» » » Vətən müharibəsinin daha bir şəhidi anılıb


Vətən müharibəsinin daha bir şəhidi anılıb


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.

30 oktyabr 2021-ci il tarixində  Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Məmmədov Natiq Sahib oğlunun xatirəsi ehtiramla anılıb.

"Bilesuvarinfo" bilesuvar-ih.gov.az-a istinadən xəbər verir ki, qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin  yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu.

Vətən Müharibəsi şəhidi  Məmmədov Natiq Sahib oğlu - 30 avqust 1997-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur.  Aşağı Cürəli kənd tam orta məktəbində 2004-2015 illərdə orta təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Nümunəvi xidmətinə görə onu gizirlik məktəbinə göndərirlər. Natiq Məmmədov gizir kimi yenidən hərbi xidmətini davam etdirir. Subay idi.
Sentyabr ayının 27-də Vətən müharibəsi başlananda Natiqin də olduğu hərbi dəstə ön xətdə idi. Əzəli torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Natiq də bir Vətən əsgəri kimi əsl şücaət göstərir və qəhrəmancasına şəhid olur. Natiq Məmmədov 30 oktyabr 2020-ci ildə Aşağı Cürəli kənd qəbristanlığında torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Natiq Məmmədov ölümündən sonra "Vətən uğrunda",  "Xocavəndin azad olunmasına görə"  və  "Döyüşdə fərqlənməyə görə"  medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin! 


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan