» » Şəhidlik zirvəsinə ucalan Sehran Vəliyevin və Elvin Məmmədovun xatirəsi ehtiramla anıldı


Şəhidlik zirvəsinə ucalan Sehran Vəliyevin və Elvin Məmmədovun xatirəsi ehtiramla anıldı



Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır. Bu gün Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Sehran Vəliyevin və Elvin Məmmədovun xatirəsi ehtiramla anılıb. Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri  şəhidlərin ata ocağını ziyarət edərək onların valideynləri ilə görüşüblər. Tədbir zamanı qəhrəman şəhidlərimizin hər birinin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı olmuşdur.

Sehran Nizami oğlu Vəliyev - 23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Sehran 2000-ci ildə yaşadığı Nəsimikənd kəndinin Rafiq Uzayev adına orta məktəbinin 1-ci sinfinə gedib. 2008-ci ildə o, Biləsuvar rayonundakı İ.A. Dəmirov adına Peşə Liseyinə daxil olub və oranı 2011-ci ildə 1-ci dərəcəli traktorçu-maşinist və 1-ci dərəcəli dəmirçi-çilingər ixtisası almaqla bitirib. Sehran 2008-ci ildən kinqboksinq idman növü ilə məşğul olmağa başlayıb və bir neçə dərəcə əldə edib. 20 aprel 2011-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar idman məktəbindən ayrılıb və 28 aprel 2011-ci ildən Dövlət Sərhəd Xidmətində qulluğa başlayıb. O, 2012-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb və yenidən idmanla məşğul olub. Bir neçə dəfə ölkə üzrə yarışlarda nailiyyətlər əldə edib. Ailəli idi, 3 övladı əmanət qaldı.Sehranın hərbi sahəyə marağı onu yenidən bu çətin və məsuliyyətli işə qaytarıb. Onun müraciəti razılıqla qarşılanıb və 2016-cı ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri ilə ona gizir rütbəsi verilib. Sonra ona kəşfiyyat manqasının komandiri kimi məsuliyyətli bir iş tapşırılıb. O, Silahlı Qüvvələrin təlim və tədris mərkəzində (TTM) 27 iyul 2016-cı il tarixindən 24 sentyabr 2016-cı il tarixinə qədər "fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandirinin müavini-qurup komandiri" kursunu bitirib. Buranı bitirdikdən sonra N saylı hərbi hissəyə təyinat alıb və burada kəşfiyyat manqasının komandiri işləyib. Burada üç il xidmət etdikdən sonra əldə etdiyi nailiyyətlərə görə onu kəşfiyyat taqımının komandiri vəzifəsinə təyin ediblər. 27 sentyabr 2020-ci il Füzuli, Ağdərə, Qubadlı istiqamətindəki əməliyyatlarda və döyüşlərdə iştirak edib və Füzuli istiqamətindəki ağır döyüşlərin birində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Sehran Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

  Elvin Tərlan oğlu  Məmmədov - 12 dekabr 1992-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuşdur. 1998-2008-ci illərdə Xırmandalı kənd 1 nömrəli tam orta məktəbdə əsas təhsilini başa vurmuş, 2011-ci ilin yanvarından 2012-ci ilin iyul ayına kimi Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2014-cü ildən yenidən hərbi xidmətə qayıdaraq Daxili Qoşunların N saylı hərbi hissəsində çavuş kimi xidmətə başlamışdır. Ailəli idi, 1 övladı var. Elvin Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və  Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Elvin Məmmədov 3 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kənd məzarlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
                  Allah şəhidlərimizə rəhmət eləsin!

  Mənbə: Bilesuvar-ih.gov.az








Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan