliyinin çətinliyini göstərirlər, atasının zülmünü özəlliklə qabardır, iranlıların Yəzdigürdə nifrət etdiklərini söyləyirlər, maddi yardım təklif edirlər, vaxt istəyir, gələcəkdə İranın şahının Bəhram olacağını bildirirlər;

- Bəhram iranlılara cavab məktubu yazır, Nizami bu məktub vasitəsi ilə onun kəskin siyasi zəkasını, diplomatiya bacarığını, liderlik imkanlarını, uzaqgörənliyini, ağlının gücünü ortaya qoyur;

- Bəhram deyir ki, hakimiyyət haqqından əsla əl çəkməyəcək, İranın şahı olmaq onun halal haqqıdır, o, bu halal haqqını ya savaş, ya da barış yolu ilə qazanacaq;

- O, şahı olacağı İran xalqına əziyyət vermək, onların nifrətini qazanmaq istəmir, ona görə də barış yolunu seçir;

- Bəhram cavab məktubunda iranlıların qəlbini qazanmaq, ağıllı, cəsarətli, iradəli, ədalətli olduğunu göstərmək üçün bu anlayışları önə çıxarır: din bağı qurur - Allaha inandığını söyləyir, atası ilə arasına məsafə qoyur, onun zülmünə görə üzr istəyir, vədlər verir, deyir ki, mənim hakimiyyətim zamanı qəddarlıq, özbaşınalıq olmayacaq, ədalət bərpa ediləcək, vergilər azaldılacaq, hər kəsin canı, malı, şərəfi qorunacaq, qərarlar məsləhətlə qəbul olunacaq, vəzifələr ağıllı adamlara veriləcək, yeni fəthlər olacaq, İran xalqı zənginləşəcək, Allahın və insanların rizasını qazandıracaq işlər görəcəyəm, O, İranı idarə etmiş nəslinin böyük şahlarını yada salır, İranın şahı olmaq mənim haqqımdır deyir, güclü, qətiyyətli olduğunu ifadə edən sözlər seçir, deyir ki, kimsənin Bəhramın hakimiyyətə gedən yolunu kəsmək imkanı, gücü, haqqı yoxdur, artıq hər kəs bilsin ki, Bəhram İranın şahıdır;

- Bəhram hakimiyyət uğrunda mübarizənin barış yolu ilə həll olunmasının yolunu açmaq üçün iti zəkasının, sarsılmaz cəsarətinin, uzaqgörənliyinin göstəricisi olan bir təklif irəli sürür, deyir ki, iki vəhşi, itipəncəli, acıqlı, ac, alovlu ağzından tüstü püskürən, nərildəyən şirin ortasına şahlıq tacı qoyulacaq, mərasim insanların gözü qarşında təşkil olunacaq, kim o şirlərin arasından tacı götürsə, İranın şahı sayılacaq; 

- İranı idarə edənlər bu təklifi qəbul etmək məcburiyyətində qalırlar, belə ki, rədd etsələr, savaşmalıdırlar, savaşmaq imkanları da yoxdur, düşünürlər ki, tacı ilk olaraq Bəhram götürməlidir, bu zaman o, ölə bilər, hakimiyyət də onlara qalar;

- iyirmi iki yaşı yenicə tamamlanan Bəhram Gur iki azğın şirin başını ayaqları altında tutur, pəncələrini parçalayır, dişlərini qırır, öz başını və tacı xilas edir, şir olan Bəhram taxta oturur, tülkülər taxtdan yıxılırlar;

- İranın şahı olan qoca Bəhramı "bütün iqlimlərin şahı", "dünyanın şəhriyarı" adlandırır;

- din xadimləri ona "cahanın şahı" deyirlər;

- şahlar ona "şahlar şahı" adını qoyurlar;

- İranın siyasi, hərbi, dini elitası Bəhramın şahlığını qəbul edir - könüllü qərar verən də var, məcbur olan da;

- Bəhramın siyasi zəfərinin səbəbləri bunlardır: ağıllı, cəsarətli, iradəlidir, siyasəti, diplomatiyanı gözəl bilir, idarəçiliyi bacarır, hədəfi var, özünə güvənir, çalışqandır;

III "BƏHRAMIN ƏDALƏT XÜTBƏSİ" ADLI BÖLMƏNİN ŞƏRHİ

GİRİŞ

"Yeddi gözəl" məsnəvisinin "Bəhramın ədalət xütbəsi" alı bölməsi orijinalda da, tərcümədə də iyirmi iki beytdir. Bir fərq var ki, orijinal mətndə bu adda ayrıca bölmə yoxdur. "Bəhramın öz atasının yerində taxta əyləşməsi" adlı bölmə var, adını çəkdiyimiz hissə də bu fəslin içindədir.

Tərcümədə başlığa çıxarılmış "nitq" sözü də orijinalda yoxdur, onun yerinə "xütbə" qəlibi var. Bu söz mətnin məzmununa, Bəhramın dövründəki siyasi anlayışa, adət-ənənəyə uyğundur. Belə ki gələnəyə uyğun olaraq yeni şah xütbə oxuyur, hakimiyyətinin yol xəritəsini, idarəçiliyinin əsaslarını açıqlayır, xalqla ünsiyyət qururdu. Onu da bildirək ki, "xütbə" sözü ərəbcədir, "x-t-b" kökündəndir, "danışıq",  "gözəl danışma", "dini məzmunlu söhbət" (imam cümə günü, cümə namazında, namazdan öncə möminlərə xütbə oxuyur, onlara öyüd verir, gözəl danışığı olan da "xətib" adlanır) anlamlarını daşıyır.

Nizami niyə məhz "xütbə" sözünü seçmişdir? Səbəbləri sıralayaq: hər danışıq/nitq xütbə deyil, xütbə çox önəmli mövzuları / məsələləri əhatə edir, İranda çox önəmli, tarixi hadisə baş vermiş, zalım Yəzdigürd ölmüş, dövlət idarəçiliyində söz sahibi olan siyasi, dini, hərbi zümrə (elita) monarxiya idarəçilik sisteminin qanunlarını pozaraq hakimiyyət haqqı olmayan bir qocanı şah elan etmiş, Bəhram da hərbi, siyasi, diplomatiya gücünü birləşdirərək halal haqqı olan şahlığı geri almışdır, vəziyyətin yenidən dəyərləndirilməsinə ehtiyac var, xalq, keçmiş siyasi, dini, hərbi zümrə həyəcan içindədir, hər kəs yeni şahın - Bəhramın nə deyəcəyini, hansı addımları atacağını gözləyir, insanların çoxsaylı sualları var: Yəzdigürdün zülmü davam edəcəkmi? Bəhram verdiyi sözləri tutacaqmı? O, bağışlama, mərhəmət, ədalət, islahat, rifah yolunu seçəcək, yoxsa dar ağacları quracaq, qisas alacaq, zülm edəcək? Yoxsulluq, didişmə, parçalanma, nifrət, soyğunçuluq davam edəcəkmi? İran dövlətinin taleyi necə olacaq, zülm, qarışıqlıq nəticəsində dağılacaq, yoxsa ədalət və milli birliklə güclənəcək? Elə buna görə də Bəhramın proqramını, ölkənin inkişaf yolunu açıqlamasına ehtiyac var. Bu önəmli mesajları əhatə edən çıxışın adı da xütbədir, o, sıradan bir söz deyil, anlayışdır, içində siyasi, dini, hərbi, iqtisadi, mədəni, sosial anlamlar daşıyır. Nizami elə bir söz / anlayış seçmişdir ki, bu qəlib həm tarixi hadisə baş verdiyini, həm də çox önəmli, hər kəsi düşündürən mesajların olacağını ifadə edir. 

Nizami "Bəhramın ədalət xütbəsi" deyir. Yeni məqamda Bəhram Gur qəlibindəki "gur" sözünü atır, onu "şah" kimi tanıdır. Bu təqdimat biçiminin seçilməsinin səbəblərini sıralayaq: artıq keçmiş bitmişdir, gur ovlayan, gününü məclislərdə keçirən Bəhram Gur yoxdur, öz siyasi kimliyini, ağıllı, cəsur, iradəli olduğunu, siyasət və diplomatiya bacarığını göstərmiş Bəhram şah var, gur sözünün ixtisarı siyasi anlam yüklənmişdir, bir dövrün bitib yeni bir dövrün başladığını ifadə edir, artıq gurları deyil, xalqın qəlbini ovlamağa ehtiyac var, gurları oxla, yayla, xalqın qəlbini ədalətlə ovlamaq olar, o, artıq İranın şahıdır, İranın siyasi, hərbi, dini təbəqəsi (elita) və xalqı onu şah kimi qəbul etmiş, üstəlik, Bəhramı "bütün iqlimlərin şahı", "dünyanın şəhriyarı", "cahan şahı" adlandırmışdır, o, indi bir dövlətin, xalqın siyasi lideridir, bu siyasi yükün anlamını ifadə edən adlandırma Bəhram Gur deyil, Bəhram şahdır, onun şah titulu sadəcə nəsildən gələn bir miras deyil, öz gücü ilə qazandığı siyasi kimlikdir, halal haqdır, mən şahlığı əməyimlə haqq etmişəm mesajıdır, sən şahlığı əməyinlə, siyasi, hərbi, diplomatiya imkanlarınla, ağıl, elm, iradə, cəsarət və gücünlə qazansan, xalq şahlığını qəbul edər, səni istəməyənlər belə razılaşmağa məcbur qalar, o, gerçək şahdır deyər. 

"Bəhramın ədalət xütbəsi" başlığında "ədalət" sözü var. İranın şahı olan Bəhramın iyirmi iki beytlik ilk tanıtma xütbəsinin göbəyində ədalət anlayışı yer tutur, hər beyt, hər söz, hər məcaz, hər obraz bu anlayışın bir yönünü açıqlayır. Bəhramın İran xalqı, siyasi, hərbi, dini çevrələrlə ilk üzbəüz təmasında ədalət anlayışını önə çıxarmasının, xütbəsini bu ölçüyə uyğun qurmasının səbəbləri var: 

- "ədalət" ərəb sözüdür, "ayn-d-l" kökündəndir, ədalət hər kəsin, hər şeyin haqqını vermək, onları layiq olduğu yerdə tutmaq, hər varlıqdan ilahi təyinatına uyğun istifadə etməkdir, ziddi zülmdür, o da bir şeyi yerindən etməkdir;

- ədalət həm də siyasi anlayışdır, idarəçiliyin əsasıdır;

- dövlətin varlıq səbəbi ədaləti təmin etməkdir, bizdən öncəkilərin dediyi kimi, dövlətin imanı ədalətdir, bir dövlət inancsızlıqla deyil, zülmlə çökər;

- Bəhram xütbəsində ədalət anlayışını önə çıxararaq çoxyönlü mesajlar verir;

- ilk mesajı keçmişlə bağlıdır, o, atası Yəzdigürddən hər çeşid zülm görmüş İran xalqına deyir ki, artıq zülmün qaranlığı bitmiş, ədalət günəşi doğmuşdur;

- ey cəfakeş İran xalqı, Bəhram atasından fərqlidir;

- sizin ən çox ədalətə ehtiyacınız olduğunu bilirəm, onu təmin edəcəyəm;

- siyasi, iqtisadi, mədəni, dini zülmün kökünü kəsəcəyəm;

- Bəhram xalqla sağlam siyasi bağ qurmağın ən gözəl yolunun ədalət olduğunu bilir;

- İran xalqının güvənini qazanmaq, Bəhramla bağlı şübhələrini yox etmək, onları birləşdirmək, öz tərəfinə çəkmək istəyir;

- onlara ümid verir, ədalətin ən önəmli özəlliyi ümid, güvən verməsi, cəsarətləndirməsidir;

- deyir ki, ədalət ölkəmizə barış, mərhəmət, sevgi, güvən, bolluq gətirəcək, kini, düşmənliyi, yoxsulluğu, didişməni, nifrəti yox edəcək, hər birinizin haqqını qoruyacaq, milli birliyə yol açacaq, dövlətimizi gücləndirəcək, xalqla dövləti bir-birinə bağlayacaq, dövləti xalqın xidmətçisinə, qoruyucusuna çevirəcək;

- ey İran xalqı, bilin, yüzdə yüz əmin olun ki, Bəhram ədaləti təmin etmək üçün var;

Nizami Bəhramın ədalət xütbəsini "təptəzə dürr" (parlaq, canlı, diri) adlandırır, belə ki, dürrün əmələ gəlməsi çox ağrılı işdir, ədaləti təmin etmək də çox çətindir, ədalət dürr kimi səbir istəyən nemətdir, ədalət mənəvi nur qaynağıdır, dürr kimi parlaqdır, ədalət zülmün qaranlığını yox edir, ədalətin işi toplumu diriltməkdir, ədalət  dürr kimi çox dəyərlidir...

"Yeddi gözəl" məsnəvisinin "Bəhramın ədalət xütbəsi" adlı iyirmi iki beytlik bölməsini bir neçə hissəyə ayıra bilərik:

- Bəhram öncə hakimiyyəti qazanmasını Allahın lütfü kimi dəyərləndirir (səbəblərini şərh zamanı sıralayacağıq);

- o, Allahın yardımı ilə əldə etdiyi hakimiyyət nemətinə görə Ona şükür edir;

- deyir ki, bu nemətin şükrü ölkəni ədalətlə idarə etməkdir;

- Allaha söz verir;

- bilir ki, Allahın rizasını qazanmağın yolu insanları razı salmaqdır;

- insanların qəlbini, dəstəyini, güvənini qazanmağın şərti də ədalətli olmaqdır;

- Bəhram ədaləti necə təmin edəcəyinin yollarını açıqlayır;

- deyir ki, məndən ancaq günahkarlar, oğrular, canilər, yolkəsənlər inciyəcək;

- işini bilən insanlarla işləyəcəyəm;

- hər kəsdən düzlük tələb edəcəyəm;

- işini yerinə yetirməyən cəzalanacaq;

- itaətim ancaq Allahadır, Onun buyruqlarını yerinə yetirəcəyəm;

- insanlara gözəl əməllərimlə ümid verəcəyəm;

- hər kəsin təhlükəsizliyi təmin olunacaq;

- işlər məsləhətlə yoluna qoyulacaq;

- ədaləti təmin etməyin nə dərəcədə çətin olduğunu bilirəm, kimsə iradəmi sındıra bilməz, dirənəcək, qalib gələcəyəm;

- Bəhram ədalətin təmin olunmasına qarşı çıxanlara bəddua edir: onlar sevinc görməsinlər;

- o, hər kəsə ədalət, hər kəsə mərhəmət, hər insana xidmət hərəkatına başlayacağına, bu yolla da hakimiyyət nemətinin şükrünü yerinə

yetirəcəyinə inanır;

 BİRİNCİ BEYTİN ŞƏRHİ:

TANRI VERƏN NEMƏT MÜBARƏK OLSUN!

گفت کافسر خدای داد به من
این خدا داد شاد باد به من
 

O dedi: "Tacı mənə Tanrı bəxş etdi,

Bu Tanrı verən nemət mənə mübarək olsun! 

Bəhram iki vəhşi, itipəncəli, acıqlı, ac, ağzından alov çıxan, nərildəyən şirin arasından tacı götürdü, şahlıq haqqını geri qaytardı, təbrikləri qəbul etdi, heç ara vermədən ədalət xütbəsini söyləməyə başladı, bu hal bir sıra mesajlar verir: Bəhram baş verən hadisənin nə dərəcədə önəmli olduğunu bilir, İranda hakimiyyət dəyişir, hər an dəyərlidir, gecikmək olmaz, İran xalqı, başqa dövlətlər İranda baş verənləri diqqətlə izləyirlər, o dönəmdə İran dünyanın iki imperatorluğundan biridir, bu ölkədə baş verənlərin daxilə - xalqa, xaricə - dövlətlərə təsir gücü var, Bəhram vəziyyətə nəzarət etməlidir, bunun üçün gecikmədən proqramını açıqlamalı, xalqı öz ətrafında birləşdirməli, gücünü, İrana tam hakim olduğunu, dövlət (hakimiyyət) xalq birliyini göstərməlidir.

Nizami Bəhram üçün hər anın nə qədər önəmli olduğunu vurğulamaq məqsədi ilə birbaşa ədalət xütbəsinə keçir, ən qısa ifadə biçimini - "dedi" ("qoft") feilini seçir, "o dedi", "şah dedi", "Bəhram dedi", "ayağa qalxıb dedi", "xalqın hüzuruna çıxıb dedi", "insanlara təşəkkür etdi, sonra dedi" kimi vaxtı uzadan qəliblərdən imtina edir. Bu, həm də Bəhramın nə qədər ağıllı, hazırlıqlı, siyasət ustası olduğunu göstərir. Belə ki, o, ədalət xütbəsini hazırlamaq üçün vaxta, məsləhətçilərə ehtiyac duymur, məsələnin mahiyyətini dəqiq bilir, onu ən gözəl biçimdə ifadə etməyi də bacarır (Bəhram iranlıların məktubuna da vaxt ehtiyacı hiss etmədən birbaşa cavab vermişdi). 

O bilir ki, İran tarixinin həlledici dönəmlərindən biridir, hakimiyyəti qazansa da, hələ xalqın qəlbini qazanmamışdır, atasının zülmü İran xalqını ondan uzaqlaşdırmışdır, bu önəmli vaxtda İran xalqının könlünü fəth etməli, onu öz ətrafında birləşdirib gücünü göstərməli, İrana tam hakim olmalı, fürsət gözləyən düşmənlərinin baş qaldırmasına imkan verməməlidir. İran xalqının könlünü fəth etməyin də tək bir yolu var, o da ədalətdir. Elə bu ehtiyaca görə də gecikmədən ədalət xütbəsini xalqa təqdim etməlidir.

"Dedi" feilindən sonra "ke" / "ki" bağlayıcısı var, Nizami hər anın önəmini göstərmək üçün bu bağlayıcının "e" hərfini atmış, onu özündən sonrakı sözə birləşdirmişdir.

Bəhram dedi ki, tacı mənə Tanrı bəxş etdi. Orijinalda "əfsər" sözü var, tac mənasını daşıyır. Hökmdarların maddi hakimiyyət simvollarından biri də tacdır. Tac anlamını ifadə edən bu sözlərdən də istifadə olunmuşdur: "dihim", "əfsər", "külah", "börk", "imamə", "isabə", "dəstərçə" (fərqli məqamlara görə, hala uyğun tac biçimləri seçilmişdir).  

Nizami Bəhram dönəmində İran hakimiyyət gələnəyinə uyğun olan "əfsər" sözünü seçmiş, tarixi o tarixə bağlı anlayışlarla tanıtmışdır. 

Bəhram ədalət xütbəsini - siyasi proqramını açıqlamazdan öncə, ya da xütbənin başlanğıcında İran xalqına, dövlətin siyasi, dini, hərbi zümrəsinə, öz əsgərlərinə təşəkkür etmək ehtiyacı hiss etmir, belə ki, onların Bəhramın hakimiyyət haqqını geri almasında əməyi yoxdur: İran xalqı onu tələb etməyib, əksinə, atasının zülmünə görə ona qarşı olub, İranın siyasi, dini, hərbi seçkin zümrəsi öncə onun hakimiyyət haqqını əlindən alıb, sonra da Bəhramın hakimiyyətə gəlməməsi üçün bacardığı hər şeyi edib, öz ordusu da onun hakimiyyəti uğrunda savaşmayıb - savaşa ehtiyac olmayıb, məsələ diplomatik yolla həll edilib. Bəhramın anlayışı - inancı budur ki, zəfərin qazanılması iki yolla gerçəkləşib: a) Allah yardım edib; b) Bəhramın ağlı, cəsarəti, iradəsi, siyasət və diplomatiya bacarığı hakimiyyətə gedən yolu açıb; Bəhram monarxiya sisteminə uyğun siyasi liderdir, o, zəfərinə Allahdan başqa kimsəni ortaq etməz, bunu liderlik anlayışına yaraşdırmaz.

Nizami də birinci beyti - ədalət xütbəsinin başlanğıcını Bəhramın zəfərinə yol açan bu iki anlayışa görə qurub, söz seçimini bu ideyaya uyğunlaşdırıb. "Dedi", "ke", "əfsər" / "tac" qəliblərindən sonra "Xuda" - "Xoda" sözü gəlir, bu söz Allah adının deyil, əl-İlah adının qarşılığıdır. Allah sözünün heç bir dildə qarşılığı yoxdur, türk dilindəki Tanrı sözü də Allah adının deyil, əl-İlah adının qarşılığıdır. Allah əl-İlahdır, ibadətə layiq tək məbuddur. Bəhram deyir ki, əfsəri/tacı mənə Xuda verdi. O, ədalət xütbəsinin başlanğıcında niyə Allahı yada salır, Onun haqqını təslim etmək zərurəti hiss edir. Səbəbləri sıralayaq:

Birincisi, Allaha inanır, iranlılara yazdığı cavab məktubunun başlanğıcında bunu açıqca ifadə edir, bu sözlərə yer verir: "Ata (Yəzdigürd) allahlıq iddia etsə də, Mən Allahı sevirəm, Onun ölçüləri ilə tərbiyələnmişəm".

İkincisi, monarxiya sistemini quranlar inanır, xalqı da inandırırlar ki, onların hakimiyyətinin qaynağı Allahdır, Allah insanlar arasından onları seçib. Onun seçdiyindən başqa kimsənin hakimiyyət haqqı yoxdur, hakimiyyət seçilmiş ailənin ortaq malıdır, atadan oğula keçir, onlara qarşı çıxmaq Allaha qarşı çıxmaqdır.

Üçüncüsü, Bəhram xütbəsinin ilk addımında hakimiyyətinin qaynağı Xudadır fikrini mərkəzə qoymaq, özəl vurğulamaq üçün bir beytdə iki dəfə Xuda sözünə yer verir, hər misraya Xuda sözünü yerləşdirir. Ancaq burada da incə bir məqam var, bu, tərcümədə nəzərə alınmayıb. Belə ki "Xoda" sözü birinci misrada "Xodai", ikinci misrada isə "Xoda" biçimindədir. "Xoda" sözünün sonundakı "yə" hərfi müəyyənlik artiklı rolunu oynayır, "Xoda" sözünə o Allah ki, hakimiyyəti bizim nəslə verən, bizi seçən, mənə də zəfər bəxş edən Allah anlamlarını yükləyir, deyir ki, Onun seçdiyinin qarşısında kimsə dura bilməz, ey İran xalqı, ey dostlar və düşmənlər, bilin ki, bu gün İranın şahı Allahın seçdiyi Bəhramdır.

Dördüncüsü, Bəhram Xuda/Xoda özünə iki dəfə yer verdi, məni Allah seçdi fikrini mərkəzə yerləşdirdi ki, dindar İran xalqı ilə, ciddi təsir gücü olan din xadimləri ilə könül bağı qura bilsin, onları öz tərəfinə çəksin, mən də sizdənəm, eyni dinə mənsubluq (zərdüştlük), eyni Allaha inanırıq.

Beşincisi, Bəhram bu yolla həm də onu deyir ki, mənə qarşı çıxan Allaha qarşı çıxmış olacaq, bunun da cəzası çox ağırdır.

Altıncısı, Allah inancının önə çıxarılması Bəhramın ədalət vədinin təminatıdır. Belə ki, monarxiyada hakimiyyət bir şəxsin əlində cəmlənir, şaha nəzarət imkanı yoxdur. Bir nəzarətçi qalır, O da Allahdır, yəni ey İran xalqı, Allahı şahid tutaraq söz verirəm ki, ədalətli olacağam, mənə inana, güvənə bilərsiniz.

Yeddincisi, Allah inancının önə çıxarılması Ona dillə şükrün ifadə biçimidir, əməli şükrün təsdiqi isə ədaləti təmin etməklə gerçəkləşəcək.

Səkkizincisi, Bəhram deyir ki, əfsəri/tacı mənə Allah verdi. Allah hakimiyyəti necə verir? Bu ölçünü necə anlamalıyıq? Sıralayaq: 

- Allahın zəfər qanunu var, bu ilahi zəfər yazılı
- Allahın zəfər qanunu var, bu ilahi zəfər yazılımının ölçüləri dəyişməz;

- Allahın təsadüf adlı qanunu yoxdur;

- O, heç kimə heç nəyi təsadüfən verməz, hər şeyi bir ölçüyə bağlayar;

- qanunları əsla dəyişməz;

- Onun qanunlarına əməl edən uğur qazanar;

- Allahın zəfər qanununun içində bunlar var: ağıl nemətindən doğru istifadə et, çox çalış, peşəkar ordu hazırla, onu maddi, mənəvi dəyərlərlə silahlandır, hərb elmini öyrən, orduya layiq olanı lider seç, düşmənini tanı, cəsur, iradəli ol, siyasət və diplomatiyanı dərindən öyrən, zəfəri Allahdan bil - səndən hərəkət, Ondan bərəkət, Allaha dua et, savaş zamanı və zəfər qazananda həddi aşma, zəfər sərxoşu olma, məğlub tərəfə zülm etmə;

- zəfəri özündən bilsən, onun köləsi olacaqsan, nəticədə, Allahın məğlubiyyət qanunu işə düşəcək, təkəbbür məğlubiyyətə yol açacaq, zəfər əldən gedəcək, həlak olacaqsan;

Deyə bilərik ki, Bəhram Allahın zəfər qanununun bütün şərtlərinə əməl etmiş, Allah da ona hakimiyyət vermişdir. Allah haqq edənə verər. Onun verdiyi hakimiyyət nemətinin davamı ədalətlə mümkündür, bu da ilahi qanundur. Zülm ortaya çıxsa, nemət əldən gedər, bu da Allahın qoyduğu ölçüdür.

Dedik ki, Bəhram ədalət xütbəsinin ilk beytində (başlanğıcında) Allahı və özünü önə çıxarır, deyir ki, hakimiyyəti (zəfəri) verən Allahdır, O, Bəhramı seçdi, onu bu nemətə layiq gördü, siz də Allahın seçdiyini qəbul etməlisiniz. O, seçilmiş Bəhram tezisini vurğulamaq üçün iki yoldan yararlanır: a) mən əvəzliyini "mənə" ("be mən") biçimində iki dəfə işlədir, hər misraya yerləşdirir, birinci misrada Xoda/Xuda, O Xuda ki, seçim Ona aiddir, O, tacı-əfsəri mənə (kimsəyə deyil, məhz mənə) verdi, ikinci misrada isə Xudanın verdiyi (hakimiyyətin gerçək qaynağını yenə vurğulayır) bu nemət mənə (məhz mənə) mübarək olsun mənalarını yüklənir; b) "mənə" ("be mən") qəlibini açıq görünən, yadda qalan, mesaj verən yerə-rədif mövqeyinə yerləşdirir; "Be mən" ("mənə") vurğusunun təkrarı sevinci, gücü, haqq etməyi, qüruru, eləcə də seçilmişliyin, şahlığın verdiyi təkəbbürü ifadə edir.

Bəhram Allahın verdiyi hakimiyyət mənə mübarək olsun deyir, mübarəkdir demir, "mübarək olsun" dua, şükür qəlibidir, gələcəklə bağlı arzudur. "Mübarək" sözü ilə "bərəkət" sözü ərəbcədir, eyni kökdəndir, bir şeyin mübarək/bərəkətli olması içində üç məna daşıyır: a) xeyirlidir (zərərli, haram, şər olan şeylərə mübarək olsun deyilməz), hakimiyyət çox böyük, xeyirli nemətdir, təyinatına uyğun istifadə olunsa, insanlara çox xeyir verər; b) çoxdur - bərəkətli/mübarək olan nemət çox olandır, hamıya aiddir, ondan hamıya pay çatar, hakimiyyət elə deyilmi?; c) davamlıdır - bərəkətli olan davamlı olandır, bir ana, dönəmə bağlı deyil;

Allahın Bəhrama verdiyi hakimiyyət nemətinin mübarək olması (o, mübarək olsun deyir) nəyə bağlıdır? Cavab birmənalıdır, ədalətə. Hakimiyyət neməti ədaləti təmin etsə, ədalətlə mayalansa, mübarək olacaq. Ədalət nemətə bərəkət verir, zülm nemətin bərəkətini yox edir.

İKİNCİ BEYTİN ŞƏRHİ:

ALLAHA ŞÜKÜR OLSUN!

بر خدا خوانم آفرین و سپاس
کافرین باد بر خدای شناس

Tanrıya şükür və alqışlar olsun!
Tanrını tanıyana afərin olsun!   

Bəhram hakimiyyət nemətinin sahibi Allahdır (ancaq bir tək Odur), O, bu neməti məhz mənə verdi, məni seçdi ölçüsünü gündəmdə tutur, fərqli biçimlərdə təkrar edir ki, məsələ yaxşıca, doğru anlaşılsın, İran xalqı bu fikri qəbul etsin, nəticədə, Bəhramla xalqın ünsiyyəti qurulsun, xalq ona inansın, arxasınca getsin.

Beytdə hakimiyyəti mənə Allah verdi ölçüsü bu yollarla təqdim olunmuşdur: 

Birincisi, Xoda / Xuda sözünə iki dəfə yer verilmiş, bu qəlib hər misraya yerləşdirilmişdir, birincisi Xoda, ikincisi Xodai (tanınan, bilinən, o Xoda ki, hakimiyyətin qaynağıdır və bu neməti mənə verdi) biçimindədir.

İkincisi, beyt Allaha şükür ifadə edən sözlərlə doludur: "afərin" sözünə iki dəfə, "sepas" sözünə bir dəfə yer verilmişdir. "Afərin" sözü "afərin oxuyuram", "afərin olsun", "sepas" sözü isə "sepas oxuyuram" biçimindədir. "Afərin" sözü bu mənaları əhatə edir: şükür, tərif, alqış, sevinc. "Allaha afərin oxuyuram", yəni Ona şükür edirəm, Ona borclu olduğumu bildirirəm, Onun qulu olmaqdan qürur duyuram, bunu özümə şərəf sayıram. Bu, nemətə görə şükrün dillə ifadəsidir, saleh əməllə ifadə biçimi də var, irəlidə görəcəyik. "Sepas" sözü də mətndə Allaha şükrü ifadə edir, içində bu mənaları daşıyır: təşəkkür, razılıq, məmnunluq. "Sepas oxuyuram" (hərfi tərcümə), yəni Allahımdan çox razıyam, hər şeyimi Ona borcluyam, Onu nemətin sahibi kimi tanıyıram.

Üçüncüsü, Bəhram "afərin olsun" qəlibini Tanrını tanıyana aid edir. O, "Tanrını tanıyanlara" demir, "Tanrını tanıyana" deyir, özünü nəzərdə tutur. Yəni ikinci beytdə də Allah və mən vurğusu var. Mənə də afərin olsun, halal olsun. Birinci misradakı "afərin" sözü Allaha bağlıdır, şükür mənasını daşıyır, şükür ancaq Allaha aiddir - nemətin sahibi də, o neməti verən də Allahdır. İkinci afərin sözü Bəhrama aiddir, şükür mənası daşımır, daşımaz, belə ki, insana şükür edilməz, ona görə də ikinci misrada "afərin olsun" ("afərin bad") biçimində olan bu qəlib yaşa, var ol, halal olsun anlamlarını yüklənir.

Dördüncüsü, o, Tanrını tanıyana afərin olsun deyərkən, özünü nəzərdə tutarkən "Xodai" qəlibini seçir, "Xoda" sözünə müəyyənlik əlaməti artırır, yəni O Tanrıya ki, o bildiyim, tanıdığım, inandığım, sevdiyim, itaət etdiyim Tanrıya ki, hakimiyyət nemətinin sahibidir və o neməti mənə verdi.
Beşincisi, iki misra arasında "ke"/"ki" bağlayıcısı var, misraları formaca, məzmunca bir-birinə bağlayır. Bu mənanı ortaya çıxarır: Allahı tanımaq bütün nemətlərin, o sıradan hakimiyyətin sahibinin Allah olduğunu bilməkdir, neməti verən də Odur, Allahı tanımaq Onun buyurduğu kimi yaşamaqdır, Onu tanıyan (elm) Onu sevər, Onu sevən Ona iman edər, Ona iman edən Onun buyurduğu kimi yaşayar. Bəhram niyə özünə afərin olsun deyir? Bu, Allaha kim şükür edər sualının cavabıdır. Allahı haqqı ilə tanıyan Ona şükür edər, Ondan razı olar. Bəhrama ona görə afərin olsun, halal olsun ki, o, Allahı haqqı ilə (doğru) tanımış, ona verilən hakimiyyət nemətinin sahibinin Allah olduğuna ağıl və qəlbinin bütün gücü ilə inanmış, bunu dili ilə ifadə etmiş, ədalət əməli ilə dəstəkləyəcəyinə söz vermişdir. Şükrün anlamı da budur: nemətlərin sahibini tanı, onlardan təyinatına uyğun istifadə et.

Altıncısı, Bəhram mən vurğusunu bu biçimlərdə ifadə edir: a) beytin birinci misrasının tərcüməsi doğru deyil, tərcümə belədir: "Tanrıya şükür və alqışlar olsun!" Burada Allah və Bəhram (mən) ölçüsünə uyğunsuzluq var. Orijinal mətn belədir: "Allaha şükür və alqış edirəm / Allaha afərin deyir, razılıq edirəm". "Xanəm" (oxuyuram) feilinin sonundakı şəxs sonluğu məni önə çıxarır, qeyri-müəyyənlik yoxdur, şükür edən mənəm, belə ki, hakimiyyət nemətinin sahibi onu məhz mənə vermişdir; b) ikinci mən vurğusu da Tanrını tanıyana - Bəhrama afərin olsun cümləsi ilə ifadə olunmuşdur, Tanrını tanıyan da, tanıdığıma görə şükür edən də mənəm. 

Yeddincisi, ədalət xütbəsindəki Allah və mən vurğusu dəyişim, dönüşüm, qorxu, qeyri-müəyyənlik halı yaşayan İran xalqına nə deyir? Deyir ki, Allahın seçdiyi Bəhrama inanın, güvənin, onun ətrafında birləşin, o, sizi zülmün qaranlığından ədalətin nuruna çıxaracaq.

ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ:
NEMƏTƏ ARXA ÇEVİRMƏRƏM!

پشت بر نعمت خدا نکنم
شکر نعمت کنم چرا نکنم

Tanrının nemətinə arxamı çevirmərəm,
Onun nemətinə görə şükür edirəm, niyə etməyim? 

Bəhram nemətlərin, o sıradan hakimiyyət nemətinin sahibi Allahdır, O, məni seçdi, neməti məhz mənə verdi fikrini, Allah və mən ölçüsünü tanıtmağa, İran xalqının düşüncəsinə yerləşdirməyə, bu yolla da xalqı öz ətrafında birləşdirmək imkanları formalaşdırmağa davam edir. Bu ölçüdə Allah yaradıcı, hər şeyin sahibi, Bəhram isə Onun qulu statusundadır. Üç beytdə beş "Xoda"/"Xuda", altı "mən" sözü fərqli biçimlərdə (Xoda, Xodai, mən, şəxs sonluğu) işlədilmişdir.

Bəhram hakimiyyəti nemət kimi dəyərləndirir. "Nemət" sözü ərəbcədir, "yumşaq olmaq", "parlaq", "gözəl olmaq", "rifah içində yaşamaq", "sevinmək" kimi anlamlar daşıyan "nam" sözündən törəmişdir, bu mənaları var:

- "lütf edilən şey";

- "nemət";

- "yaxşı vəziyyət";

- "yaxşılıq";

- "gözəl";

Qurani-Kərimdə "nemət" sözünə cəmi ilə birlikdə əlli dəfə yer verilmiş, daha çox "Allahın neməti" biçimində işlədilmişdir. Allah buyurur:

- Onun kitab göndərməsi nemətdir; 

- Allahın iki qəbilə arasındakı düşmənliyi dostluğa çevirməsi nemətdir; 

- insana lütf edilən hər şey nemətdir;

- Onun nemətləri saysız-hesabsızdır;

- nemətlərin maddi, mənəvi olanları var;

- Allahın açıq, gizli nemətləri var; 

- din nemətdir; 

- Allahın ehsan etdiyi hər şey nemətdir;

- nemət verilməmiş insan, canlı, cansız varlıq yoxdur;

Bəhram hakimiyyətin nemət olduğunu söylədi, ancaq bu neməti Allahdan ayırmadı, Allahın neməti dedi, bu yolla mesajlar verdi:

- bütün nemətlər, o sıradan hakimiyyət neməti çox dəyərlidir;

- nemətləri yaradan Allahdır;

- nemətlərin sahibi Odur;

- O, nemətləri hər an yaradır, bütün qullarına paylayır;

- bəzi nemətlərini seçdiyi qullarına verir, bu, onları çox sevdiyi, ya da sevmədiyi anlamına gəlmir, O, bir sıra qullarını da hakimiyyətlə sınayır;

- o, "nemət" sözünə iki dəfə yer verir, onun dəyərini önə çıxarır, təkrar önəmi, sevinci ifadə edir - insan sevdiyinin adını dilindən düşürməz;

Bəhram Allahın ona verdiyi nemət qarşısında tutumunu ifadə edir, qətilik bildirən frazeoloji birləşmədən yararlanır, məcaz seçir ki, sözü daha təsirli olsun, Allaha verdiyi vədi yerinə yetirəcəyinə, sədaqətinə hər kəs inansın. Elə buna görə də Allahın nemətinə əsla arxa çevirmərəm deyir, nankor, xain olmayacağını vurğulayır. Bu ölçünü önə çıxarır: hər nemətin şükrü var (şükür istəyir), bu nemətlərin şükrü öz cinsindəndir, məsələn, insan olaraq yaradılmağın şükrü Allaha təslim olmaqdır, ağlın şükrü düşünmək, qəlbin şükrü iman, vicdanın şükrü mərhəmət, iradənin şükrü doğrunu seçməkdir, o halda, Allahın hakimiyyət nemətinin şükrü nədir? Ədalətli, mərhəmətli olmaqdır, insana xidmətdir, hakimiyyətin vəzifəsi ədaləti təmin etməkdir. Hakimiyyət nemətinin şükrü yerinə yetirilsə, nə olacaq? Nemət artacaq, davam edəcək, bərəkəti çoxaldacaq, ədalət ölkəyə ümid, barış, rifah gətirəcək. Allahın hakimiyyət nemətinə arxa çevirsən, nankor, xain olsan, hansı nəticələr ortaya çıxacaq? Öncə onu deyək ki, hakimiyyət nemətinə nankorluq etmək onu zülm vasitəsinə çevirməkdir. Bu halda, ölkədə nizam pozulacaq, yoxsulluq, didişmə, parçalanma, üsyan olacaq, zorakılıq, yalan, qorxu, cəhalət, saxtakarlıq meydan sulayacaq. Nəticədə, hakimiyyət neməti geri alınacaq. 

Nizami "Yeddi gözəl" məsnəvisində nemətə şükür etməməyin nəticələrini bu ölçülərlə açıqlamışdır: "...Allahın yaratdığı insanlar nemətə görə Ona şükür etmədikləri zaman bolluq onlar üçün darlığa çevrilər, onlar ruzilərini daşdan, dəmirdən çıxararlar".

Bəhram məsələni ikiyönlü (inkar-təsdiq) izah edir ki, mesajları doğru anlaşılsın. Öncə Allahın hakimiyyət nemətinə arxa çevirmərəm dedi, nankorluğu rədd etdi. İndi də Allahın hakimiyyət nemətinə münasibətdə nə edəcəyini (təsdiq) açıqlayır, yanlışın yerinə doğrunu qoyur, şükrün dəyərini önə çıxarır. Bu vasitələri seçir: 

Birincisi, beytdə fərqli biçimlərdə üç "etmək" ("kərdən") feili var, ikisi inkarda, biri təsdiqdədir, bu feillər şükrü borc, vəzifə, Allaha itaət kimi tanıdır. Öncə Allahın nemətinə nankorluq etmərəm deyir, bunun imkansız olduğunu söyləyir, sonra ilahi nemətə şükür edərəm/etməliyəm, mənim işim, borcum, vəzifəm budur ölçüsünü açıqlayır, hakimiyyət nemətinin qarşılığı ancaq şükür olmalıdır, ağıllı insan bunu edər demiş olar, ey İran xalqı, Bəhrama yaraşan budur, o, şükrü seçmişdir.

İkincisi, Bəhramın nitqində "demək" deyil, "etmək" feili var, demək sözdür, etmək hərəkət, iş, əməldir. Öncəki beytdə şükrün dillə ifadəsi var idi (dilin şükrü): "Xudaya şükür olsun!" Bu beytdə isə şükrün əməli yönü açıqlanır: "nemətə şükür edərəm". Öncəki beytdə oxumaq/dillə söyləmək feili var, bu beytdə isə etmək feili seçilmişdir. Yəni nemətə şükrümü işimlə ortaya qoyacağam. Bu belə olacaq: birinci misrada "etmək" feili inkardadır, deyir ki, Allahın nemətini inkar etməyəcəyəm/ arxa çevirməyəcəyəm. Bu inkarın əməli yönü necə olacaq? Bəhram hakimiyyət nemətini zülm vasitəsinə çevirməyəcək. İkinci misradakı "etmək" feili təsdiqdədir: nemətə şükür etməliyəm. Bu təsdiq feilinin əməli yönü necə olacaq? Bəhram şükrünü ədaləti ilə gerçəkləşdirəcək. Bəhramın sözü ilə əməli birləşəcək, nəticədə, xalq ona inanacaq, ətrafında birləşəcək, ölkəyə barış, rifah, hüzur gələcək, onun hakimiyyəti davamlı olacaq.

Üçüncüsü, Bəhram bədii sual seçir niyə/niyə də etməyim deyir, sözünün təsir, inandırma gücünü artırır, nemətə şükrün önəmini vurğulayır, şükürdən başqa çıxış yolu qoymur, hakimiyyət nemətinin şükrünü bir yolla yerinə yetirmək olar: o da ədalətdir. Nemətə şükür etməliyəm, niyə etməməliyəm ki? Mənim borcum, işim, vəzifəm bu deyilmi? 

Dördüncüsü, Bəhram şükür anlayışına tərif verir (mənasını açıqlayır): deyir ki, sözlü, əməli şükür var, şükür nemətin Allahdan olduğunu bilmək, ondan ilahi təyinatına uyğun istifadə etməkdir. Şükür düşüncədə başlayır (neməti, onun sahibi Allahı tanı-tanımayan şükür etməz), düşüncədən dilə axır-şükrü dillə söylə, əməldə bitir - hər saleh əməl şükürdür. Nankorluq nemətə, onun sahibinə xəyanətdir, nəticəsi nemətin geri alınmasıdır. Şükür nemətə, onun sahibinə sədaqətdir, nəticəsi nemətin davamlı olması, artması, bərəkətlənməsidir. Zülm Allaha nankorluq, xəyanət, ədalət isə şükür, sədaqətdir. 

 

DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ:
ZƏFƏR ALLAHDANDIR

تاج برداشتن ز کام دو شیر
از خدا دانم آن نه از شمشیر

İki şirin arasından tac götürməyi,
Tanrıdan bilirəm, qılıncımın (gücündən) yox. 

Bəhram öncəki üç beytdə şərti desək, zəfərinin nəzəri hissəsini açıqladı, bu anlayışların izahını verdi:

- hər şeyin, o sıradan hakimiyyətin sahibi Allahdır;

- seçilmişlik - O, məni seçdi, haqq edən seçilər;

- nemət - hakimiyyət ilahi nemətdir;

Siracəddin HACI
AMEA Nizami adına Ədəbiyyat İnstitutu

525-ci qəzet”in özəl buraxılışı - 2 (27.10.21)

Ətraflı:

Buraxılş  Nizami Gəncəvinin 880 illiiyi münasitilə hazırlanıb, elmi redaktorları:
Professor Almaz Ülvi Binnətova
Dosent Aygün Bağırlı

Siracəddin Hacı AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir, türk, rus, fars, ərəb, ingilis dillərini bilir. Nizami Gəncəvi irsi ilə bağlı on iki cildlik şərh yazmışdır. Qurani-Kərimlə bağlı iyirmi cildlik şərhi çapa hazırdır. Beş yüzdən çox məqaləsi Azərbaycanda və xaricdə nəşr edilmişdir. Radioda Qurani-Kərimlə bağlı beş yüzdən çox proqram hazırlamışdır, tələbələri dünyanın məşhur universitetlərində təhsil alırlar. 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan