» » » Vətən müharibəsi Qəhrəmanı anılıb


Vətən müharibəsi Qəhrəmanı anılıb

Bu gün şəhid kapitan Cavid Mahmudovun doğum günüdür

“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar rayonunun rəhbərliyi və içtimaiyyətinin çoxsaylı nümayəndələri qəhrəmanımızın doğulub boy-başa çatdığı rayonun Aşağı Cürəli kəndində olaraq ata ocağını ziyarət etmişlər.
Ziyarət iştirakçıları Vətən müharibəsində Cavid Mahmudovun misilsiz rəşadətindən danışıb. Kənd qəbiristanlığında olub şəhidimizim ruhuna dualar oxunub, məzarı önünə güllər düzülüb.
 Mahmudov Cavid Hilal oğlu 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlib. O, orta təhsilini 1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində alıb.

2006-ci ildə hərbi təhsil almağa başlayan Cavid Mahmudov 2010-2011-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Motoatıcı tağım komandiri kursunu keçib. O, Daşkəsən, Tovuz, Göygöl rayonlarındakı hərbi hissələrdə bir sıra vəzifələrdə, habelə 2020-ci ildən Pirəküşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə tabor komandiri vəzifəsində işləyib.
Vətən Müharibəsi başlayanda Cavid Mahmudov da ilk günlərdən döyüşlərə qoşulub. Cəsur zabitimiz bir sıra uğurlu əməliyyatlarda yaxından iştirak edib. Oktyabrda Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şücaətlər göstərib. Kapitan C.Mahmudovun komandiri olduğu həmlə taboru Füzulinin Əhmədbəyli kəndi istiqamətində əks hücum əməliyyatları keçirib. Onun taborunun şəxsi heyəti düşmənin Füzuli rayonu istiqamətində alınmaz hesab etdiyi yüksəkliklərdə bayrağımızı dalğalandırıb. O, sayca 5-ci yüksəkliyə bayrağımızı sancarkən, düşmən snayperi tərəfindən vurulub, Təxliyəsinə çalışan əsgərlərinə “Yalnız irəli!” əmrini verən komandir, komandanlığın qarşıya qoyduğu tapşırığın icrasını canından üstün tutub. Şəhid olduğu 5 oktyabra qədər təcrübəli komandirin heç bir əsgərinin şəhid olmadığı deyilir.

Cavid Mahmudov Ali Baş Komandan tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan