YAP Biləsuvar Rayon Təşkilatının X hesabat konfransı keçirilib » Yerli İnformasiya Agentliyi
» » YAP Biləsuvar Rayon Təşkilatının X hesabat konfransı keçirilib

YAP Biləsuvar Rayon Təşkilatının X hesabat konfransı keçirilib


Avqustun 18-də Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki konfransda əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Gündəlik təsdiqləndikdən sonra Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının  sədr əvəzi  Aqşin Bağırov hesabat məruzəsi ilə çıxış edib. O, bildirib ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın  5-də  keçirilən VII Qurultayı partiyamızın həyatında  əlamətdar  hadisəyə çevrildi. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin  proqram xarakterli nitqi qarşıya  mühüm vəzifələr qoyub. Bu vəzifələrin icrasında hər bir rayon təşkilatı üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirməlidir. 

A.Bağırov qeyd edib ki,  Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı 71 ərazi ilk partiya təşkilatında  5573 üzvü birləşdirir. Onlardan  1702 nəfəri  qadınlar,  1731 nəfəri isə  gənclərdir. 2021-ci ilin 7 ayı ərzində partiya sıralarına 118 nəfər üzv qəbul edilib ki, onların 67 nəfərini  gənclər təşkil edir. 

Sonra Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının  Nəzarət Təftiş Qrupunun sədri Kazım Mənsimovun hesabat məruzəsi dinlənilib. 

Müzakirələr zamanı çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov,   partiyanın Biləsuvar rayon təşkilatı İdarə Heyətinin üzvü,  25 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Xanımgül Abıyeva, rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi  Sahil Hüseynzadə,  19 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri, Biləsuvar şəhər 4 saylı tam orta məktəbin direktoru Elşən Ağazadə hesabat dövründə görülən işlərdən bəhs ediblər.   

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev ulu öndər  Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin  partiyasıdır” fikrini önə çəkərək bildirib ki, bu tezis bütün dövrlərdə partiyanın fəaliyyətinə işıq salır, yeni-yeni hədəflərin  müəyyənləşdirilməsinə və yüksək səviyyədə həyata keçirilməsinə yardımçı olur. YAP aparıcı siyasi qüvvə kimi yarandığı gündən  bütün qüvvə və bacarığını dövlətə,  xalqa xidmətə yönəldərək,  Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli tövhəsini verib. Ümummilli lider Heydər Əliyevin  gələcəyə hesablanmış siyasətinin Prezident İlham Əliyev tərəfindən  son 18 ildə uğurla davam etdirilməsi nəticəsində istər ölkəmizin, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başlayıb. 

Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunan  qərarlardan, qarşıya qoyulan vəzifələrdən geniş bəhs edən Ə.Tağıyev YAP Biləsuvar rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Konfransda YAP Biləsuvar  rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
torpaq