» Sahillində böyüdüyüm Bolqar çayı


Sahillində böyüdüyüm Bolqar çayı


Bolqar çayının sahilində böyüdüm. Bu çayın selini gördüm. Uzaq olmayan keçən əsrin 80-ci illərində bu çaydan gələn sellə rastlaşıb ondan uzaq da qaçmışam.  Qaçsam da uşaqlığım bu çayın ətrafında keçib. Niyə Bolqar çaydan danışıram?

Çünki Bolqar çayı Biləsuvar rayonun onurğa stunudu. Burada yaşayışlar da vaxtilə çay sahillərində salınıb.  Suvarmalar da, suya olan ehtiyac da tam bu çayın hesabına olub. Ta ki Araz çayından indiki Cənubi Muğan kanalı çəkilənə qədər. Hətta sovet dövründə çayın üzərində İranla sərhədin yaxınlığında Bolqarçay su anbarı da tikilib. Hansı ki, əkin sahələrin bir qismi bu su anbarın hesabına məhsul verir. Bir sözlə, Biləsuvar dedikdə Bolqar çay yada düşür, ya da əksinə. Bir məsələ də var, hər bir coğrafi əraziyə qismət olmur ki, onun mərkəz şəhərinin, qəsəbəsinin, kəndlərinin ortasından çay axsın, onu iki yerə ayırsın, “sağ sahil”ə, “sol sahil”ə bölsün. Nəhayət, təbiətin belə bir neməti Biləsuvardan yan keçməyib. Əsas demək istədiyim isə tam başqadı. Bolqar çayın dərdi. Nədir bu dərd-sər? Bunu da bizə təbiət bəxş edibmi? Əsla yox. Bu dərdi özümüz yaratmışıq, eləcə özümüz də durmuşuq tamaşasına; zibilli bir tamaşaya.

Gör-gör, kor-kor, biz biləsuvarlılar Bolqar çayını nəyi var çirkləndirmişik. Heç kəs yaxasını kənara çəkə bilməz, içi mən qarışıq. Zibil atmayanlar bu vaxta qədər zibilləyənlərə mane olmayıblarsa, deməli eyni missiyanın sahibidilər. Çayın şəhərin mərkəzindən keçən hissəsində olan avtomobil və piyada körpüsündən (rayon avtovağzalı ətrafında) hər birimiz keçmişik. Bir anlıq dayanıb çayın halına baxaq. Çayboyu və körpünün altındakı zibilliyi, antisanitariyanı görüb dəhşətə gəlməmək mümkün deyil. Biz bu çayı niyə bu günə salırıq, nəyin qisasın alırıq?  Niyə Bolqar çayını nəhəng bir zibil qutusuna çevirmişik?  Uzərindəki kafelərdə oturub çay, pivə içərkən çayın bərbad halını görüb vicdan əzabı çəkirikmi?  Məncə yox. Sadə cavabı var, vicdan əzabı olsaydı, çayın zibil halı olmazdı. Bu məsələnin bu tərəfi, yəni vətrəndaşlar tərəfindən çaya olan münasibət.

Məsələnin ikinci tərəfi də var. Əsas və ən acınacaqlı tərəfi. Aidiyyatı qurumlar!... Yəni Biləsuvar şəhərin bələdiyyəsi, icra nümayəndəliyi, rayon icra strukturu, su idarəsi, nə bilim suvarma idarəsi və s. və i. a. Niyə Bolqar çayına sahib çıxmırlar, niyə vətəndaşları maarifləndirmirlər, niyə cərimələr tətbiq etmirlər? Niyə? Bu suala cavab tapmaq lazımdı.

P.S. Əgər bu çay bizə lazım deyilsə, torpaqlayıb dolduraq çayı, üzərində torpaq ərazisi yaradaq.Böyük bir zibil qutusuna çevrilən Bolqar çayını görüb utanmaqdansa, “Bir vaxtlar burada Bolqar çayı olmuşdu” yazı nişanını oxuyub fəxr etmək daha yaxşıdır. Əgər utanırıqsa...

İntiqam Hacılı,
kinorejissor
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan