» » » Şəhid gizir Tahir Əlizadənin 27 yaşını ailə üzvləri onsuz qeyd edir


Şəhid gizir Tahir Əlizadənin 27 yaşını ailə üzvləri onsuz qeyd edir


44 günlük Vətən müharibəsində düşmənə qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Şəhidlik zirvəsinə yüksələn belə cəngavər  oğullarımızdan biri də gizir Tahir Qəribəli oğlu Əlizadədir. Bu gün doğulduğu Biləsuvar şəhərində ailə üzvləri  Tahirin 27 yaşını onsuz qeyd edirlər. Amma qürur və fəxarətlə…

Ötən otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız Tahir kimi ər oğularımızın dastanlara sığmayan qəhrəmanlıqları nəticəsində azad edildi.  Valideynlərinin sözlərinə görə, hələ məktəb yaşlarında ikən torpaqlarımızın  işğal altında olması hər kəs kimi Tahiri də daim narahat edirdi. Buna isə səbəb böyük qardaşı I Qarabağ savaşının iştirakçısı, qazi Telmanın ermənilərin dogma Qarabağımızda axıtdığı nahaq qanlardan, törətdiyi vəhşilikərdən ailədə tez-tez etdiyi  söhbətlər idi. 2012-2014-cü illərdə milli ordumuzda həqiqi hərbi xidmətini başa vurduqdan sonra Tahir yenidən ön cəbhədə xidmət etməyə qərar verib. Gizirlik məktəbini müvəffəqiyətlə bitirdikdən sonra O, 2016-cı ildən cəbhənin ayrı-ayrı istiqamətlərində müddətdən artıq hərbi xidmətə başlayır.  Vətən müharibəsi başlayanda gizir Əlizadə Tahir Füzuli istiqamətindən döyüşlərə atılır. 

Anası Gülgəz Əliyeva deyir ki, Oğlum bu gün 27 yaşını  bizsiz-Cənnətdə qeyd edir. Bu həyatda Tahirin  arzuları çox idi.  Amma  əsas arzusuna- Vətəni işğaldan azad etmək istəyinə nail oldu. O, Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Şuşa istiqamətlərindəki əməliyyatlarda fəal iştirak edərək böyük şücaət göstərdi. Qardaşı gizir Bəhruz Əlizadə deyir ki, silahdaşlarının sözlərinə görə, Tahir döyüşlərdə düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edib, silah-sursatlarını qənimət kimi gətirib.

Şuşayadək ağır və gərgin döyüş yolu keçən Tahir Əlizadə iki dəfə baş və ayaq nahiyələrindən ciddi yaralansa da, döyüş meydanında silahdaşlarını tək buraxmadı, müalicəsini yarımçıq qoyub cəbhəyə döndü. Şuşa uğrunda gedən qanlı döyüşlərin birində aldığı növbəti güllə yarasından Tahir uzun müddət xəstəxanada koma halında olur. Dekabrın 6-da gözlərini əbədi yummaqla şəhadətə qovuşur. Doğulduğu Biləsuvar şəhər qəbristanlığında dəfn edilən gizir Əlizadə  ölümündən sonra Prezident sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

     "ARB" TV-nin bölgə müxbiri
       SAMİR QURBANOV








Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan