» » » Üç ananın bir oğlu...


Üç ananın bir oğlu...

Onsuz da Biləsuvardan, doğma yurdumdan bir yazı üzərində işləyirəm içimdə. Hətta adını belə tapmışam yazımın. Adı belə olacaq: "Yurdum, səni necə öyüm?" 

Bu yazıda öyünməyə xan çinarı, buz bulağı olmayan, çaysız, bağsız, dillər əzbəri limonsuz, dünya bazarında pomidorsuz, narsız olan, dəniz səviyyəsindən ən hündürdə yerləşməyən, uşaqlarının həyatda gördükləri ilk yüksəklik Bakıya gələndə Qaradağın qara təpələri olan Biləsuvardan yazmaq istəyirəm. 
Yazıram yəni. Yazmaq istəyirəm ki, uzun illərdir içimdə bir axtarış olub. Hətta lap gənc yaşlarımdan rayona gedəndə jurnalist olduğumu bilən kimi adamlar anlaşıqlı, anlaşıqsız bu sualı veriblər mənə, bu Biləsuvardan niyə yazmırsan?!
Ay kişi, nə yazım axı? İçimdə və dilimdə bu cavab olub həmişə. Doğrudan da durduğu yerdə nə yaza bilər ki, adam? Yazım ki, Biləsuvarda dünyanın ən dadlı ənciri yetişir? Bəs Abşeronunku hara getsin? Yəni, bu məsələlərdə vurdumduymazlıq alınan şey deyil. İçimdəki bu uzun illərə söykənən axtarışlarım elə bir yerə gətirib çıxardı ki məni, düşdüyüm sanki burulğandır, heç cür çıxa bilmirəm içindən. 
Hələ on il əvvəl Mübariz İbrahimov fenomeni ortaya çıxanda belə yer, yurd faktorunu əsas saymamışdım. Sonra ən əzəmətli generallarımızdan Hikmət Mirzəyevin faktoru belə məni tam arxayın etməmişdi. Sonra neçə-neçə Vətən Müharibəsi Qəhrəmanı yetişdirən, ən çox şəhid vərən bölgələrdən biri yurdum bu gün məni elə heyrətləndirdi ki...

Bayaq Biləsuvara, doğulduğum Nərimankəndə getmişdim. Şəhidlərimizdən birinin, Əbilzadə Sübhanın ata evinə baş çəkdim. Şəhidimiz haqqında hazırlayacağımız reportaj uçün anasının da, atasının da danışmasını xahiş etdim. Otaqda iki qadın oturmuşdu. Eyni anda ikisi də bir-birlərini nişan verərək "anası odur, qoy o danışsın" dedilər. Çaşqın halda onlara baxırdım. İkisi də göz yaşları içində "sən danış" deyə bir-birlərinə israr edirdilər. Hələ də donub qalmışdım.
Vəziyyətə şəhidin atası müdaxilə etdi: "Mənim ilk evliliyimdən uşaq olmadı. İkinci dəfə ailə qurdum. İki oğlum, bir qızım doğuldu. Uşaqlara hər ikisi analıq elədi, birlikdə böyütdülər. Uşaqlarım hər ikisinə ana dedilər. Sübhan şəhid olandan sonra ikisinin də göz yaşları qurumur...".Atasından sonra Sübhanın bioloji anası sakit səslə israr edir ki, mən doğsam da, uşaqları o böyüdüb. Onu danışdırarsız... Bu boyda şokun üstündən heç on dəqiqə keçməmiş qonşu otaqda müsahibə verən bacısının səsini eşidirəm:
"Sübhan Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb gəlmişdi. Üç qəlpədən biri elə bədənində qaldı. Bir neçə gün evdə qalıb geriyə döndü. Gedəndə çox ağladıq - anaları da, biz də. Dedi ki, mən iki sağlam anamı burda qoyub yaralı Anamın dalınca gedirəm. Və getdi...".
Sübhan noyabrın 6-da Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Prezidentin sərəncamları ilə göstərdiyi şücaətlərə görə "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib.Gün batır, biz kənddən ayrılıb Bakıya qayıdırıq. Yol boyu gözüm dolur... Qəhərdən yox, amma. O yazımın materialını tapmağımdan, yurdumu necə öyəcəyimi bilməyimdən. Ay mənim çaysız yurdum, qarsız, ağacsız yurdum, dağsız, qoşa bulaqsız yurdum, sənin yetişdirdiyinə şükür. Oğul yetişdirən yurdum, axı səni necə öyüm? Sübhanın  evdən çıxarkən dediyi, "üçüncü anamı qorumağa gedirəm" sözünə nəsə tapıb yaza bilmirəm axı...

Elbrus Ərud
(“Qafqazinfo. az” 26.01.2021 )
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR