» » Biləsuvar məktəblərində “Zəfər” vətənpərvərlik klubu fəaliyyətə başlayır


Biləsuvar məktəblərində “Zəfər” vətənpərvərlik klubu fəaliyyətə başlayır


Biləsuvar rayonunda məktəblərdə “Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi üçün layihənin icrasına başlanılıb.

"Bilesuvarinfo" xəbər verir ki, açılış mərasimi Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə baş tutub. Mərasimdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon təhsil şöbəsinin müdiri Aqşin Bağırov, Təhsil nazirliyinin əməkdaşları və müəllimlər iştirak edib. 

Təqdimat mərasimində layihənin rəhbəri Nazim Sadıqov çıxış edərək bildirib ki, layihənin əsas məqsədi məktəblərdə sistemli olaraq fəaliyyət göstərəcək “Zəfər” vətənpərvərlik klublarının yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən tədbirlərin təşkili ilə şagirdlərə vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir.

Eyni zamanda bildirib ki, daha sonra seçilmiş “Zəfər” vətənpərvərlik klubunun rəhbərlərinin - 34 müəllimin təlimatlandırılmasına start veriləcəkdir. Bu proses zamanı 2 yarımqrup formasında 34 müəllimə 6 gün ərzində (36 saat təlim) müəyyən olunmuş mövzular üzrə təlimlər təşkil olunacaq: "Təlimlər bitdikdən sonra yekunda klubun illik proqramının yazılışı təşkil olunacaqdır. Təlimlərdən sonra hər bir klub rəhbəri öz məktəbində “Zəfər” vətənpərvərlik klubunu təsis edərək fəaliyyətə başlayacaqdır. Klublar 1 ay fəaliyyət göstərdikdən sonra ilk dəfə olaraq 8 noyabr 2021-ci il tarixində Zəfər günündə geniş kütləyə - rayon ictimaiyyətinə təqdim olunacaqlar. Burada 34 məktəb üzrə 34 klub rəhbəri və 272 şagird olmaqla vahid formada və formatda yürüşdə iştirak edəcəklər."

Sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov layihənin belə geniş və davamlı olmasından razılığın bildirib və gələcək də öz dəstəyini əsirgəməyəcəyini qeyd edib. 

Rayon təhsil şöbəsinin müdiri Aqşin Bağırov çıxışında bildirib ki, layihənin davamlı olmasında çox maraqlıdır və bunun təşkilində təhsil şöbəsi rəhbərliyi olaraq yaxından maraqlanır və dəstək verir.

Çıxış edən 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Sənan Mənsimli ölkə üzrə qrant qaliblərindən danışarkən  Biləsuvar üzrə qalib olmuş layihələr barədə ətraflı məlumat verib. Azərbaycan Gənc Müəllimlər Assosiasiyanın sədri Rüfət Əsədzadə bu layihənin təşkilində istər təlimçi, istər metodiki, istərsə kadrlar ilə dəstəkçi olacaqlarını bildirib. 

Həmçinin layihənin eksperti Hüseyn Hüseynov çıxış edərək layihənin ideyasının formalaşmasından danışıb: "Nazim müəllimin əsas ideyası məktəblərdə klubların, dərnəklərin yaradılması ilə məktəbdə sosial həyatı rəngarəng etmək, mənim isə əsas ideyam məktəblərdə vətənpərvərliyin təbliğinin artırılmasına dəstək verməkdir".

Qeyd edək ki, layihənin icrası olaraq ilk dəfə olaraq ümumtəhsil məktəblərində sistemli idarəetməyə malik “Zəfər” vətənpərvərlik klubları təsis ediləcəkdir. 

Layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən yanvarın 17-dək davam edəcək.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan