» » Biləsuvarda şəhidlik zirvəsinə ucalan Məcidzadə Saleh Nəriman oğlu və Ağayev Saleh Nurəddin oğlunun xatirəsi ehtiramla anıldı


Biləsuvarda şəhidlik zirvəsinə ucalan Məcidzadə Saleh Nəriman oğlu və Ağayev Saleh Nurəddin oğlunun xatirəsi ehtiramla anıldı


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

BİLESUVAR-İH.GOV.AZ saytı xəbər verir ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.

12 oktyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Məcidzadə  Saleh Nəriman oğlunun və Ağayev Saleh Nurəddin   oğlunun xatirəsi ehtiramla anılıb.

Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri  şəhidlərin ata ocağını ziyarət edərək onların valideynləri ilə görüşüblər. Mərasimlərdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.Tədbir zamanı qəhrəman şəhidlərimizin məzarları ziyarət olunaraq, yaşadıqları evlərə vurulan xatirə lövhələrinin açılışı olmuşdur.

Ağayev Saleh Nurəddin oğlu - 30 aprel 1992-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur.Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Saleh Ağayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Saleh Ağayev 12 oktyabr  2020-ci il tarixdə Biləsuvar rayonu Günəşli kənd qəbristanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Saleh Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə"  və "Xocavəndin azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.

Məcidzadə Saleh Nəriman oğlu - 16 iyul 1994-cü ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. Saleh 2011-ci ildən universal idman növü ilə məşğul olmağa başlayıb. O, qatıldığı bütün idman yarışlarının qalibləri cərgəsində olub. Ordu idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edib.
2015-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Qusar rayonunda kəşfiyyat bölməsində xidmət edib. 2017-ci ildən xüsusi təyinatlı qüvvələrdə gizir kimi hərbi xidmətini davam etdirib. O, 2016-cı il aprel döyüşlərində və Tovuzda düşmən diversiya qrupunun məhv edilməsində iştirak etdiyinə görə komandanlıq tərəfindən təltif edilib.

Saleh Məcidzadə  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən Vətən müharibəsinə qatılaraq bir çox döyüşlərdə qəhrəmanlıq göstərib.  O, 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin düşməndən azad olunması zamanı şəhid olub. 12 oktyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Nəsimi kəndində  dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları  ilə  Saleh Məcidzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə, "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!






Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan