» » Şəfalı əllərin sehri


Şəfalı əllərin sehri


“Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır”
Heydər ƏLİYEV


…Köhnə söhbətdir. Fail həkimin əməliyyat apardığı otağın gözləmə zalında həyəcandan rəngi qaçmış, vücudları titrəyən Füzuli rayonundan məcburi köçkün soydaşımızın ailə üzvləri durmuşdular. Onlar ömürlük əlvida demək istəmədikləri analarını həkimin əllərinə tapşırmışdılar. Mübaliğəsiz, filansız demək olar ki, ölümlə üz-üzə çarpışan ananın taleyi yalnız Ulu Yaradandan və həkimin həmin andakı bacarığından aslı idi. Ən qorxulusu da bu idi ki, xəstə üzərində eyni vaxtda 3 ayrı-ayrı cərrahiyyə əməliyyatı aparılırdı- Endotraxeal narkozla nazik bağırsağın rezeksiyası, yan-yana anastamoz uşaqlığın amputasiyası və deşilmiş “S” vari bağırsağın tikilməsi.

On saata yaxın gərgin amma uğurlu sonucu olan əməliyyatdan sonra bayıra çıxan həkimin tərdən islanmış yorğun simasındakı xəfif təbəssüm sanki ətrafdakı ana həsrətli gözlərə sevinc qığılcımları bəxş etdi. İlahi, bir təbəssüm ümidsiz olana necə də sevinc və həyat bəxş edərmiş…


Bu zaman xəstənin həyat yoldaşı sevincindən göz yaşlarını silə-silə, puç olmuş ümidlərini yenidən göyərdən həkimin üzərinə atılıb boynuna sarılır, onun şəfalı əllərindən öpərək bağrına basır. Hıçqırtılı səslə ürəyinin dərinliklərindən gələn təşəkkür və minnətdarlığını bildirir: “Sağ olun həkim, Siz həqiqətən də səcdəyəlayiqsiniz…”
Çox qədim zamanlardan üzü bəri insan sağlamlığının keşikçisi həkimlər xalqın ən səcdəyəlayiq, qiymətli nümayəndələri sayılmışlar. Belə nəcib sənət sahibləri öz şəxsiyyəti, kamilliyi, peşəkarlığı ilə cəmiyyətimizdə hər zaman seçilmişlər. Təbii ki, həyatda hər kəs öz ömrünü yaşayır. Bəzən səhhətimizin qayğısına diqqət etmirik, xəstələnirik. Taleyin qismətilə ölümlə çarpışan insan kimdən imdad diləsin, kimə əl açsın?!.

Elə bu məqamda diqqətimiz o, nurani varlıqlara, yəni həkimlərə dikilir. Bu an vətəndaşlıq, peşəkarlıq, mənəvi kamillik, həkim adına olan hörmət və ehtiram ön plana keçir. Əlbəttə ki, bu gün hər şeyin maddi imkanlarla ölçüldüyü bir zamanda ölüm yatağındakı xəstənin keçirdiyi sarsıntıları təsəvvür etmək bir o qədər də çətin deyil.

Belə anlarda fədakarlığını əsirgəməyən həkimlərimiz də az deyildir. Şair Əhməd Qala demişkən:

…Pay da verər istəsə o ömürə,
Əli dəyən insan dönər dəmirə.
Müntəzirdir qəlbindəki əmirə,
Xəstəyə can verib yaşadar həkim


Bəli, fəaliyyəti boyu göstərdiyi xidmətlərin müqabilində beləcə sevgi, sayğı dolu təşəkkürlər qazanan, öz elmi ilə xəstə insanlara şəfa bəxş edən Biləsuvar səhiyyəsində ilk Əməkdar həkim Fail Məmmədov həmsöhbətimizdir.
12319671_969064136493226_749052645_nFail Zöhrab oğlu Məmmədov 9 mart 1952-ci ildə respublikamızın dilbər guşələrindən biri olan, təbii gözəlliklərinin saflığı ilə qəlbləri oxşayan Lerik rayonunda dünyaya göz açıb. Elə həmin illərdə ailələrinin Biləsuvar rayonuna köçüb burada məskən salması azyaşlı Failin gələcək həyatını bütövlükdə Biləsuvara bağlayır. O, 1969-cu ildə Biləsuvar şəhər Nizami adına 1 saylı orta məktəbi bitirdikdən sonra həmin il Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə daxil olmuşdur. 1975-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək uşaq cərrahı ixtisasına yiyələnmişdir. Elə təyinat aldığı ilk iş yeri də böyüyüb, boya-başa çatdığı doğma Biləsuvar olub.

İlk əmək fəaliyyətinə rayonun Uşaq xəstəxanasından başlayan Fail həkim 1980-cı ildən etibarən Biləsuvar Mərkəzi rayon xəstəxanasının cərrahiyyə şöbəsində çalışmağa başlayır. Fail doktor dəfələrlə Ukraynanın paytaxtı Kiyevdə, eləcə də paytaxtımız Bakı şəhərində Həkimləri təkmilləşdirmə institutunda, Topçubaşov adına Klinik Təbabət institutunda ixtisasartırma kurslarında olmuş və ümumi cərrahlıq ixtisasına yiyələnmişdir. 1994-cü ildən isə rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.

Ötən illərin yorulmaz iş məsuliyyəti, heç özün də bilmədən gəlib keçən aylar, illər Fail həkimin saçlarını ağartsa da, ona biri-birinin ardınca unudulmayacaq həyati uğurlar bəxş etmişdir. Hələ sovetlər dönəmində o, ali kateqoriyalı cərrah, səhiyyə əlaçısı adını qazanmışdır. 2000-ci ildə isə mərhum prezidentimiz Ulu öndər Heydər Əliyevin sərəncamı ilə Respublikanın Əməkdar həkimi adına layiq görülmüşdür. Ulu öndərimiz tərəfindən bu yüksək fəxri ad Biləsuvar səhiyyəsində ilk olaraq məhz Fail həkimə verilməsi ilə yadda qalmışdır.
Hər bir müsəlman əhli üçün vacib sayılan əməllərdən- müqəddəs Həcc ziyarətini yerinə yetirmək isə 2005-ci ildə nəsib olub, ona. Hacı Fail ilə rayon Mərkəzi xəstəxanasının müvəqqəti yerləşdirildiyi Xırmandalı kənd xəstəxanasında iş kabinetindəki söhbətimiz heç də asan ötüşmədi…

Həkimin gərgin iş rejimi- xəstəxanadakı müvəqqəti əlverişsiz şəraitdə baş çıxara bilmələri bir daha qəhrəman səhiyyə işçilərimizin varlığına bizi əmin etdi. Cərrahiyyə şöbəsində yatan xəstələrlə bağlı söhbət arası tibb bacılarına tapşırığı, işçilərin həkimə aramsız sualları, yeni gətirilən xəstələrin dioqnozu ilə maraqlanması və bütün bunlarla bərabər bizi də qırmayaraq dinləyib, suallarımızı cavablandırması, artıq kifayət idi…

Amma təvazökarlıq duyulurdu hər kəlməsində bu böyük insanın:
– Bütün gördükləriniz bizim gündəlik vəzifəmiz, demək olar ki, gündəlik həyatımızdır. İnsanların sağlamlığı keşiyində dayanmaq, həm də şərəflidir. Çünki insan yer üzünün əşrəfidir. Tanrı bəndəsinə qayğı, nəvaziş xeyirxahlıqların ən alisidir məncə. Yerli səhiyyə ocağımızda cənab Prezidentin göstərişi ilə hazırda əsaslı təmir işləri aparılır. Çox güman ki, yaxın vaxtlarda kollektivimiz yeni və ən müasir tələblərə cavab verəcək mərkəzi xəstəxanamızda əhaliyə tibbi xidmətlərini layiqincə davam etdirəcəklər. Sevindirici hal kimi onu xüsusi qeyd edə bilərəm ki, bu gün Biləsuvar səhiyyəsində yetərincə peşəkar, ixtisasını bilən, sevən, dünya səhiyyə təcrübəsindən yararlanan həkimlərimiz yetişib. Cərrahiyyə şöbəmizdə hazırda baxmayaraq ki, şəraitimiz heç də əlverişli deyil, bacarıqlı cərrahlarımızın səyi ilə çox ciddi cərrahi əməliyyatlar uğurla həyata keçirilir. Xəstəxanamızın baş həkiminin köməkliyi ilə cərrahiyyə şöbəsində tibbi xidmətin daha da yaxşılaşdırılması məqsədi ilə müasir tipli süni tənəffüs aparatı (Xirana), Narkoz aparatı (Drager), portotiv elektrik bıçağı və digər yeni avadanlıqlar alınmışdır ki, bu gün xəstələrimizin yüksək səviyyədə əməliyyat olunması üçün istifadə olunur. Məhz buna görə də bu gün nəinki Biləsuvarın özündən, hətta ətraf qonşu rayonlardan da bizə gündəlik çoxlu xəstələr müraciət edir və xəstəxanamızda istənilən səviyyədə əməliyyat olunur, müalicə alırlar.

Möhtərəm Prezidentimiz İlham Əliyevin, eləcə də YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın respublikamızda səhiyyə sahəsinə göstərdikləri əvəzsiz xidmətlərini qeyd edən Fail həkim söhbət əsnasında xəstəxana kollektivinin dövlət tərəfindən göstərilən qayğıya hərtərəfli cavab verməyə çalışdığını və əhalinin tibbi sağlamlığının qorunmasında daim həmrəylik nümayiş etdirdiklərini də bildirdi.

Bəli, bu gün Biləsuvarda sayılıb-seçilən həkimlərdən söhbət düşəndə Əməkdar həkim Hacı Fail Məmmədovun adı iftixar hissi ilə çəkilir. Ömrünün 40 ilə yaxın ən qaynar çağlarını insanların sağlamlığı keşiyində dayanmağa həsr edən və bununla da qürur duyan Hacı Fail həm də rayonda nümunəvi ailə başçılarındandır. Ömür-gün yoldaşı Səmayə müəllimə ilə 4 oğul övladının təlim-tərbiyəsi ilə yanaşı ali təhsil almalarına da nail olublar. Sədi Zöhrablı iqtisadçıdır, bank sektorunda çalışır. Şaiq isə paytaxtda işləyir, atasının həkim peşəsinin davamçısıdır. Cavid və Ziya da ixtisasları üzrə ayrı-ayrı sahələrdə çalışmaqla ailə adına daim ucalıq gətirirlər.

Budur, məncə örnəklik. Həm ev üçün, həm el üçün yaramaq, yanmaq. Şair bu yerdə sanki Fail həkimi nəzərdə tutub deyir:

Dünya yaşa dolar amma boşalmaz,
Sənli bu dünyamda ürək qocalmaz.
Əllərin bizimçün vallah yorulmaz,
Hamı öz canını düz sevsə, HƏKİM…


          Samir QURBANOV
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan