» » AQRAR SAHƏNİN İNKİŞAFI DAİM DÖVLƏTİN NƏZARƏTİNDƏDİR


AQRAR SAHƏNİN İNKİŞAFI DAİM DÖVLƏTİN NƏZARƏTİNDƏDİR


Ölkəmizdə qeyri neft sektorunun inkişafı üçün  həyata keçirilən genişmiqyaslı, məqsədyönümlü dövlət tədbirləri aqrar sahənin inkişafında nəzərəçarpacaq uğurlara gətirir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan aqrar islahatlar kursu prezident cənab İlham Əliyevin “ Kənd təsərrüfatının bütün sahələrinin inkişafı ölkəmiz üçün mühüm önəm daşıyır ” strateji xəttinə uyğun olaraq ötən 16 ildə aqrar sahənin vergilərdən azad edilməsi, supsidiyaların, güzəştli kreditlərin verilməsi və bu kimi digər mühüm dövlət tədbirləri uğurla icra olunur.

Haqqında danışacağımız bu sistemli dövlət tədbirləri nəticəsidə artıq ölkəmizin kənd təsərrüfatı məhsulları istehsalındakı artım özünütəminetmə səviyyəsini yüksəltməklə yanaşı, ixrac imkanlarını da genişləndirib.  Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən rayonda bu istiqamətdə görülən işlərdən söhbət açmaq üçün mərkəzin direktoru Nurəddin Quluyevlə görüşüb həmsöhbət olmuşuq.

- Nurəddin müəllim, ölkəmizdə aqrar sahənin idarə olunmasında yeni idarəetmə mexanizminin fəaliyyətə başlaması kəndlilərin işində nə dərəcədə faydalı olub?
Prezident cənab  İlham Əliyev ölkədə həyata keçirdiyi aqrar islahatlar çərçivəsində 2018-ci ildə imzaladığı müvafiq fərmanla Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilib, onların əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılması ilə Azərbaycanda aqrar islahatların yeni mərhələsinin başlamasını söyləmək olar. Fərmana əsasən DAİM yaradılmaqla Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunur, fermerlərlə əlaqələrin yaxınlaşdırılmasında elektron xidmətlər və innovativ texnologiyadan istifadə işi surətləndirilib. DAİM-in aqrar sektorda xidmətlərin göstərilməsində bir üstünlüyü mərkəzlərin nəzdində fermer və koordinasiya şuralarının yaradılmasıdır. Onlar aqrar sahənin inkişafı ilə bağlı təkliflər irəli sürür, fermerlərinin problemlərinin aradan qaldırılmasına kömək edir, ictimai nəzarəti həyata keçirməklə fəaliyyət prosesində şəffaflıq təmin edirlər.
Biləsuvar aqrar rayondur, insanların əsas məşğuliyyətinin torpaqla əlaqədar olması, bu sahədə qarşıya qoyulan vəzifələrin reallaşdırılması üçün mühüm addımların  atılmasını zəruri edir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən olunmuş əsas prinsiplər:fermerlərə yaxınlıq, səffaflıq, səmərəli idarəetmə, innovativ texnologiyaların tətbiqinin təşviqi fəaliyyətimizdə prioritetlər olmuşdur.

-"Vahid pəncərə” prinsipi, şəffaflığın artırılmasına hesablanmış “Elektron kənd təsərrüfatı” sisteminin tətbiqi necə mümkün oldu?..
- 2019-cu ilədən, yeni qaydalara görə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması alternativsiz olaraq “Elektron kənd təsərrüfatı” sistemi üzərindən həyata keçirilir.  Cari ildə bu sistemdə   10200-dən çox  fermer   21748  torpaq sənədini qeydiyyatdan keçirmişdir. Yazlıq əkinlərin və pambıq əkinlərinin təsdiq, bəyan və müraciətlərinin göndərilməsi işi başa çatdırılaraq, fermerlərə “Fermer kart” vasitəsilə nəzərdə tutulan ödənişlər çatdırılmışdır..
 Subsidiyalarla yanaşı, istehsal vasitələrinin də fermerlərə çatdırılması işində bütün bürokratik əngəllər, vaxt itkisi aradan qaldırılır. Rayonda fermerlərin istehsal vasitələrinə tələbatını təmin etmək üçün bir neçə təchizatçı ilə danışıqlar aparılmış və onların daha yaxşı xidmət göstərmələri üçün rayon ərazisində yerləşən boş anbarlardan istifadə etmələri  təklif olunmuşdur. Gübrə və pestisid satışında fermerlərin işinin rahatlığı məqsədilə, daha çox səyyari xidmətə üstünlük verilmiş, ümumilikdə ----  şirkət bu işə çəlb olunub. Bu məqsədlə DAİM-də Fermerlər Şurasının üzvləri və qabaqcıl fermerlərimizlə təchizatçı şəxslərin səmərəli görüşü təşkil olunmuş və təchizat işində onları maraqlandıran məsələlər barədə ətraflı müzakirələr aparılmışdır

Biləsuvarda kənd təsərrüfatının ənənəvi sahələrindən  taxılcılığın inkişafında hansı yenilikləri göstərmək olar?
Ölkə rəhbəri tərəfindən kənd təsərrüfatının intensiv yolla inkişafına nail olunması üçün qarşıya qoyulan vəzifələrin icrasının  həyata keçirilməsi öz bəhrəsini verir. Rayonumuz üçün ənənəvi sahələr olan taxılçılıq və pambıqçılıqda mühüm nailiyyətlər əldə olunmuşdur. Aparılmış geniş maarifləndirmə  işləri sayəsində aqrotexniki qaydalara əməl olunması, dövlət dəstəyi çərçivəsində fermerlərin güzəştli şərtlərlə  gübrələrdən və pestisidlərdən daha geniş istifadə etməsinəüçün əlavə imkanların yaradılması orta məhsuldarlığın daha yüksək olmasına gətirib.  
Rayonda toxumçuluq təsərrüfatlarının işinə dəstək davamlı olmuş, 2020-2021-ci təsərrüfat ilində fiziki və hüquqi şəxslər tərəfindən toxumluq taxıl sahələrinin əkini 34845 hektara çatdırılmışdır. Toxumluq taxılın keyfiyyətinin yüksəldilməsi üçün DAİM əməkdaşları və Nazirliyin yerli qurumlarının iştirakı ilə aparılan monitorinq başa çatdırılmışdır. Beləliklə, toxum materialı istehasalı  artırılaraq kondisiya çəkidə 1000 tona çatdırılması gözlənilir. 

- Cari ildə taxılçılıqda  məhsuldarlıq qanedicidirmi?
2021-ci ilin məhsulu uçün əkilmiş   34845 ha taxıl sahələrindən 55461,3 ton  arpa, 38834,4 ton   buğda məhsulu toplanıb. Orta məhsuldarlıq 27,1 sentnerə çatmışdır. Bu isə 2020-ci ildəki orta məhsuldarlıqdan 2,5 sentner çoxdur.
Böyük zəhmət hesabına yetişdirilmiş məhsulu qisa zamanda və itkisiz toplamaq üçün mövcud taxılbiçən kombaynlar parkı ilə yanaşı qonşu rayonlardan da texnikaların cəlb olunması təmin edilmiş,ümumilikdə taxıl biçinində 80 ədəd taxılbiçən kombaynın iştirakı baş tutmuşdur..

-Ağ qızılı ilə məhşur olan Biləsuvar əvvəlki şöhrətinə qayıdırmı?
Bu istiqamətdə görülən  işlərdən daha artıq  danışmaq olar.  Rayonda dövlət dəstəyi sahəsində aparılan işlərin əyani nəticəsi, 2019-cu il pambıqçılıq sahəsində rekord nəticə olub. Rayonumuzun fermerləri  torpaq islahatlarından sonra  30 min ton həddini ilk dəfə aşmış, 30706 ton xam pambıq toplayaraq hər hektardan 29,9 sentner məhsuldarlıq əldə etmişlər. Bu da Respulikada tədarük olunmuş xam pampığın 10%-dən çoxdur. 2020-ci ilin pambıq mövsümündə suvarma suyunun qıtlığı yaşasan da, əkin aparılmış 10041 ha sahədən 28333 ton və ya hər hektardan 28,2 sentner xam pambıq toplanmasına nail olunmuşdur.
 Yeni pambıq mövsümü üçün artıq 8440,0  ha sahədə müqavilələr bağlanılaraq, pambıq əkini aparılıb. Su qıtılığı nəzərə alınaraq əkin sahələri bir qədər az olsa da, məhsuldarlığın artırılması qarşıdakı hədəflərdəndir.  Hazırda sahələrdə becərmə işləri başa çatmışdır. Pambıqçılıqda qarşımızda duran əsas vəzifələrdən biri, bu ilki mövsümdəfermerlər arasında maarifləndirmə işlərini daha da genişləndirməkləmütərəqqi əkin texnologiyalarının, innovasiyaların tətbiqinə nail olunmasıdır. Cari mövsümdə  pambıq əkilərinin 438  hektara yaxını tədarükçü müəssisələrin dəstəyi ilə mütərəqqi texnologiyalar tətbiq olunmaqla aparılıb.

-Rayonda salınmış nar bağlarından keyfiyyətli məhsul götürülmüşdür...
- Dünya bazarında böyük təlabat olan nar şirəsinin və emalının ixracı məqsədilə son illər Biləsuvar rayonunda geniş nar bağları da salınıb. Biləsuvarda 10 il öncə əkilən nar bağları artıq öz məhsuldar dövrünü yaşayır. Ötən il təsərrüfat sahiblərinin topladığı  43937 tondan çox məsulun 50 faizə qədəri “Azərbaycan brendi” ilə  xaricə ixrac olunub. Dadına və keyfiyyətinə görə meyvələrin şahı sayılan Azərbaycan narı ölkə hüdudlarında tanınır.

- Bəs bütün bu məhsulların yetişdirilməsində torpaqların keyfiyyətinə nəzarət üçün aqrokimyəvi analizlərinin aparılması işi mümkün olurmu?
-  Torpaqların aqrokimyəvi analizlərinin aparılması ilə bağlı fermerlər arasında maarifləndirmə tədbirləri genişləndirilir. Belə ki, 2020-ci ildə 42 fermer  1737 hektar sahəsinin aqrokimyəvi analizlərinin aparılması üçün müraciət etmişdir. Cari  ildə isə bu rəqəm 432 fermer üzrə 18616 hektar sahədə təşkil etmişdir.   
Onu da qeyd edim ki, rayonumuzda vaxtı ilə fəaliyyət göstərmiş Bioloji Laboratoriyanın bərpa olunmasına çalışırıq . Bununla rayonumuzda  3,0 min hektar pambıq sahəsində trixoqrammalar vasitəsi ilə pambıq sovkasına qarşı bioloji mübarizəni təmin etmək olarıq.

Xəstəlik, ziyanverici və alaq otlarına qarşı mübarizə tədbirlərinin yerinə yetirilməsində  çatışmazlıqların olmasından danışmışdınız...
Hal-hazırda pambıqçılıq istina olmaqla, digər əkinlərin aparılması aqrotexniki tədbirləri həyata keçirən fiziki şəxslərə aid texnikalarla icra olunur.  Bununla bağlı işdə səməriliyin artırmaq üçün tərəfimizdən mexanikləşdirilmiş dəstələrin yaradılması təklif olunub. Yaxşı olardı ki, rayonlarda fəaliyyət göstərən Bitki Mühafizə Mərkəzlərinin nəzdində belə dəstələr yaradılsın. İlkin olaraq mərkəzin texnikalarından bu məqsədlə istifadə etmək olar. Bir qayda olaraq bu texnikalar 2-3 ay işlədikdən sonra saxlanca qoyular. Nəticədə texnikalardan istifadənin səmərəliliyi artar, mütəxəssis məsləhəti ilə aparılan xidmətin keyfiyyəti yüksələr,xidmətlərdən daxilolmalar çoxalar. 

- Rayonda əkin sahələrinin suvarma suyu ilə təminatında vəziyyət necədir?.
Fermerlərimiz əkinlərin suvarma suyu ilə təmin edilməsində qarşıya cıxan çətinliyin əsasını su ehtiyatının az olması olur. Probleminhəllinə kömək, rayonda sovetlər dönəmində Bolqarçay çayı üzərində inşa edilmiş və hal-hazırda lil və torpaqla dolmuş sututarın təmizlənməsidir. Su tutumu 12 milyon kub.metr olan bu sututarın bərpa edilməsi təxmini hesablamalara görə 5-6 min hektar əkinin su ilə təminatındakı problemin aradan qaldırılmasında böyük rol oynayar. 
”Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq fəaliyyət göstərən sudan istifadəedənlər birlikləri fermerləri suvarma suyu ilə təmin edirlər.Rayonumuzda SİB-lərin sayı 14- dən 8-ə endirilib. İndi hesab edirik ki, SİB-lərin idarə olunması üçün tabeçiliklərinin yaradılması zəruridir. SİB-lərinin sayı artırılmaqla və vahid mərkəzdən idarə olunması bu sahədə müsbət nəticələrə də gətirər. 

Biləsuvarın əlverişli iqlim şəraiti hevandarlıqda səmərəli hesab olunur. Bunu nəzərə alsaq, heyvandarlıqda çins tərkibinin yaxşılaşddırılması məhsuldarlıqda nəzərə çarpan nəticəyə yol açar, elə deyilmi?  
- Rayonda 10 min hektar örüş sahəsinin olması heyvandarlıq üçün başlıca imkandır. 40,3 min baş iri buynuzlu, 135,8 min  baş xırdabuynuzlu heyvanların saxlanılmasını nəzərə alsaq, aidiyyati üzrə bu istiqamətdə də tədbirlərin səmərilik baxımdan vaxtında həyata keçirilməsini tələb eidir.
Rayon Baytarlıq İdarəsi tərəfindən “Epizootiya əleyhinə Tədbirlər planı”na tam əməl olunaraq heyvanlarda,  quşlarda vaksinasiya tədbirləri və sahələrdədə profilaktik dezinfeksiya işləri həyata keçirilmişdir. 
Cari ildə qarayara  əleyhinə, quduzluq əleyhinə itlərdə, nyukasl xəstəliyinə qarşı quşlarda vaksinasiya tədbirləri müəyyən saylarda vaxtında başa çatdırılmışdır. Vaksinlərdən daha  səmərəli istifadə olunması üçün  əsas diqqəti heyvan və quşların statistik sayına görə deyil, faktiki sayına görə tətbiq olunmasına yönəltmişik.
Bəli, sizin söylədiyiniz  önəmli məsələyə qayıdaraq bildirirəm ki, 2020-ci ildə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması işləri davam etdirilmiş, 1779 baş heyvanı süni mayalandırılaraq 659 baş buzov əldə olunmuşdur. Bu il isə 823 baş heyvan süni mayalandırılaraq bu günədək 343 baş buzov əldə  olunmuşdur.
  Hazırda rayonda 20  sahə baytar həkimi, 21 sahə baytar feldşeri və 4 süni mayalanma mütəxəssisi fəaliyyət göstərir. Heyvandarlıqda süni mayalanma tədbirlərinin yerinə yetirilməsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması, yeni mütəxəssis hazırlıqlarının aparılması üçün xüsusi təkliflərimiz var. Burada camışçılıqda və qoyunçuluqda süni mayalanma tədbirlərininaparılması üçün mütəxəssislərin hazırlanması  və belə  tədbirlərin yerinə yetirilməsi üçün toxum bazasının yaradılması təkliflər srasında yer alıb. 

- Kadr məsələsinə toxundunuz, ümumiyyətlə hazırkı şəraitdə aqrar sahədə yeni kadr bazasının formalaşdırılmasını da zəruri etmirmi?
Qeyd edim ki, Dövlət Başcısı tərəfindən aqrar sahənin əsaslı şəkildə yenilənməsində müasir biliyə malik kadr bazasının yetişdirilməsi ilə bağlı xüsusi tapşırığı var. Azərbaycan  Dövlət Aqrar Universitetində təhsil alan tələbələrin bilik səviyyəsinin və bu təhsil ocağına maraq göstərən gənclərin sayının ilbəil çox olması atılan addımların effektliyinin nəticəsidir. Aqrar elmin nailiyyətlərinə maraq göstərən gənclərimizin artması, bu sahədə uğurlarımızın  davamlılığına xidmət edəcək.
Ötən il Aqrar Universitetdə təhsil alan biləsuvarlı tələbələrlə rayonun qabaqcıl fermerləri, toxumçuları, arıçıları və veteran kənd təsərrüfatı işçilərinin görüşləri təşkil olunmuşdur. Hazırda burada təhsil alan gənclərimizin sayı 21 nəfərdir, əla qiymətlər alanları tərəfimizdən “Fəxri Fərman”lara layiq görülüb.Tələbələrlə görüşlər  2021-ci ildə də davam etdirilmiş, ümumtəhsil müəssisələrində şagirdlərə  aqrar təhsilə marağı artırmaqüçün  görüşlər təşkili nəzərdə tutulmuşdur.
“Könüllü fəaliyyət  haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq rayonumuzun gəncləri nəzdimizdə fəaliyyət göstərən Aqrar İnkişaf Könüllüləri Hərakatına qoşulmuşlar. Cari ilədək 61 gənc bu hərakatın müvafiq kursunu keçərək sertifikatlar əldə etmişlər. DAİM-də işlərin operativliyinin artırılması üçün “Məşğulluq haqqında” Qanuna uyğun olaraq 14  gəncin sosial işçilərə  cəlb olunması ilə bağlı sənədləşmə işləri başa çatdırılmışdır.

-Maraqlı müsahibə üçün təşəkkür edirik!                                         
- Sağ olun

                       Qələmə aldı: Surxay Şahbazov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR