» » Müəllim adını daim uca tutan zəhmətkeş insan


Müəllim adını daim uca tutan zəhmətkeş insan

Deyirlər müəllim bağban kimidir. Ən gözəl çiçəkləri yetişdirir. Şikayət etmədən, yorulmadan onları qidalandırır və sulayır. 

“Bilesuvarinfo” xəbər verir ki, ömrünü yorulmadan gənc nəslin təlim-tərbiyyəsinə, təhsilinə həsr edən, pedoqoji  fəaliyyətində yüzlərlə yetirməsinin sevgisini qazanan Məhəmməd müəllimin 70 yaşı tamam olur .

Məhəmməd Qurbanlı –  hər bir biləsuvarlı üçün bu ad və soyad  kifayət edir ki, gözlərinin önündə ziyalı, müəllim, pedaqoq, və ən əsası doğru, dürüst şəxsiyyət və ləyaqətli vətəndaş obrazı canlansın. 

Biləsuvarda Məhəmməd müəllimi tanımayan yoxdur. Öz zəkasının nuruyla  yeniyetmə və gənclərin təhsil almasında, şəxsiyyət və vətəndaş kimi yetişməsində müstəsna xidmətləri olan Məhəmməd müəllimin yetirmələri respublikamızda ən müxtəlif sahələrdə - dövlət idraəetmə, hüquq mühafizə, təhlükəsizlik orqanlarında, ali, orta ixtisas və ümumtəhsil müəssisələrində çalışırlar. Təkcə ölkəmizdə deyil, bir sıra xarici dövlətlərdə Azərbaycanımızı ləyaqətlə təmsil edirlər. Şagirdlərinə  tədris etdiyi tarix fənni  ilə yanaşı,  aşıladığı vətənpərvərlik,  ailəyə, vətənə və dövlətə bağlılıq hissi sanki onların  ruhuna hopur. 

Məhəmməd müəllimin şagirdlərinə bir şəxsiyyət kimi münasibət bəsləməsi, onların cəsur, mərd, iradəli gənclər kimi böyüyüb formalaşmasında mühüm  rol oynayır. Şagirdləri sırasında  humanitar elmlər üzrə alimlər, müəllim və pedaqoqlar,  ölkəmizdə və olkəmizdən xaricdə yüksək vəzifə tutan dövlət idarəetməsi və özəl sahənin mütəxəssisləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşları, məhkəmə hakimləri ilə yanaşı Vətən Mühairəbəsi Qəhrəmanı, Şəhid və Qazi adına layiq görülmüş neçə-neçə biləsuvarlı igidlərdə  vardır.  

Məhəmməd müəllimlə ünsiyyətdə olmaq, onunla həmsöhbət olmaq, ən müxtəlif mövzularda, xüsusən də dünyanın və ölkəmizin tarixi, bu günü və sabahı barədə fikir mübadiləsi aparmaq hər kəsə zövq verir. Özünə məxsus danışıq tərzi, ifadə zənginliyi, həmsöhbətinin düşüncələrinə və ruhuna sirayət etmək bacarığı Məhəmməd müəllimin əsl  ziyalı və müəllim olduğunun təsdiqidir.

 Məhəmməd müəllim hazırda təqaüddədir. Onun hüzuruna gedib yubiley yaşını təbrik etdik. Xidmətlərini yada salıb, onun barəsində düşündüklərimizi  özünə dedik. Səmimi, qonaqpərvər  qarşılanma və həmişə olduğu  kimi təvəzökar münasibət.

 Qeyd edək ki, Məhəmməd Qurbanəli oğlu Qurbanlı – 23 dekabr 1951-ci ildə Biləsuvar rayonunda anadan olub.  Orta təhsilini Biləsuvar şəhər, Nizami Gəncəvi adına 1 saylı orta məktəbində alıb. Azərbayacn Dövlət Unuversitetində (indiki Bakı Dövlət Universiteti) ali təhsil alaraq, Tarix müəllimi ixtisasına yiyələnib. 

1972-1977-ci illərdə Biləsuvar rayon İnternat məktəbində, 1977-2020-ci illərdə Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə tarix müəllimi işləyib. Ali kateqoriyalı müəllim, tanınmış ziyalıdır.  Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin  04 oktyabr 2004-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” fəxri adına layiq görülüb. 

O, hal-hazırda təqaüddədir.  3 övladı, 4 nəvəsi var.

Məhəmməd müəllim, Siz biləsuvarlılar üçün bir dəyərsiniz. Sizin rayonumuzun və ölkəmizin təhsili sahəsindəki xidmətləriniz unudulmazdır. 

70 yaşınızın tamam olması münasibətilə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı arzulayırıq. Hələ bundan neçə illər sonra da əllərinizdən öpüb, doğum gününüzü təbrik etmək qismətimiz olsun. Ad günün mübarək, hər gününüz uğurlu və şən olsun, ruhunuzda xoşbəxtlik və sevginin parlaq şüası daimi olsun!.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan