» Prezidentin bəyan etdiyi sülh gündəliyi Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanlar yaradır


Prezidentin bəyan etdiyi sülh gündəliyi Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanlar yaradır

Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq forum həm də siyasi əhəmiyyətli hadisədir. Ənənə halını alan beynəlxalq konfranslar artıq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün yeni və mühüm bir platformadır. 

Aprelin 29-da konfransda iştirak edən və beyin mərkəzlərinin nümayəndələrinin suallarını yüksək səviyyədə cavablandıran Azərbaycan Prezidenti cənab İlham Əliyev əsl liderlik xüsusuiyyətlərini özündə cəmləşdirməyi bacaran yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi olduğunu bir daha sübut etmiş oldu. Forum hələ uzun müddət dünyanın aparıcı beyin mərkəzlərinin, analitik resursların araşdırma faktoru olacaq.

Konfrans nümayəndələrinin ölkə başçısına ünvanladıqları suallar müxtəlif sahələri əhatə edirdi. Belə ki, Azərbaycan-Ermənistan münasibətləri, digər region və dünya ölkələri ilə olan əlaqələr, beynəlxalq aləmdə baş verən hadisələr, Azərbaycanın enerji siyasəti  və digər mövzuları əhatə edən suallara Azərbaycan Prezidenti geniş və əhatəli cavab verməklə yanaşı, xalqımızın milli maraqları mövqeyindən çıxış edərək qətiyyətli formada mühüm bəyanatlar da səsləndirmiş  oldu. Cənab Prezident İlham Əliyev beynəxlaq konfransda vurğuladı ki,  əlaqələrin qurulması və inkişafa nail olmaq üçün ilk növbədə regionda davamlı sülh və təhlükəsizlik təmin olunmalıdır. 

Konfransda Prezident cənab İlham Əliyev bildirmişdir ki, “Artıq indi Cənubi Qafqaz üçün inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac var. Çünki Qarabağımızın dünyanın ən gözəl bölgələrindən birinə çevrilməsi üçün çalışmalıyıq. Məlumdur ki, ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir”.

Cənab Prezident vətən müharibəsindən sonra baş verən proseslərdən də ətraflı danışıb. Qeyd edib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib. Nəhayət  Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Ermənistan da bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.

 Azərbaycanın yaratmış olduğu yeni reallıqlar əsasında artıq proseslərin gedişatının dəyişdiyini bildirən cənab Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu və onların vahid Azərbaycan dövlətində təhlükəsiz, rahat yaşamaq şanslarının ola biləcəyini qeyd etdi. Lakin bunun üçün ilk növəbədə ermənilər separatçı tendensiyalardan və istəklərindən vaz keçilməlidirlər. Bu gün Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib.

Azərbaycan dövləti sülh danışıqlarına hər zaman sadiq olmuşdur. Ölkəmiz istər ən ağır siyasi və iqtisadi durumda, torpaqları işğal altında olduğu dönəmdə , istərsə də regionun ən inkişaf etmiş dövlətinə çevrildiyi və ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sülhün, əməkdaşlığın və inteqrasiyanın tərəfdarı olub. Həyəta keçirilən uğurlu xarici siyasət və ölkə başçısının qətiyyəti, diplomatik məharəti nəticəsində Azərbaycanın yaratdığı yeni reallıqlar artıq qonşu ölkələr, dünyanın böyük dövlətləri, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilib. Bu gün Azərbaycan dövlətinin həyata keçirməkdə olduğu uğurlu siyasət ölkəmizin dünya səviyyəsində əhəmiyyətini artırmaqda və həlledici söz sahiblərindən biri kimi mövqelərini gücləndirməkdədir.

Samir Ağayev,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR