» » » Şəhid Vəliyev Sehran Nizami oğlu


Şəhid Vəliyev Sehran Nizami oğlu


İgid kəşfiyyatçı, şəhid Sehran Nizami oğlu Vəliyev...
Sehran 23.02.1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Babası Xosaxan Vəliyev qardaşı Vəli ilə 1948-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndindən Biləsuvar rayonuna köçərək Notroski, indiki Nəsimi kəndində məskunlaşıblar. Hər iki qardaş böyük zəhmətlə özlərinə burada yurd-yuva quraraq kənddə hörmət qazanıblar və böyük ailə-uşaq sahibi olublar. Bu iki ailəyə mənsub olan uşaqlar da öz əxlaqları və rəftarları ilə kənddə nüfuz qazanıblar. Xosaxan kişinin ailəsində göz açan Nizaminin üç oğlu və bir qızı olub. Böyük oğlu Rəşadı ailənin ilk hərbiçisi saymaq olar. O, 6 il sərhəd qoşunlarında xidmət edəndən sonra ailənin kənd təsərrüfatındakı işlərinə kömək etmək üçün atasının arzusunu nəzərə alaraq kəndə qayıdıb. Ailənin ikinci övladı olan Şamxal da taleyini hərbi sənətə bağlayıb. Hazırda da Milli Ordunun xüsusi təyinatlılar bölməsində xidmətini davam etdirir.

Sehran 2000-ci ildə yaşadığı Nəsimi kəndinin Rafiq Uzayev adına orta məktəbinin 1-ci sinfinə gedib. 2008-ci ildə o, Biləsuvar rayonundakı İ.A. Dəmirov adına Peşə Liseyinə daxil olub və oranı 2011-ci ildə 1-ci dərəcəli traktorçu-maşinist və 1-ci dərəcəli dəmirçi-çilingər ixtisası almaqla bitirib. Sehran 2008-ci ildən kiqsboksinq idman növü ilə məşğul olmağa başlayıb və bir neçə dərəcə əldə edib. 20.04.2011-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar idman məktəbindən ayrılıb və 28.04. 2011-ci ildən Dövlət Sərhəd Xidmətində qulluğa başlayıb. O, 2012-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb və yenidən idmanla məşğul olub. Bir neçə dəfə ölkə üzrə yarışlarda nailiyyətlər əldə edib. Buna baxmayaraq, Sehranın hərbi sahəyə marağı onu yenidən bu çətin və məsuliyyətli işə qaytarıb. Onun müraciəti razılıqla qarşılanıb və 2016-cı ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri ilə ona gizir rütbəsi verilib. Sonra ona kəşfiyyat manqasının komandiri kimi məsuliyyətli bir iş tapşırılıb. O, Silahlı Qüvvələrin təlim və tədris mərkəzində (TTM) 27.07. 2016-cı il tarixindən 24.09. 2016-cı il tarixinə qədər "fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandirinin müavini-qurup komandiri" kursunu bitirib. Buranı bitirdikdən sonra N saylı hərbi hissəyə təyinat alıb və burada kəşfiyyat manqasının komandiri işləyib. Burada üç il xidmət etdikdən sonra əldə etdiyi nailiyyətlərə görə onu kəşfiyyat taqımının komandiri vəzifəsinə təyin ediblər. 27.09.2020-ci il Fizuli, Ağdərə, Qubadlı istiqamətindəki əməliyyatlarda və döyüşlərdə iştirak edib və 02.10.2020-ci ildə Fizuli istiqamətindəki ağır döyüşlərin birində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
Sehran ailəli idi. 10.08.2014-cü ildə ailə həyatı qurmuşdu. Oğlu Nihadın 5, qızı Nurayın isə 3 yaşı var. Üçüncü övladı isə dekabrda dünyaya gələcəkdi.
İndi isə Sehranın döyüş yoluna və yoldaşlarının xatirələrinə nəzər salaq.
Düşmən təxribatına cavab olaraq 27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayan kimi şanlı ordumuzun igid döyüşçüləri Fizuli istiqamətində hücum edərək ön xətti yardılar. Bu müharibənin taktikasında özəllik ondan ibarət idi ki, ön xəttə hücumu təşkil edənlər yalnız peşəkar hərbiçilər və kəşfiyyat qrupları idi. Müharibənin elə ilk günü ön xətt yarıldı. Kəşfiyyat qrupu düşmənin postlarına daxil olanda orada heç kimin olmadığını gördülər. İlk həmlədə iştirak edən Sehrangil də postlarda heç kimin olmadığını görüb Kənd Horadizdə meşənin qırağında olan köhnə məscidin içərisində toplaşır və orada ayrı-ayrı qrupların bundan sonra necə və hansı istiqamətdə getmələri və snayperlərin harada yerləşdirilməsi barədə plan cızırlar. Bir qrup öndəki yüksəklikdə mövqe tutmalı idi. Onların solunda ikinci qrup, sağlarında isə birinci qrup gedəcəkdi. Döyüşçülər məsciddə islanmış paltarlarını dəyişən zaman bayırda nəzarət edən sanayperlər 80 nəfərə qədər erməni əsgərinin onlara tərəf gəldiyini xəbər verir. Onlar postu qoyub qaçan düşmən əsgərləri idi. Sakitçilikdən istifadə edib öz mövqelərinə qayıtmaq əmri almışdılar. Komandir əmr verir ki, yaxınlığındakı yüksəklikdə deyil, bir az da irəlidəki yüksəklikdə mövqe tutub, düşməni məhv etsinlər. Amma buna vaxt qalmamışdı. Sol tərəfdən 30-40 nəfərin yaxınlaşmaqda olduğunu görən xüsusi təyinatlı qrup onları qarşılamaq üçün həmin istiqamətdə mövqe tutur.
İlk döyüşə onlar atılır. Bir qədər sonra rabitə ilə iki yaralı və bir şəhidin olması barədə məlumat gəlir. Qarşılaşmanı gözləməyən düşmən çox böyük qüvvə ilə hücuma keçir. Sehranın rəhbərlik etdiyi qrup xüsusi təyinatlılara dəstək üçün sol mövqeyə keçir. Sol tərəfdən hücum edən düşmənin ilk qrupu tamamilə məhv edilir. Yaralananlar və şəhid olan əsgər dərhal təxliyə edilir. Digər istiqamətlərdən gələn düşmən qruplar da tamamilə darmadağın olur. İgid döyüşçülərimiz hər gün yeni mövqelər əldə edərək irəli gedirdilər. Düşmənin əksər hissəsi döyüş mövqeyini tərk edərək qaçırlar. Oktyabrın 2-də döyüş mövqeyinin sol istiqamətində gərginliyin olduğunu görən rəhbərlik Sehrangilin qrupunu o istiqamətə göndərir. Sol cinah irəliləyərkən pusquya rast gəlir və üç tərəfdən düşmən həmlə edir. Bir tərəfdən artilleriyaları da mövqeyimizi atəşə tutur. Xüsusi təyinatlı dəstə çıxdıqdan sonra minamyot qrupu da onların dalınca gedib təpəni aşırlar. Digər qruplar təpəyə qalxan kimi düşmən onları hədəf alır. Əsgərlərdən dördü ayağından yaralanır. Onları geriyə endirirlər. Sehran açıq görünən ərazi ilə yaralıları təxliyə etmək üçün qrupu ilə düşmənin qarşısına çıxır. Bu dəfə düşmən onların olduğu mövqeyi minamyot ilə vurmağa başlayır. Sehran qrupunu bir qədər yana çəkib düşməni məhv etməyə başlayır. Demək olar ki, minamyot atəşi nəzərə alınmasa, mövqelərdə erməni leşlərindən başqa düşmən qalmır. Sehran əlini yuxarı qaldırıb əsgərlərinə məğrurcasına baxanda, düşmən snayperinin atdığı güllə igid kəşfiyyatçımızı yaxalayır. Onun yanına ilk yetişən əslən beyləqanlı olan snayper Qabil Misirov olur.
Qabil deyir ki, Sehrana çatanda görüb ki, başını silahına dayayıb oturub:
“Əvvəlcə yaralanmadığını zənn etdim. Başındakı kaskanın ön tərəfində güllənin açdığı deşik var idi, amma qan izi görünmürdü. Kaskanı çıxaranda alnından vurulduğunu gördüm”.
Sehranla birlikdə döyüşərək dörd güllə yarası alan cəlilabadlı Niyaməddin Əzizov isə belə danışır:
"Sentyabrın 26-da döyüş əmrinə hazırlıq taqımı Sehranı çağıraraq döyüş tapşırığı verdi. Gizir Vəliyev Sehran bu tapşırığı öz kəşfiyyat taqımına çatdırdı. Taqım yüksək döyüş hazırlığı keçdiyindən tam hazır idi. Müharibənin ilk günü aldığımız tapşırığı layiqincə yerinə yetirib cəmləşmə rayonuna qayıdandan sonra bizim artilleriyamız verdiyimiz kordinatları atəşə tutdular. Elə bunun ardınca həm 1-ci taqım, həm də biz döyüş mövqeyinə çıxdıq. Saat təxminən 21.00-da gizir Sehran Vəliyevin taqımı düşmənin əsas döyüş postlarından birini ələ keçirdi. Sehranın özünün necə igidlik və məharətlə vuruşması onu taqımının üzvlərini də ruhlandırırdı və hər kəs özünü ona oxşatmaq istəyirdi. Sentyabrın 28-də gecə saat təxminən iki olardı ki, biz dayandıq. Artilleriyamız düşməni vurmağa başladı. Düşmənin artileriya atəşi dayandıqdan sonra tam heyətlə irəli getdik. Düşmən tərəf çox itki verirdi. Səhəri gün Sehranı bizim taqımdan ayırıb, başqa qrupun komandiri təyin etdilər. Həmin qrupun komandiri şəhid olmuşdu. O qrup daha seçmə uşaqlardan təşkil edilmişdi. Buna görə də yeni təyinatda Sehranın bacarıqları nəzərə alınmışdı. 2 gündən sonra xüsusi əməliyyat başladı və uğurla bitdi. Sehranı yenidən əvvəlki qrupuna qaytardılar.
Döyüşün 5-ci günü idi. Fizuli istiqamətində çox irəli getmişdik. Onun qrupa qaytarılması 80 nəfərlik heyəti çox sevindirdi. Çünki Sehran çox gözəl komandir idi. Ən təhlükəli gedişi həmişə öz üzərinə götürürdü. Həmin gün bizə başqa qrupun etməli olduğu tapşırığı verdilər. Cəbrayıl istiqamətində yaxın təmasda döyüş gedirdi. Erməni hərbi hissəsinə hücuma keçdik. Biz 30 nəfər idik, onlarsa 100-dən çox idi. Ən öndə Sehran özü gedirdi. Xüsusilə sağ cinahdan fəallıq hiss olunurdu. Sehran o hissəyə gedərək 20-dən çox düşməni məhv etdi və bununla da hərbi hissənin ələ keçirilməsini təmin etdi. Oktyabrın 1-də Fizulidən çıxıb Cəbrayıl istiqamətində döyüşürdük. Bizə göstəriş verdilər ki, xüsusi təyinatlı dəstəni vurublar, yaralılar var. Onların döyüş mövqeyindən təxliyəsini həyata keçirmək üçün ora getdik. Ayın 2-də Sehran bizə yaralıları çıxarmağı tapşırdı, özü isə döyüşə girdi. Düşmən yaralılar istiqamətini intensiv atəşə tuturdu, biz ora girə bilmirdik. Sehran döyüşə girərək bizim yaralıları çıxarmağımıza şərait yaratdı. Bir də baxdım ki, onun bizə istiqamət verən səsi gəlmir. Biz yaralıları çıxarmışdıq, ona köməyə gedəndə isə o artıq şəhid olmuşdu”.
Başqa bir döyüş yoldaşının xatirəsi:
"Sehran cəsur, qorxmaz ürəyi olan döyüşçü idi. Həm yoldaşlıqda, həm də işində yerini bilən bir qardaş idi. Müharibənin ilk günlərində bizə su, sursat, yemək gələn yolları düşmən artilleriyası vururdu. Bir də görürdün Sehran lazım olan bu vacib şeyləri kisəyə yığıb gətirdi. Oktyabrın 1-i axşam yüksəkliyi uğurla aldıq, səhərə kimi artilleriyadan qorunmaq üçün mövqe qazdıq. Sabahısı tapşırığı başqa istiqamətə verdilər. Orada digər qüvvələrimizə kömək lazım idi. Biz bunu bacardıq, amma təəssüf ki, igid olduğu qədər də yumşaq ürəyi olan gözəl döyüş yoldaşımızı və komandirimizi itirdik".
Sehranın keçdiyi döyüş yolu müqəddəs müharibəmizin ilk günlərinin ümumi mənzərəsini təsəvvür etməyə imkan yaradır. Bu ilk idi, müharibə hələ yeni başlamışdı. Uğurlarla bərabər, müəyyən səhvlər və hesablanmamış, o cümlədən gözləmədiyimiz şeylər də olurdu. Buna baxmayaraq, müzəffər ordumuz dünyanı heyrətləndirməkdə davam edirdi. Sehran isə məhz ən çətin anlarda, müharibənin açar rolu oynayan ilk günlərində özünün yüksək peşəkarlığını göstərə bilib, bu qıfılın açılmasında töhfəsini verməyi bacarıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, nur içində yatsınlar.
Sən də rahat yat, Sehran, qələbə sevincini real həyatda yaşaya bilməsən də, qanın yerdə qalmadı. Biz müqəddəs torpaqlarımızı, sizlər isə daha uca məqamı - CƏNNƏTİ qazandınız. Xoş halınıza!

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehran Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehran Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehran Vəliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan