» » Biləsuvar idmanı ilə bağlı 40 illik məktəb


Biləsuvar idmanı ilə bağlı 40 illik məktəb


 Bu məktəb gözdən uzaq yerdə deyil, düz rayonun mərkəzindədir. Ətrafında sıralanan yeni tikililər məktəbi indi gözə görünməz etsə belə,  yenə də xüsusi əhəmiyyətə malikdir.

Məktəbin fəaliyyətə başladığı 1980-cı illə müqayisədə rayon  əhalisinin 30-40 faiz artdığını,  əlbəttə gənclərin  sayının da çoxalmasını nəzərə alsaq, məktəbin daha səmərəli fəaliyyəti arzuolunandır. 

40 il öncə fəaliyyətə başlayanda Biləsuvar Uşaq Gənclər İdman Şahmat  Məktəbində   boks, sərbəst güləş, futbol, basketbol  idman növləri və şahmat üzrə yaradılan bölmələr bu gün də  fəaliyyət göstərir. Ötən bu illərdə məktəbin yetirmələri çoxsaylı uğurlara imza atmışlar. Və bu uğurları yaşadanlar, illər sonrası öz yetirmələrinin uğurları ilə öyünüb, qol-qanad açmışlar. Boks idman növündə - İmanverdi, İmaməli və Xalıq Muradov qardaşları, Qurbanxan Məhərrəmov, sərbəst güləş  üzrə Ağəddin  Abıyev , Vaqif Mirzəyev və karate idmanı üzrə Əjdər Seyfullayevin idmanın inkişafındakı xidmətləri bu gün fəxrlə xatırlanır. Biləsuvar futbolundan söhbət düşəndə Səyadullah Qurbanov və Vidadi Seyfullayevin, həmçinin baksitbol idmanında veteran müəllimimiz Hafis Yəhyayevin adını fəxrlə çəkməyə bilməzdik. Adlarını çəkə biləcəyimiz neçə-neçə məşqçi müəllimlər bəzən qarşıya çıxan çətinliklərə belə baxmayaraq fiziki cəhətdən gəncliyimizin formalaşmasında əzmlə çalışmışlar. Fiziki cəhətdən sağlam Biləsuvar gəncliyinin Qarabağ savaşında döyüş meydanında göstərdiyi çoxsaylı rəşadətlər bir daha deməyə əsas verir ki, müəllimlərimizin zəhməti hədər getməyib.

Biləsuvar Uşaq Gənclər İdman Şahmat  Məktəbinin direktoru Ramil Muradov məktəbin  fəaliyyəti barədə "Bilesuvarinfo"ya danışarkən demişdir:
- Respublikamızda gənclər və idman sahəsində görülən ardıcıl işlər bizi  üzərimizə düşən məsuliyyətli  işin öhdəsindən layiqincə gəlməyə ruhlandırır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi qələbəmizin möhürlənməsilə  o da təsdiqini tapmışdır ki, ölkəmizdə gənclər siyasəti sahəsində aparılan işlər əvəzsizdir.
Bu gün məktəbimizin rayonda gənclərlə  5 idman növü üzrə  məşğul olunur. Bir müddət COVİD - 19  pandemiyası səbəbindən məşqlərin keçrilməsində müəyyən məhdudiyyətlərin olmasını nəzərə alsaq, bu sahədə də işlər diqqətdə saxlanılır. 

Qeyd edim ki, məktəbimizin ümumilikdə 504 nəfər şagirdi var ki, onlardan 255-i idman bölməsinə aiddir. 
Boks idman növü üzrə Biləsuvar rayon musiqi və incəsənət Məktəbinin inzibati binasındakı  və Bəydili kənd tam orta məktəbində idman zallarında məşqlər üçün şərait var. Sərbəst güləşdən məşqlər adı çəkilən musiqi məktəbində,  rayon Olimpia idman  Kompleksində, Ağalıkənd və Nəsimikənd tam orta məktəblərində keçirilir. Basketbol idman növü üzrə isə Bəydili və Xırmandalı kəndlərində məşqçi müəllimlərimiz var. 
 Məktəbin şahmat bölməsinin tarixi keçmişini varaqlasaq,  yetirmələrinin parlaq  qələbələrinə şahid olarıq. İbrahim Babayevin inkişafında xüsusi zəhməti olan Şahmat bölməsinə hazırda Sevil müəllimə rəhbərlik edir. Məktəbin yetirmələri arasında,  respublika üzrə keçirilən  yarışlarda qazanılan qələbələrdə birinciliklərə  imza atanlar da olub. Bu kimi yarışlarda nəticə göstərmiş şagirdlərimizdən Babazadə  Xəzər Araz oğlunun, Məmmədli Ramil Famil oğlunun və Rzazadə Nihad Aqşin oğlunun adını fəxrlə çəkmək olar. 

İdman bölməsində  fiziki cəhətdən sağlam gənclərimizin olması, yarışlarda göstərdikləri ardıcıl qələbələr, onların parlaq gələcəyindən xəbər verir. Boks üzrə sonuncu dəfə keçirilən  respublika  birinciliyində Adışov İbrahim Firudin oğlu (78 kq çəkidə)  1-ci yeri, Süleymanov Taleh Şahin oğlu ( 48 kq çəkidə ) və Gülqasımlı Emrus Pərviz oğlu ( 38 kq çəkidə ) 3-cü yeri götürmüşlər.  Sərbəst güləş üzrə gənclərimizə gəlincə isə Ağayev Rəşad Telman oğlunun ( 41 kq çəkidə ), Rzayev Elnur Güloğlan oğlunun adını xüsusilə vurğulamaq olar. 
2019-cu ilin avqustunda Lənkəranda  Futbol üzrə keçirilən zona yarışında qalib olan komandamız Bakı şəhərində  keçirilən final yarışında respublika ikincisi olub. Ümidverici futbolçularımızın çox olması,  qələbələrin davamlı olacağını deməyə əsas verir.

Azərbaycanın gələcəyi  Azərbaycanın gəncliyindən asılıdır. Ümummilli lider Heydər Əliyevin hələ müstəqilliyimizin ilk illərində gəncliyin dövlətçiliyimizin inkişafındakı rolunu qiymətləndirərək səsləndirdiyi fikirlər illər ötdükcə gənclərin dövlətçiliyimizin möhkəmləndirilməsində xidmətləri ilə təsdiqini tapır. Əlbəttə, dövlətimizin bu sahəni  davamlı diqqətdə saxlaması, sistemli dövlət  proqramlarının icrası ilə mümkün olmuşdur.  

 "Mən hər bir işin nə zaman, necə ediləcəyini yaxşı bilirəm" deyən, cənab Prezident Ali Baş Komandan  İlham Əliyev ərazi bütövlüyümüz uğrunda hücum əmrini verəndə hər kəs, bütün dünya Azərbaycan xalqının qətiyyətinə, vətənpərvərlik ruhuna şahidlik etdi. 44 günlük Vətən müharibəsində minlərlə vətən övladının şərəfli məqsəd uğrunda alovlu vətəpərvərlik ruhunu ölüm belə  qorxuda bilmədi. Vətən müharibəsində  gedən o gərgin döyüşlərdə fədakarlıq göstərən  yüzlərlə  biləsuvarlı gənclərdən də 69 nəfəri Şəhidlik zirvəsinə yüksəlmişdir. Onlar arasında məktəbimizin idmançı gəncləri də  var. Bağırlı Hikmət Qəhrəman oğlu, Astanlı İqbal İlqar oğlu, Əlizadə Nəriman Nurəhməd oğlu, Gözəlov Xalid Həsən oğlu, Quluzadə Məhəmməd Cəlal oğlu, Mahmudov Babək Süleyman oğlu, İsayev Rahət Rafət oğlu bu gün  məktəbimizin qürur və şərəflə andığı qəhrəman yetirmələrimizdir .

               Qələmə aldı:
               Surxay Sahbazov



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan