» » Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyi yeniliklərə imza atır


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyi yeniliklərə imza atır


Təhminə Əliyeva: “Dövlətimiz gənclərin inkişafı, onlara öz potensialını ortaya qoya bilməsi üçün lazım olan hər bir şəraiti yaradıb.”

Azərbaycanda bütün sahələrdə gənclərin iştirakına, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına hesablanan strategiya, dövlət proqramları qəbul edilərək, uğurla icra edilir. 

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın əksər sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbəliyinin siyasi, iqtisadi, humanitar və sosial istiqamətlər üzrə həyata keçirilən tədbirlərinə hər zaman dəstək verirlər. Məhz, Prezident cənab İlham Əliyevin göstərişi ilə ölkədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəliklərinin açılması regionlarda gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsinə, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinə xidmət edir.

GİKM 2019-cu ilin fevralında ( 2 Fevral-Gənclər günündə ) Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Gənclər Fondunun maddi-texniki bazası əsasında yaradılmışdır. İlk dəfə pilot layihə kimi 3 regionda sınaqdan keçirilən GİKM proyekti uğurlu fəaliyyət göstərdiyi üçün artıq 41 regionda xidmət göstərir. Təsadüfü deyil ki, GİKM-ın ilk yaranan nümayəndəliklərindən biri  Biləsuvar olmuşdur.
Biləsuvarda Gənclərin İnkişaf və Karyera Mərkəzi 2019-cu ilin iyul ayından fəaliyyət göstərir. Fəaliyyətə başladığı müddətdən mərkəz biləsuvarlı gənclərin asudə vaxtlarının səmərəli təşkili, aktiv gənclərin mütəşəkkil fəaliyyətinin təmin edilməsində bir çox uğurlara imza atıb.

Bu günlərdə yolumuzu Biləsuvar rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinə salmışdıq. Buradakı abu-havanın, gənclərlə görüşün xoş təsüratlarını geri dönərkən bölüşməyə bilməzdim.

Diqqətinizə çatdırim ki, müasir dünyagörüşlü, yenilikçi gənc Təhminə Əliyeva bir müddətdir ki, Biləsuvar nümayəndəliyinin direktoru təyin olunub. O, ölkəmizdə sağlam gəncliyin formalaşmasında qarşıya qoyulan vəzifələrin icrasından danışarkən deyir : “ Ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işi  uğurla davam etdirilir. Prezident İlham Əliyev özünün çıxışlarında mütamadi olaraq gəclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səylərin nəticəsi olaraq gəncliyi novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Artıq dövlət gənclərin inkişafı, onların öz potensialını ortaya qoya bilməsi üçün lazım olan hər bir şəraiti yaradıb. Məhz Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzi - dövlətimizin biləsuvarlı gənclərə mühüm hədiyyəsidir. Biz gənclər, bu şəraitdən səmərəli yararlanıb, gənclər siyasətinə öz töhfəmizi verməyə çalışırıq.

Onu da qeyd edim ki, hələ sakini olduğum Çaylı kəndində məktəbli olarkən  ictimayətçi olmaq, gənclərlə ümumi məqsədlər üçün çalışmaq mənim daxilimdən gələn bir istək olub. Şükürlər olsun ki, bu yolda etdiyim cəhdlərim, səylərim nəticəsiz qalmadı.
Mən ilk könüllülük fəaliyyətimə tələbəlik dövründə, yəni Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (2014-2018-ci illərdə) təhsil alarkən başladım.

2016-cı ildə 1 saylı ASAN xidmət Mərkəzinədə könüllü fəaliyət göstərmişəm və aktivliyimə görə 1-ci dərəcəli sertifikatla təltif edilmişəm. Bundan əlavə ixtisasıma uyğun bir çox təlimlərdə, seminarlarda iştirak etmişəm. 

2018-ci ildə universitetimizdə təşkil edilən Məzun Karyera sərgisinə qoşularaq işə qəbulla bağlı müraciətlər etmişəm və “Barattson” MMC-də Müştəri Xidmətləri Təmsilçisi olaraq ilk iş həyatıma başlamış, daha sonra eyni şirkətdə şirkətdaxili menecer seçimlərinə qoşuldum və CRM(Customer Relationship Management) şöbəsinə rəhbər seçildim. 

2020-ci ilin əvvəlində rayona qayıtdım və sonra pandemiya olduğundan bir müddət rayonda qalmağı düşündüm, bu müddətdə  NAYORA tərəfindən təşkil edilən "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsinə qoşuldum və 1 il ərzində burada könüllü fəaliyyət göstərdim. Daha sonra Gənclər Fondunun saytından GİKM Biləsuvar nümayəndəliyinin direktoru vakansiyasına müraciət etmişəm.

-  Təhminə xanım, fəaliyyətinizin əsasını nələr təşkil edir?

- Nümayəndəliklər vasitəsilə region gəncliyi dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanını əldə edir. Bu xüsusda, gənclərə əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif şəxsi inkişaf təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar, düşərgələr və digər tədbirlər təşkil olunur.

 - Qeyd olunan istiqamətlərdə hansı işləriniz  olub? 

- Qeyd edim ki, 4 istiqamət üzrə (layihələr, təlimlər, tədbirlər, klub fəaliyyətləri) fəaliyyət göstərən mərkəzimizin əsas məqsədi 14-29 yaş aralığında olan bütün rayon gənclərini əhatə etməkdir. Əhatə edilən gənclərin sosial həyatını zənginləşdirmək, müxtəlif layihə və təlimlərdə iştirakını təmin etmək və onlara müsbət xüsusiyyətlər aşılamaq mərkəzin əsas hədəflərindəndir. Mərkəz təkcə ötən il ərzində 250 təlim, 170 layihə, 40 vebinar həyata keçirməklə 2000-dən çox gənci əhatə edib, həmçinin mərkəzin sıralarına 500 nəfər gənc üzv qatılıb. 

– Dərnək, klubların fəaliyyəti də varmı?  

- Bəli. Ancaq koronavirus pandemiyası ilə əlaqədar bu istiqmətdə də müəyyən məhdudiyyətlər olmuşdur. Hal-hazırda mərkəzdə fəaliyyət göstərən klublarda gənclər aktiv fəaliyyətlərinə davam edir.
İngilis və rus dili klublarının olması gənclərdə danışıq qabiliyyətinin artırılmasında önəmlidir. Əlavə olaraq “Mədədniyyət”, "Sosial fəaliyyətlər", "Vətənpərvərlik", “Eko” və “İdman” klublarından gənclər mütamadi yararlanırlar. Mərkəzimizdə şahmat oyunları, intelektual və əyləncəli oyunlar, atıcılıq yarışları, inşa müsabiqəsi, trashtag aksiyası kimi tədbirlər keçirilir.

–  Fəaliyyətinizdə bütün rayon gənclərini  əhatə etmək olurmu?
 
- Bu günədək rayon mərkəzindəki fəaliyyətlərdə aktiv iştirak etməmiş gənclərin də mərkəzə və onun fəaliyyətlərinə cəlb edilməsi məqsədilə ucqar ərazilərdə, kəndlərdə gənclərlə səyyar görüş və təlimlər keçirilib. Bu görüşlərin əsas məqsədi gəncləri rayonun ictimai sosial həyatında aktiv iştiraka həvəsləndirmək, onları layihələrimizə cəlb etməklə inkişafına nail olmaqdır.

-  Bəs gənclərin problemlərinin həllinə necə, çalışırsınızmı?

- Fəaliyyətimiz Azərbaycan Gənclər Fondunun fəaliyyət istiqamətlərini əsas götürərək, gənclərimizin spesifik problemlərinin həllinə və istəklərinin reallaşmasına yönəlikdir. Mərkəz mütəmadi olaraq qrant müsabiqələrinin elanı, məşğulluq proqramları, təhsil xərclərinin maliyyələşdirilməsi, xaricdə təhsil proqramı, və s. imkanlardan istifadəyə gəncləri təşviq etmək məqsədilə seminarlar, görüşlər keçirir, gənclərin bu və digər fəaliyyət istiqamətlərindən yararlanmaları üçün məsləhət xidməti göstərir. 
Ötən dövr üzrə fəaliyyətimizə nəzər saldıqda, gəncləri maraqlandıran və onların inkişafına dəyər qatan müxtəlif mövzularda təlimlər, qısamüddətli treninqlər, gənclərin bu təlimlərə qoşulması üçün müxtəlif tanıtım fəaliyyətləri təşkil edilmişdir. 
Gənclərin sosial və biznes yönümlü layihələrə cəlb edilməsi mütamadi olur. Bu ilin əvvəlində, JAA - Junior Achievement Azerbaijan, UNICEF və GİKM-ın birgə əməkdaşlığı ilə həyata keçirilən layihədə Biləsuvar rayonundan 3 nəfər gənc qrant əldə edərək öz ideyalarını reallaşdırmışdır. Bu layihələrdən biri də artıq fəaliyyətə başlayan "Art Club” layihəsidir. Layihə çərçivəsində gənclər rəqs və gitarada ifa etməyi öyrənir, asudə vaxtlarını səmərəli keçirirlər.

  - Sonda əlavə deyəcəyiniz varmı?

- Yaxın vaxtlarda mərkəzimiz  Biləsuvar Rayon Təhsil Şöbəsinin dəstəyi ilə “Yay məktəbi” layihəsi çərçivəsində 4 kənd məktəbində görüşlər keçirib. Bu görüşlərdə fəaliyyətimiz  barədə əməkdaşlarımız tərəfındən şagirdlər  təqdimatlar vasitəsi ilə məlumatlandırılıblar,  həmçinin onlar üçün əyləncəli-intellektual oyunlar təşkil edilib, flaşmob, gitara, kamança, skripka kimi musiqi alətlərində gənclərimizin ifası ilə şagirdlər üçün çay süfrəsi təşkil edilmişdir.

Fürsətdən istifadə edib, gənclərimizin diqqətinə çatdırım ki, avqust ayının əvvəlində bütün rayon gəncləri üçün gənclər kəndi seçilən Ağayrı kəndində və Bəydili kəndində "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində hər iki kənddə düşərgə təşkil ediləcək. 

Düşərgənin formatı çox əyləncəli, interaktivdir. Belə ki, gənclərimiz gün ərzində şəxsi inkişaf, bilik və bacarıqların artırılması istiqamətində praktiki təlimlər keçəcək. İntelektual, əyləncəli oyunlar və yarışmalar təşkil ediləcək. Bu möhtəşəm fürsətdən gənclərimizi faydalanmağa çağırıram! 
Bir daha bütün rayon gənclərini Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinə üzv olmağa dəvət edirik!

Qələmə aldı: Surxay Şahbazov

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR