» » 23 İyun dövlət qulluqçularının peşə bayramı günüdür


23 İyun dövlət qulluqçularının peşə bayramı günüdür


23 iyun ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir.


Respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan olunması qərara alınmışdır.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir.

Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini təmin etməkdir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.

Respublikamızda müasir dünyada qəbul olunmuş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlar uğurla davam etdirilir. Bu islahatların məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.

          TƏBRİK EDİRİK ! 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan