» » » Şair məhəbbəti


Şair məhəbbəti

O, fəaliyyətində, çoxsaylı ədəbi-bədii yaradıçılığı nümunələrində Biləsuvarın tarixi keçmişi bağlı hadisələri tutarlı faktlarla oxucularına tanış edib. Araşdırmaları həyatın elə bir sahəsi olmasın, bura işıq salmasın.

 Dəyərli publisist Əlibla Rəhimov "Xatirələr işığı"nda rayonun “Məhsul” qəzetinin ilk redaktoruna həsr etdiyi xatirə oçerkini “Bilesuvarinfo.az”a  təqdim edib.

Şair məhəbbəti

Yarım əsrdən artıq zaman kəsiyində publisistika ilə mütamadi , dayanıb-durmadan məşğul olan, söz əkib, söz becərən  mənciyəz tam məsuliyyətlə  deyirəm ; Biləsuvarın mətbuat tarixini vərəqləmək, ömrüni-gününü qədim diyarımızın salnaməsini ilk yaradan bir işıqlı insanı xatırlayıb, bu günı gətirməyi özümə mənəvi borc bilirdim.

 Xeyli vaxt idi, bu günə gətirməyi özümə mənəvi borc bilirdim. Xeyli vaxt idi ki, axtarışlarım səmərəsiz qalırdı.
Soykökü yerli olan 106 yaşlı Səftər Qurbanovla həmsöhbət olmaq istədim. Heyhat, alınmadı. Onun yaddaşında nə var ki... Nərimankənddə dünyaya göz açıb, orda yaşayıb. Heç rayon mərkəzini, kəndlərini yaxşı tanımır... Çöl – bayır adamı olub, keçmiş haqqında deyəcək sözü, heç olmazsa, mənə ipucu verən 5 – 3 kəlməsi belə yoxdu.

Bilirsiniz kim canlanır düşüncələrimdə?. Kimin obrazın yaratmaq istəyirəm?. Hüseyn Natiqin!.

Tarixə əl uzadıram... Ölkənin hər yerində rayonlar yaranır və 1930-cu ilin 8 avqustunda mərkəzi Puşkin kəndi olmaqla Biləsuvar “anadan” olur. O zaman 12, 5 min nəfər əhalimiz olub: 8, 5 mini rus, 4 mini azəri türkü. Bir il sonra, 1931-ci ildə rayonda ilk mətbu orqanı – “Qırmızı pambılqçı” qəzeti nəşrə başlayır. Hər həftənin şənbə günü, kiçik formatda çıxan qəzetin bir üzü rusca, arxa üzü Azərbaycanca – latın dilində, ilk redaktoru Bakıdan  göndərilən Hüseyn Natiq omuşdur!. 

Könül dostlarımdan birinin məsləhəti ağlıma batdı və elə səhərisi M. F. Axundov  küçəsində yaşayan,  Böyük Vətən Müharibəsinin iştirakçısı, qocalıqla qol – boyun olan Aerodrom Mustafa kişi ilə görüşdüm. Ötən əsrin 30 – 40 – cı illəri onun yaddaş cədvəlindən silinməyib hələ. Qırıq – qırıq, asta – asta söylədi:
 
- Bizdən çox uzaqda olmayan, yolun o üzündə, indiki yaşayış evinin yerində raykom yerləşirdi. Səhv eləmirəmsə, Hüseyn elə redaksiyada qalırdı. O, həm naborşik ( mütərrib ), həm də çapçı idi. Tez – tez kəndlərə kedərdi. Həftədə bir dəfə qəzetini qoltuğuna vurub, kimi görsə verərdi. Ruslar oun təzə qəzetini oxuyardılar, azərbaycanlılar şəklinə baxardılar... Siyasəti, iqtisadi və mədəni həyatı, ən çox raykomun iclaslarını işıqlandırardı.

Mustafa kişinin nəzərləri uzaqlara dikilmişdi. Nə barədəsə də düşünürdü. Qabağındakı çaydan bir qurtum içdi, sonra qırıq-qırıq, asta – asta dedi: 

-  Balaca deyidim, ağlım söz kəsirdi. Qağamla anamım söhbəti yadıma düşür. “Axaşmlar hündür boylu, yaraşıqlı bir cavan oğlan gəlib biz tərəflərdən o yana gedir “-dedi anam.

Qağamın qaşları çatıldı, hirsləndi:

- Hə, nə olsun, qapının ağzında durub, yolnan gedənlərdən soruşmalıyıq ki, sən kimsən, hara gedirsən?.

- Yox ey, arvadlar xizinlaşırlar ki, raykomda işləyən, qəzeti çıxardan o cavan gəlib, bu yanda gecələr ayın aydınlığında bir qızla görüşür, bir – birlərinin əlindən tutur, qucaqlaşır, sevişirlər.

- Arvadlar işi – güçü qurtarıb tay, onun - bunun arxasınca qeybət qırmağa söz axtarır, miçəyi böyüdüb fil eləyirlər. Sən elə şeylərə fikir vermə. Nə işinə qalıb, kim haradan gəldi, hara getdi?. Söz başuva qəhətdi?.

Sonra nə düçünürsə, qağam gülümsədi:

- Bə yadında döyül, mənim nə itim azmışdı ki, gecələr elə sizin evin həndəvərində gəzirdim.
Hər ikisi bir - birilərinə baxdılar və şaqqanağ çəkib güldülər.
                                                                         *  *  *
Keçid alıram həmişə  mənə hədsiz sədaqət göstərən öz yoldaşıma. O, dostumdur. Hələ indiyə kimi bivəfa çıxmayıb mənə, ikimiz birlikdə əl - ələ, nəfəs - nəfəsə  verərək qayıdıraıq ən azından 40 il əvvələ.. .

Dövrün səlnaməsini yaradan “Məhsul” qəzetinin məsul katibiyəm. Redaksiyası keçmiş kənd təsərrüfatı idarəsinin binasında yerləşir. Buludlu, çiskinli bir payız səhəri işə gələndə hündür boylu, ağ əndamlı, gözəl, yaraşıqlı yaşlı bir qadınla qarşılaşıram. Gözləmədiyim halda o, qabağa keçib, salamsız – kalamsız soruşur:

- Harda işləyirsən, cavan oğlan?.
 
Əlimi sola uzadıram:

- Bax orda, redaksiyada.

Heç nə demir, dərindən köks ötürür, ah çəkir, əlindən tutduğu oğlan uşağını – ya nəvəsini, ya da nəticəsini səsləyir:

-Gözümün işığı, yeri, dərsə gecikmə, deyib, yoluna davam eləyir.. . Özümdə, yəqin Nizami adına məktəbə aparır uşağı – fikirləşdim.

Yadımda deyil, iki ay, yoxsa 3 aydan sonra həmsöhbət olduq, soruşdu: 
- Sən yenə qəzetdəsən? 

- Bəs hara gedim?

- Yox ey, məqsədim başqadı. Bilməmiş olmazsan, Sizin qəzet qabaqlar “Qırmızı pambıqçı” olub. Onun redaktoru var idi – Hüseyn Natiq!. Mənim ilk sevgim. Tez – tez  görüşürdük. İlhai o, məni necə sevirdi.. . 17 yaşım var idi onu görəndə. Dedim qismətimdi, tale yaşımdı. Xoşbəxtəm. Fələyin üzü dönsün,  onu unutmaq çətindir. Hər gecə yuxuda görüşürük. Mənə şeir deyir, saçma sığal çəkir, qucaqlayıb üzümdən öpür. 

O, danəşır, ürək sirrini açır, mən öz aləmimdəyəm. Yaşı 80 – ı ötüb. Amma necə də gözəldi, yaraşıqlıdı. Heç Leyla Bədirbəyli onun əlinə su tökməyə layiq deyil.

Dil boğaza qoymur, yolnan gəlib gedənləri heç vecinə almır:

- Hitlerin balası ölsün, necə ki, özü də, nəsli - nəcabəti də it kimi gəbərdi. Müharibə başladı. Hüseyn könüllü olaraq getdi cəbhəyə.. . Məni gözlə Gülü, qayıdıb gələcəm, biz birlikdə olacağıq, evlənəcəyik – dedi.  Dava qurtardı, o, gəlmədi.. . 15 il gözlədim, 32 yaşım var idi. Ailə qurum deyə birisinə ərə getdim. Oğlum, qızım, gəlinlərim, nəvələrim.. . Hamısı mənim üçün əzizdi, doğmadı, amma ürəyimdəki niskil silinməyib, ölənə kimi onu – Hüseyni unutmayacağam. Bir axşam yuxuma gəlməsə, səhərisi işim düz gətirmir, heç nədən evdəkiləri söyürəm. Sonra peşiman oluram, özüm – özmü qınağa çəkirəm.

Nə fikirləşirsə, deyir:

- Bax, mənim bu söz – söhbətimi, sirrimi heç kimə danışma ha!. Biabır olaram.

 5 il bundan öncə, 89 yaşında dünyasını dəyişdi. Hüseynlə olmuş sevgisini də özüylə apardı qəbir evinə. Yas təziyyəsinə getmişdim. Nə gizlədim, mən bilərəkdən, qəsdən ömrü boyu iç dünyasında Hüseyn sevgisi yaşadan o qadının adını dilimə gətirmək istəmirəm. Bir az ehtiyatlanıram. Nəvə - nəticələrini rüsvay etdiyinə görə məni məşhər ayağına çəkməzlərmi?.
                  * *  *
Hüseyn ruhən, fitrətən şair idi. Onun fikirincə, sevgi, bu ilahi eşq əbədi, fədəkarlıq, sonsuzdur. Kim həyatı, təbiəti, insanları sevirsə, demək, o, xoşbəxtdir.Hüseyn bilirdi ki, məhəbbət insanı əldən salan xəstəlikdir, amma onun dərmanı, əlacı da elə özündədir. Bu arzu olunan mərəzdir və xəstə heç zaman əzablarından qurtulmaq istəmir.

 M. Fizuli: “Var bir dərdim ki, çox dərmandan artıqdır mənə. Qoy məni dərdimlə, dərman eyləmə, ey həkim” deyir.

Alman şairi Henrix Heyni “məhəbbət qəlbin diş ağrısıdır” söyləyirdi. Böyük mütəfəkkir  Əli bəy Hüseynzadənin fikri də mənalıdır: “ Nicat məhəbbətdədir”

Gülü ilə, onun sevgisini qəbr evinə aparan qızla hər görüşüb ayrılanda ürəyindən nalə, haray qopur və özündən xəbərsiz şeir deyirdi. Hüseyin və yaşadığı otağa daxil olan kimi, qələmi götürüb, o şeiri kağıza yazırdı.

Gündüz adamlarla ünsiyyət, iş – güc, yazı – pozu, gecələr isə.. . Gecələr onun idi, sevən, sevilən aşiqin. 

Gözəllər çoxdur, amma düşüncəyə görə, bu dünyada bir gözəl vardı, sinəsinə baş qoyduğu, ürəyinin döyüntüsünü eşitdiyi onun Gülüsü.. . Ay da həsədlə baxırdı onlara!.

Zamanında Gülü – o qadın Hüseynin       şeirlərindən bəzi misraları dilinə gətirirdi. Bir bənd düşür yadıma:

Öpsəm dodağından, eləcə öpsəm,
Öpüşlər məktubtək  uçar Tanrıya,
Bir öpüş, bir ürək, bir qız dodağı,
Çevrilər dünyanın xilaskarına.

... Təsadüfən, bu yaxınlarda əlimə Rasim Tağıyevin müharibəyə gedib – qayıtmayan şair və yazıçılardan bəhs edən “Süngüyə çevrilən qələm” kitabı düşdü. Çox da böyük olmayan bu əsər “Elm” Nəşriyyatınada 1977 - ci  yenidən çap olunub. Orda göstərilir:

-  1912-ci ildə Bakıda anadan olan Hüseyn Natiq 1931 – ci ildə Biləsuvarda “Qırmızı pambıqçı” qəzetinin redaktoru olmuşdur. Onun “Buruqlar” adlı ilk kitabına müqəddiməni Mehdi  Hüseyn yazmışdır. Hüseyn Natiqin “Azər”, “Vəzifəm”, “Böyük Firdovsi”, “Pambıqçılar”, “Qızıl Ordumuz” kimi kitabları ədəbi aləmə səs salmış, müəllifini geniş oxucu kütləsinə sevindirmişdir. Ü. Hacıbəyovun “Suvarilər” mahnısının sözləri H. Natiqə məxsuzdur.

Mən Hüseynin ruhu qarşısında  özümün mənəvi borcunu anlayıram. Onun obrazını çətinliklə də olsa da yarada bildim, lakin şəklini həmyerlilərimizə göstərməkdə aciz qaldım. Nə etməli, yaşımdan çox – çox irəlini görə bilməzdim ki.. .

Mustafa kişinin sözlərinə inanaq, inanmamağa haqqımız da yoxdu. O, deyirdi: “Hüseyn Natiqin boy – buxunu, yerişi – duruşu, baxışı, sifət cizgiləri, hətta gözlərinin rəngi də Mikayıl Müşfiqə oxşayır.”

Bu da son. Çox sevdiyim Biləsuvarın ilk salnaməçisi, şairi Hüseyn Natiqin ruhuna salam göndərirəm.

Əlibala Rəhimov,
publisist, “Qızıl Qələm” mükafatı laureatı   
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR