» » Müəllim - ən uca ad, ən şərəfli peşə !


Müəllim - ən uca ad, ən şərəfli peşə !


Hər il oktyabrın 5-i bütün dünyada “Müəllim günü” kimi qeyd olunur. Bugün müəllimlər peşə bayramlarını qeyd edirlər. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-ci il oktyabrın 5-I tarixində YUNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-I tarixində müəllimlər peşə bayramını qeyd edir. “Müəllimlər günü” hələ SSRİ-də qeyd olunub. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-i tarixi rəsmiləşdirilib.

"Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir". Müəllim haqqında fikirlərimi ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı ilə başlamaq istərdim.
Ömrünü şam kimi şagirdlərinin yolunda gilə-gilə əridən, onların parlaq gələcəyi naminə həvəslə çalışan və ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən müəllim! Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq  şagirdləri ilə paylaşır, onların gələcək həyat yollarında nurlu mayaka çevrilir. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlənir, ürəyi qürurla dolur.

Müəllim cəmiyyət quruculuğunun mənəvi, əvəzolunmaz memarıdır. Müəllim ömrünü bir kainata da bənzətmək olar. Ömrünü, beynini, ruhunu elmi-əxlaqi biliklərlə qidalandırdığı, əlinə qələm verdiyi şagirdləri isə bu kainatın kiçik zərrələridir.

Məhşur pedaqoq V.A.Suxomlinski "Yaxşı müəllim nə deməkdir?" sualına belə cavab vermişdir: "Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünya görüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər... Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss edən insan olmalıdır".

Müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunur. Onlara xalq arasında böyük hörmət və ehtiram var və gələcəkdə də belə olacaq. Heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz. Amma cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir.

Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər. 

Əziz və zəhmətkeş müəllimlər, sizi 5 oktyabr- müəllimlər günü münasibəti ilə təbrik edir, sizlərə yaradıcılıq uğurları arzu edirik.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR