» » Avropada geosiyasi gündəmin dəyərləndirildiyi platformada Azərbaycan lideri - FOTO


Avropada geosiyasi gündəmin dəyərləndirildiyi platformada Azərbaycan lideri - FOTO


Məlum olduğu kimi, sentyabrın 2-də İtaliyada “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu start götürüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.

Görüşlə bağlı Prezidenti İlham Əliyev bu ilin martında İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi arasında telefon söhbəti vaxtı İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi dövlət başçısına Çernobbio Forumunda iştirakla bağlı dəvət göndərildiyini bildirib. 2 aprel 2022-ci il tarixində isə  İtaliya Respublikasının Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri cənab Luici Di Maio Azərbaycana rəsmi səfəri vaxtı ölkə başçısı İlham Əliyev tərəfindən qəbul edilərkən Prezidentə Çernobbio Forumunda iştirakla bağlı dəvət göndərildiyini qeyd edib.

1965 - ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı şirkətlərindən və beyin mərkəzlərindən hesab edilir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün mühüm əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtaliyan şirkətlərinin Asiya və Afrikadakı tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir.

“The European House – Ambrosetti müstəqil qurum olsa da, müşahidələr göstərir ki, Çernobbio Forumuna İtaliya Hökuməti tərəfindən böyük dəstək göstərilir və tədbir zamanı ənənəvi olaraq İtaliya Prezidentinin video müraciəti yayımlanıb. Bu qurumun bir çox hallarda İtaliya XİN-in iqtisadi beynəlmiləlləşmə ilə bağlı fəaliyyətinə cəlb olunduğuna rast gəlinir. Bu xüsusda, “The European House – Ambrosetti” potensial tərəfdaş ölkələri və sahələri aşkara çıxarmaq üçün araşdırma aparmaq, İtaliya şirkətlərinin xarici bazarlara çıxışının təşviqinə xidmət edən tədbirlər təşkil etmək, İtaliyanın müxtəlif ölkələr tərəfindən irəli sürülən iqtisadi əməkdaşlıq təşəbbüslərindən yararlanmasını təmin etməklə XİN-in beynəlmiləlləşmə fəaliyyətini dəstəkləyir. 

Qeyd edildiyi kimi İtaliya üçün xüsusi önəm kəsb edən ölkələrin dövlət və hökumət başçıları və rəsmi şəxsləri Forumun ilk gününə dəvət edilir. Həmin tədbirdə bir sıra hallarda müxtəlif ölkələrdən dövlət və hökumət rəhbərləri, əksər hallarda iqtisadiyyat və maliyyə sahələri üzrə nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, Avropa Komissiyasının üzvləri, nüfuzlu şirkətlərin ən yüksək səviyyəli menecerləri iştirak etmişdir. Ötən il İtaliya və Rusiya Prezidentlərinin video müraciətləri nümayiş etdirilmiş, eyni zamanda Liviya Milli Birlik Hökumətinin (UBH) baş naziri Əbdülhəmid Dibeybe və Afrika Birliyinin sədri qismində Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tshisekedi iştirak etmişdir.

Forumun nüfuzlu qonaqları müxtəlif illərdə Çernobbio Forumunda bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak edib, öz çıxışları ilə qlobal məsələlərə dair müzakirələrə qatılıblar. Onlar arasında Mahmud Abbas, Monako şahzadəsi II Albert, Kofi Annan, Yasir Ərəfat, Xose Mariya Aznar, Silvio Berluskoni, Co Bayden, Riçard Çeni, Xose Manuel Durao Barroso, Rəcəb Tayyib Ərdoğan, kraliça Rania əl-Abdullah, Jozep Borrel, Felipe Qonzalez, Henri Kissinger, Vaklav Klaus, Emmanuel Makron, Sergio Mattarella, Mario Monti, Şimon Peres, Hillari Klinton və s. dünya siyasətinin aparıcı simaları yer alıb. 

Bu il isə 48 - cisi təşkil edilən Çernobbio Forumunda Azərbaycan lideri qonaq olub. Azərbaycan lideri geosiyasi proseslərin, dünyanın siyasi mənzərəsinin masaya yatırıldığı beyin mərkəzinin qonağı kimi, forumun kürsüsündə çıxış edib və dünyada gedən proseslər, “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” barəsində fikirlərini bölüşüb. Prezident İlham Əliyev forumda çıxşında dünyadakı mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu olan enerji siyasəti ölkəmizin rolundan danışıb: “Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən sizin diqqətinizi bəzi tarixi məqamlara yönəltmək istəyirəm. Bizim enerji strategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq.

Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. 

Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Bu haqda danışan dövlət başcımız bildirmişdir ki,  1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik: “Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.”

 Prezident bildirmişdir ki, ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı daim geniş müzakirələr davamlı şəkildə aparılır. Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir.

Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən biridir. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub.Bu istiqamətdə müzakirələr də Azərbaycan iqtisadi paotinsialı üçün müsbət nəticələrə xidmət edir.

Avropada geosiyasi gündəmin dəyərləndirildiyi platformada Azərbaycan Liderinin qətiyyətli çıxışı bir daha onu göstərir ki, Azərbaycan dünyada öz sözünü deməyə qadir bir ölkədir. 

              Əlifli Əliheydər,
              Biləsuvar Peşə Liseyinin direktoru
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan