» » » Azərbaycan səmasının şahini Şəhid Gözəlov Xalid Həsən oğlu.


Azərbaycan səmasının şahini Şəhid Gözəlov Xalid Həsən oğlu.


Torpaqlarımızın azad edilməsi uğurunda şəhid olan qəhrəmanlarımızdan biri də baş-leytenant, hərbi pilot Xalid Gözəlovdur.Xalid Həsən oğlu Gözəlov 1996-cı ilin 4 noyabrında Biləsuvar rayonun Aşağı Cürəli kəndində anadan olub. O, 2002-ci ildə Zaqatalada 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olub.
Atasının işi ilə əlaqədar olaraq daha sonra məktəbi Biləsuvarda davam etdirməli olub. 2012-ci ildə Oktay Babayev adına orta məktəbdən məzun olub. Azərbaycan Ordusunun şəhid baş-leytenantı X. Gözəlov haqqında danışan qardaşı, Davud Gözəlov onun hərbi sahəyə olan böyük marağını xüsusi ilə diqqətə çatdırıb: "Xalid mehriban, dözümlü, səbrli, təmkinli, çox vətənpərvər insan idi. O, orta məktəbi bitirdikdən sonra ali məktəbə imtahan verərək ödənişsiz əsaslarla Texniki Universitetə daxil oldu. Amma orada oxumadı, çünki istəyi hərbi sahəyə idi. Daha sonra yenidən sənədlərini Dövlət Sərhəd Xidməti Akademiyasına verərək, istəyinə nail oldu (2012-2016). Akademiyanı bitirən kimi xüsusi bacarığına görə o, pilot vəzifəsinə təyin olunmuşdu. Xalid uşaqlıqdan idmanın güləş növü ilə məşğul idi. Saysız-hesabsız mükafatlar, medallar qazanmışdı. Çempion da olmuşdu. 2019-cu ildə baş leytenant rütbəsi almışdı". 
Davud Gözəlov deyir ki, Xalid öz işinə görə heç kəsi narahat etməyi sevməzdi: "O, müharibədən bir neçə gün əvvəl evə gəlmişdi. Amma müharibəyə gedəcəyini deməmişdi. 27 sentyabrda müharibə başladı. Xalid müharibə başlayandan 1 gün sonra şəhid olmuşdu. Onların yerinə yetirdikləri tapşırıqlar məxfi olduğu üçün hansı şəraitdə şəhid olduğunu bilmirik. Amma sonradan Füzuli istiqamətində şəhid olduğunu öyrəndik. 2-ci Fəxri Xiyabanda Polad Həşimovun dəfn edildiyi sırada dəfn olunub".
Qeyd edək ki, Xalid Gözəlov, Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Allah rəhmət eləsin!


 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan