» » Ulu öndər Heydər Əliyev xalqının yaddaşına əbədi köçmüş liderdir


Ulu öndər Heydər Əliyev xalqının yaddaşına əbədi köçmüş liderdir

Tarix olduqca nəhəng, qarşısıalınmaz bir prosesdir. Tarixi hadisələr isə zaman və məkan çərçivəsində cərəyan edən, cəmiyyətin inkişafını öz axını ilə tənzimləyən dəyişikliklərdir.

Bəzən tarix elə şəxsiyyətlər yetişdirir ki, bu şəxsiyyətlərin fəaliyyəti zamanın axınına qarşı gəlmək gücündə olur və heç bir çərçivə, məhdudiyyət tanımır. Məhz belə şəxsiyyətlər özləri tarix yazır, əbədiyyət qazanır, xalqın və millətin sonsuz məhəbbəti, sevgisi ilə mükafatlandırılır. Belə şəxsiyyətlərdən biri də Ulu Öndər Heydər Əliyevdir.

Müstəqil Azərbaycanın qurucusu, müasir tariximizin banisi Ümummilli Liderimiz Heydər Əliyev bütün həyatı və karyerası boyunca Azərbaycan, onun müstəqilliyi, işıqlı sabahı naminə çalışmışdır.O böyük şəxsiyyət bizi bir millət kimi məhv olmaqdan, dövlətimizi bir dövlət kimi xəritədən silinməkdən xilas edərək bu günümüzün və sabahımızın qarantına çevrilmişdir.

Azərbaycan tarixinin ən qürurverici dövrü Heydər Əliyev dövrüdür. Çünki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir və Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.

 Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.

 1969-cu il Azərbaycan SSR in sosial-iqtisadi və mədəni inkişafında dönüş ili olmuşdur. Ulu Öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə çevrilmişdi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmiş, sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirilmiş, yeni sənaye sahələri yaradılmış, sənayenin qabaqcıl sahələrində, ilk növbədə, maşınqayırma kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin genişləndirilməsi prosesi başlanmışdır. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Əslində, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə mətbuatın inkişafında əsaslı dönüş yarandı. Məhz Ulu öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman ana dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, demək olar ki, bütün qaranlıqlara işıq saçdı.

Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rolunu oynadı.

Azərbaycanın elmi, mədəniyyəti və incəsənəti həmin illərdə böyük yüksəliş dövrü yaşamış, paytaxt Bakının, digər şəhər və rayonların inkişafı və abadlaşması sahəsində kompleks tədbirlər həyata keçirilmişdi. Bütün bu görülən işlər Azərbaycanın gələcək müstəqilliyi üçün hazırlanan möhkəm təməlin tərkib hissələri idi.

 Bəllidir ki, 90-cı illərin əvvəlləri Azərbaycanda olduqca əlverişsiz siyasi mühit yaranmış, hakimiyyətdə olan şəxslərin səriştəsizliyi və səhvləri üzündən torpaqlarımız düşmən tərəfindən işğal olunmuşdur. Xalqımız olduqca çarəsiz duruma düşmüş, dövlətimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ağır bir dönəmdə xalqın səsinə səs verən yenə də ÜmummillimLiderimiz Heydər Əliyev oldu. Belə ki, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanda  hakimiyyətə gəldi.

Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.

Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.

Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır.

Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaiiyyəti sayəsində strateji dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş və nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir. İki əsrin və iki minilliyin qovuşuğunda xalqımız məhz onun sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.

Bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də möhkəm təməl yaradan Ulu Öndər Heydər Əliyevin  “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir ” fikri  öz təsdiqini 44 günlük Vətən Müharibəsində bir daha tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edərək xalqımıza sonsuz Qələbə sevinci bəxş etdi. Xalqımız öz Prezidenti və ordusu ətrafında bir yumruq kimi birləşdi, dəmir bir yumruğa çevrilərək düşmənin başını əzdi. Unutmamalıyıq ki, bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsi sayıla bilər.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş tikinti-quruculuq, bərpa işləri aparılır. Sevindirici haldır ki, bizim rayonumuzun ərazisində də bu işlər uğurla davam etdirilir. Bu gün Füzulidə müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu qurulur, strateji əhəmiyyətli dəmir yol xətləri çəkilir, xüsusi əhəmiyyətli obyektlər inşa olunur. 

Ümumiyyətlə, müasir Azərbaycan tarixinin istənilən sahəsinə nəzər salsaq Ulu Öndər Heydər Əliyevin misilsiz rolunu və əməyini görmüş olarıq. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.

Bütün dünya azərbaycanlılarının milli iftixarı Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Rusif  Kərimov,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR