» » VİDA SÖZÜ...Natiq müəllim onu özü qədər sevirdi...


VİDA SÖZÜ...Natiq müəllim onu özü qədər sevirdi...


"Hər an şagirdlərin arasındadı,
Kövrəlmiş bir səsdi, müəllim ömrü."
 

Natiq müəllim onu özü qədər  sevirdi...

 
Maksim Qorki deyirdi ki, insan kəlməsi əzəmətlə səslənir. Müəllim kəlməsi də əzəmətlə, bir qədər də ehtiramla səslənir. Bu gün o müəllimi xatırladıqca gözlərimizin önündə qayğılı, nigaran çöhrəsi canlanır. Daim axtarışda idi, elə bil nəyisə düşünür,  gözlərinin dərinliyində düşüncələri ilə qoşa  yol getdiyi sezilirdi.  Bəli, indi o, ruhlar dünyasının sakinidir. Fevralın 10-da gözlərini bu dünyaya əbədi yumub, torpaq əmanəti olsa da, amma onun işıqlı xatirəsi və xeyirxah əməlləri bizimlə yaşamaqda davam edir. Bizi görür, ondan danışıb, yazdığımızı hiss edir. Müdriklərin təbirincə desək, bizim dünya ömrünü xalqının xoşbəxt sabahı, rifahı üçün şam tək əridən belə ziyalıların nuru ilə işıqlanır. 


Haqqında sayğı və böyük ehtiramla danışdığımız Natiq Teymur oğlu  Əliyev 17 iyun 1949-cu ildə Biləsuvar rayonunda dünyaya göz açmışdı. İstər orta məktəb illərində, istərsə də ali təhsil aldığı zaman riyaziyyatı çox sevərdi. Elə sevərdi ki, rəqəmlər, düsturlar dünyasının romantikası onun düşüncələrini tamamilə bürümüşdü. Bu sevgi onu Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil aldığı dövrdən - 1971-ci ildən doğma rayonu Biləsuvarda təhsil alan (keçmiş Puşkin rayonu) şagirdlər aləminə çəkib gətirir. Natiq müəllim əvvəlcə şəhər 1 saylı 8 illik orta məktəbdə, sonradan isə şəhər 4 saylı tam orta məktəbdə öz ixtisası üzrə riyaziyyat fənnini tədris edir. Rayonun ən savadlı və təcrübəli pedaqoqlarından biri olur. Kifayət qədər dünyagörüşə və geniş erudisiyaya malik bu ziyalının dünya ədəbiyyatına bələdliyi, onu ünsiyyətdə olduğu hər bir adama sevdirirdi. Natiq Əliyev Çalışdığı kollektivlərdə həmişə qabaqcıllar sırasında olmuş, dəfələrlə rayon Maarif şöbəsi adından diplomlara, Fəxri fərmanlara layiq görülmüşdür.


Onun 43 illik pedoqoji fəaliyyəti boyunca təkcə ixtisası üzrə yetirdiyi yüzlərlə şagirdi bu gün ayrı-ayrı sahələrdə aparıcı vəzifələrdə, elm-təhsil ocaqlarında çalışmaqla Natiq müəllimin qarşısında əbədi ehtiramlarını ifadə edirlər. Bu gün onun yoxluğu yalnız doğmalarının, ailəsinin deyil, həm də müəllim kollektivinin, saysız-hesabsız şagirdlərinin könlünü sızladır. O, çox səmimi bir insan idi. Hər dəfə bizimlə görüşəndə məktəb illərində baş vermiş maraqlı hadisələri gülərək yada salar, keçmiş şirin xatirələrini həvəslə bölüşərdi. Amma son günlərinin bir səmimi  etirafını məncə heç unutmaq olmaz.
 Natiq müəllim:"Dərs dediyim- sinif rəhbəri olduğum məzunlarımız çox olub, amma 1988-ci il buraxılış sinfinin şagirdlərinin hər birini adla tanıyıram, qəlbimdə silinməz izləri var o uşaqların. Onlarda riyaziyyat fənninə olan sonsuz həvəs məni sanki, yenidən gəncləşdirmişdi, bilmirdim o ruh, o enerji məndə hardan idi. Dərsdən sonra da  sinfin riyaziyyatdan əlaçı uşaqları ilə məşqul olurdum. Həmin il bir sinifdən 15-ə yaxın oğlan və qızlar riyaziyyat imtahanından ən yüksək nəticə ilə ali təhsil ocaqlarına daxil oldular. Sevincimin həddi-hüdudu yox idi.  Amma yanılmamışdım, çox etibarlı çıxdılar. Harda çalışmaqlarından asılı olmayaraq, mənimlə hər gün maraqlanırlar, darıxmağa qoymurlar -Vüqar Kərimov, Xalid Əliyev, Vüqar Mirzəyev, İmran Qurbanov, Faxrəddin Mansurov, Mikayıl Abışov, Bahar Nəzərova... Sağ olsunlar!"


Natiq müəllim bu dünyada izini yaddaşlarda qoyub getmiş İlahinin sevimli bəndələrindən biridir. Burda belə bir deyim də yada düşür: "Natiq müəllim kimi insanlar təkcə evindən yox, həm də elindən gedir". Eldən gedənlər isə ruhən elin, obanın qəlbində həmişə yaşayır, xatırlanır. Şagirdi-1988-ci il məzunu  Vüqar Kərimov da həyatda tutduğu mövqeyə, uğur və nailiyyətlərə görə məhz Natiq müəllimə daim borclu olduğunu deyir:
 "Sinif rəhbərim, həm də riyaziyyat müəllimim idi, Natiq müəllim. Müəllimimdən eşitdiyim "Riyaziyyatı bilənə zaval yoxdur" - kəlmələri məni bu sehirli dünyayla doğmalaşdırdı. Peşəkar pedaqoqun, dərin zəka sahibinin, erudisiyalı ziyalının düşüncələrinin doğmalığında düşüncələrimə köçürürdüm. 10-cu sinfi bitirəndə artıq riyaziyyat fənni üzrə mükəmməl biliyə sahib idik. Bu mükəmməlliyimiz özünü qəbul imtahanlarında da ilk anda göstərdi. Əla qiymətlərlə instituta daxil oldum. Müvəffəqiyyətlə də bitirib müstəqil həyat yollarında doğru-dürüst yol seçmək şansı qazandıq. Allah rəhmət eləsin, məkanı cənnət, ruhu daim şad olsun!
Natiq müəllim 1971-ci ildən 2014-cü ilədək-65 yaşı tamam olanadək ömrünün tam 43 ilini sərasər gənc nəslin sağlam və savadlı böyüməsinə, xalqına millətinə sərf etmişdir. 2019-cu ildə onun 70 illik yubileyi çalışdığı şəhər  4 saylı orta məktəbdə sevimli kollektivinin, şagirdlərinin böyük coşqusu ilə qeyd olunmuşdur.  5 övlad, 13 nəvə sahibi olan Natiq müəllim, onu tanıyanların yaddaşında qayğıkeş insan, bacarıqlı müəllim, gözəl ailə başçısı, yüksək intellekt sahibi və  mədəni bir insan kimi qalmışdır. Şair İbrahim Yusifoğlu müəllim haqqında bu şeiri yazanda, sanki, onu məhz Natiq müəllimin ruhuna ithaf edib:
 
Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.


 
Ömrünün 73-cü baharında haqqa qovuşan Natiq müəllim, həqiqətən də, Biləsuvar təhsil aləminin bir parlaq ulduzu idi. O, qaranlıqlara nur saçan ay, dalğalı dəniz, ömründən, gözünün nurundan kəsib sonrakı nəsillərə pay verən böyük, möhtəşəm bir ürəyə sahib əsl müəllim idi. Dünya bundan sonra nə qədər duracaqsa, zaman nə qədər ölçüləcəksə, bütün bunlar riyaziyyat elminin rəqəmlərindən, düsturlarından kənarda qalmayacaq. O riyaziyyat ki, Natiq müəllim onu özü qədər sevirdi... Ruhu şad olsun!
 
Dərin ehtiramla, 1998-ci il məzunları adından: 
Surxay ŞAHBAZOV və Samir QURBANOV
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR