» » Biləsuvarda taxıl səpini yekunlaşmaq üzrədir


Biləsuvarda taxıl səpini yekunlaşmaq üzrədir

Taxılçılığın intensiv inkişaf etdirildiyi Biləsuvarda builki payızlıq səpinlərində yüksək reproduksiyalı toxumlardan istifadə olunur.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən "Bilesuvarinfo" verilən məlumata görə, rayonda 34 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır.

Rayon taxılçılarına göstərilən dövlət qayğısı sayəsində bu vacib ərzaq məhsulunun istehsalına son illər maraq xeyli artıb. Hər il rayonda 30 min hektardan artıq sahədə dənli bitkilər əkilib-becərilir. Təkcə ötən il taxıl istehsalçılarına dövlət tərəfindən 5 milyon 333 min manatdan çox subsidiya ödənilib.

Hazırda növbəti məhsul üçün oktyabr ayından başlanılan payızlıq səpinlər uğurla davam edir. Fermerlərin builki hədəfi 20 min hektar sahədə buğda, 14 min hektar sahədə isə arpa səpinini həyata keçirməkdir. Bu günədək 29 min hektar sahədə səpin işləri başa çatıb. Əkilən sahələrin təxminən 45-50 faizində çıxış əldə edilib.
Fermer Rakif Bayramov deyib: “Oktyabrın 25-dən səpin aparırıq. Mənim demək olar ki, əkinlərim bu gün yekunlaşır. Müəyyən qədər suvarmışıq, əla çıxış da almışıq. Son illərdə əsasən “Dəyanətli” sortunu əkirəm. Məhsuldarlığı yüksək olduğuna görə, bu il 20 hektar sahədə əkmişəm”.

Respublika Toxumçular Assosiasiyasının idarə heyətinin üzvü, ekspert Mirsahib Zəkiyevin sözlərinə görə, bu il ölkə üzrə fəaliyyət göstərən 265 dövlət və özəl toxum təsərrüfatı 75 min hektar aprobasiya olunmuş sahələrdən 127 min tondan çox mənşəyi bilinən, yüksəkkondisiyalı toxum istehsal ediblər. Tədarük edilən məhsuldar taxıl sortlarının 1400 tona yaxını biləsuvarlı toxumçuların payına düşür: “Respublikada son 10 ildə taxıl toxumlarının xaricdən idxalı müəyyən səviyyədə azalmışdır. Əvvəllər 5-10 faiz daxili istehsal hesabına taxıl toxumu əldə olunurdusa, indi bu səviyyə ötənilkinə nisbətən 60 faizə yaxın təşkil edir. Yəni, bu, çox böyük nailiyyətdir. Ölkəmiz xaricdən toxum idxalına gələcək illərdə son qoymağa nail olacaq”.

Qeyd edək ki, ötən il əkilən 34 min hektardan çox taxıl zəmilərindən 94 min tona yaxın məhsul toplanılıb. Hər hektardan orta məhsuldarlıq buğdada 28, arpada isə 26,3 sentner olub.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan