» » Biləsuvarda payızlıq əkinlərin bəyan edilməsi ilə əlaqədar müşavirə keçirildi


Biləsuvarda payızlıq əkinlərin bəyan edilməsi ilə əlaqədar müşavirə keçirildi


29 noyabr 2021-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətində payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi ilə əlaqədar müşavirə keçirildi.

"BİLESUVARİNFO" xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, nazirliyin və  Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, kənd ərazi icra nümayəndələri və  bələdiyyə sədrləri iştirak ediblər.

Biləsuvar  Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov müşavirədə çıxış edərək rayonda kənd təsərrüfatı ilə məşğul olan mülkiyyətçilərin payızlıq əkinlərinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində vaxtında bəyan edilməsi ilə bağlı görülən işlərə toxundu və bu sahədə mülkiyyətçilər arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsini bildirdi.

Müşavirədə  iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirdi ki, Azərbaycan Respublikasının əkin dövriyyəsində payızlıq əkinlər xüsusi çəkiyə malikdir. Bu il ölkədə taxıl səpininin optimal müddətdə yekunlaşacağı proqnozlaşdırılır. Səpin prosesini başa çatdıran fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz əkinlərini bəyan edərək subsidiya almaq proseduruna start vermiş olurlar. Reqlamentə əsasən, fermerlərin öz əkinlərini bəyan etməsi üçün müddət dekabrın sonlarında başa çatır.  Əkinlərini son müddət başa çatmadan bəyan edən fermerlər artıq ilin ilk aylarında əkin subsidiyası almaq imkanı qazanırlar.İlin əvvəlində subsidiya alan fermer öz kartındakı vəsaitdən daha səmərəli istifadə etmək imkanı qazanır. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyi fermerləri öz əkinlərini son tarixi gözləmədən bəyan etməyə, bununla da dövlət dəstəyindən daha tez yararlanmağa çağırır. 

Müşavirədə  Aqrar Subsidiya Şurasının 2022-ci il üzrə bitkiçilik sahəsində əkin, məhsul və toxum əmsallarına dair qərarının müəddəaları, aqrokimyəvi analizin verilməsi zərurəti, səyyar gübrə satışı, müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verəcəyi üstünlüklər, subsidiyaların verilməsi prosesində gələn ildən tətbiq olunacaq yeniliklər barədə iştirakçılara geniş məlumat verilib.

Görüşdə 5 hektardan çox sahəsi olan fermerlərin əkin subsidiyası almaq üçün öz torpaqlarından aqrokimyəvi analiz verməsinin zəruriliyi, taxılçılıqda aqrar sığortanın tətbiqinin məhsul istehsalçıları üçün üstünlükləri, EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirmək qaydaları, ucqar ərazilərdə yerləşən kəndlərdə bəyan prosesinə köməklik göstərmək məqsədilə səyyar xidmətlərin təşkili və digər mövzularda müzakirələr aparılıb, fermerlərin təklifləri qeydə alınıb.

Mənbə: "Bilesuvar rayon icra hakimiyyətinin saytı"





Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan