» » Fermer-mexanizator əlaqəsini təmin edəcək “AgroUber” mobil tətbiqi istifadəyə verilib


Fermer-mexanizator əlaqəsini təmin edəcək “AgroUber” mobil tətbiqi istifadəyə verilib


“Aqroservis” Açıq Səhmdar Cəmiyyətində fermer və mexanizatorlar arasında kommunikasiyanı həyata keçirən “AgroUber” mobil tətbiqinin təqdimatı keçirilib. Android platformasında fəaliyyət göstərən mobil tətbiq müxtəlif aqroxidmətlər üzrə fermerlərlə və mexanizatorlar  arasında onlayn platforma üzərindən əlaqələndirməni təmin edəcək.

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, təqdimatı keçirilən elektron məhsul Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə yaxınlıq, şəffaf və çevik idarəetmə, innovasiyaların tətbiqi prinsiplərinə tam cavab verir. Fermerlər mobil tətbiqdən yararlanmaq üçün “AgroUber” proqramını mobil telefon cihazına yükləməli və qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş fermer istənilən mövsümdə müvafiq rayon və kənd üzrə aqrotexniki xidmətlər üzrə axtarış aparmaq imkanı qazanır. Proqram fermerin seçiminə uyğun olaraq mexanizatoru təyin edir və sifarişi formalaşdırır. Məsələn, hansısa fermerə əkin işləri üçün traktor lazımdırsa, “AgroUber”də axtarış verərək, uyğun mexanizatoru tapa və xidməti sifariş edə biləcək. Bu proqram təminatı vasitəsilə ilkin mərhələdə traktorlar və asılan-qoşulan texnikalarla göstərilə biləcək bütün növ aqrotexniki xidmətlərin həyata keçirilməsi mümkün olacaq.

Qeyd edək ki, “AgroUber” proqramı Azərbaycanda aqrar sahədə ilk dəfə tətbiq olunur. İnnovativ metodlara əsaslanan bu proqram aqrotexniki xidmətlərin idarəçiliyində tamamilə şəffaflıq yaradacaq, zaman itkisinin qarşısını alacaq və fermerlərə operativ xidmət göstərməyə imkan verəcək. Eyni zamanda, bu yanaşma aqroxidmət göstərən mexanizatorlar arasında rəqabətliliyi artıracaq, paralel olaraq xidmətin keyfiyyətini yüksəldəcək. Mobil tətbiqdə xidmətin sifariş vəziyyəti proqram vasitəsilə  izlənilir, 3-cü tərəf olmadan fermerlərin birbaşa mexanizatorlara çıxışı təmin edilir və vahid mexanizator bazası formalaşdırılır.
Elmin Rəhmanov qeyd edib ki, “AgroUber” proqramı fermerlərə göstərilən xidmətinin keyfiyyətini artırmağa və xidmətləri daha əlçatan etməyə imkan verəcək: “Proqramın tətbiqi operativ xidmət, vahid məkanda formalaşan məlumat bazası, neqativ halların qarşısının alınması, fermer və mexanizator arası əlaqənin sərbəst şəkildə qurulması və idarə edilməsi imkanlarını yaradır. Əsas məqsədimiz fermerlərin istənilən mövsümdə aqrotexniki xidmətlərə  əlçatanlığını təmin etmək, yüksək keyfiyyətli və çevik xidmətə nail olmaqdır”.

Təqdimat mərasimində mobil tətbiqin yüklənməsi, istifadə qaydaları əyani şəkildə nümayiş olunub.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan