» » » Vətən Müharibəsi Qəhrəmanı şəhid Cavid Mahmudovun xatirəsi ehtiramla anıldı


Vətən Müharibəsi Qəhrəmanı şəhid Cavid Mahmudovun xatirəsi ehtiramla anıldı

Biləsuvarda 5 oktyabr 2021-ci il tarixində  Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun xatirəsi ehtiramla anılıb.

" Bilesuvarinfo" xəbər verir ki,  şəhidimizin anım mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri  şəhidin ata ocağını ziyarət edərək, valideynləri ilə görüşüblər. Tədbir zamanı qəhrəman şəhidimizin məzarı ziyarət olunaraq, yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı olmuşdur.

Vətən Müharibəsi Qəhrəmanı Cavid Hilal oğlu Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

Cavid Mahmudov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və oktyabrın 5-də Füzuli döyüşləri zamanı  düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Cavid Mahmudov doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli  kənd qəbristanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudova ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Cavid Mahmudov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan