» » Bir dəstə qızılgül (Sənədli hekayə)


Bir dəstə qızılgül (Sənədli hekayə)


Yayın oğlan çağı. Günəş od ələyir ağzından, yandırır torpağı, daşı. Yarpaqları qaralan ağaclar ağzını açıb “su, su” deyə-deyə haray, həşir salır...
Səhiyyə Nazirliyində kollegiya iclası davam eləyir, daha doğrusu, yerlərdən göndərilən statistik məlumatlar təhlil olunur. Hansı rayonda vəziyyət necədi, bu yay  insanları incidən, işi-gücü əngəlləyən xəstəliklər, onların profilaktikası üçün aparılan tədbirlər bir-bir sadalanır... və birdən nazirin qaşları çatılır, hirslənir o:

-Baxın ey, İmişlidə traxoma tüğyan eləyir, qonşu Puşkində isə, onun əlamətləri görünmür. Niyə belə olsun? İnanmıram, orda vəziyyət, çox güman, daha ağırdır, bizə düzgün məlumat çatdırılmır. Təcili olaraq Puşkinə getmək, ən azından əhali arasında sanitariya təbliğatı aparmaq bizim tibb personalının müqəddəs borcudur... Ümumiyyətlə, əhali arasında gigiyenik-epidemioloji tədbirlərin müntəzəm olaraq aparılmasını unutmamalıyıq. Xüsusilə, çöl-bayırda işləyənlərlə, heyvandarlıq fermalarında gecə-gündüz çalışanlarla tez-tez görüşməliyik.

O iclasadan bir gün ötmüşdü. Zərifə işə gələndə gözlərinə inanmadı. Qrafik tutulmuşdu və o, mütləq getməlidi Muğanın ən qaynar nöqtəsinə- Puşkinə. İstədi direktorla görüşə, bir bəhanə ilə aradan çıxa, nə düşündüsə fikrindən yayındı. Elə şəhərdə yaşamışdı: Mil, Muğan, Talış...zonalarının adını eşitmişdi. Olmaz belə, həmişə şəhər aurasında ömür-gün keçirmək kimə lazımdı. Qoy gedim Puşkinə, görüm orada camaatın əhvalı, işi-gücü necədir, nəynən nəfəs alıb yaşayırlar... Həkimlik bir yana, əgər ziyalıyıqsa, Azərbaycan vətəndaşıyıqsa, hər bölgəni, rayonu, kəndi tanımalıyıq... Döndü arxaya baxdı, Azərbaycanın xəritəsinə: Puşkin hardadır? Kürün sahilindəki Salyandan o yana, yuxarıda İmişliyə, o biri tərəfdən Astarxanbazarla qonşu. Gedəcəm, burda nə var ki... Pəncərənin pərdəsini açdı, hər küçəsinə, döngəsinə bələd olduğu şəhər... Sonra fikir-xəyal aləminə cumdu. Nişanlısı, könül verib, ürək qızdırdığı, özü qədər sevdiyi, alagözlü, hündür boylu Heydəri gördü... Səhər yuxusuna gəlmişdi o, baxışları işıq saçırdı, sanki dil olub, dillənirdi: “Darıxma, döz, bir az da döz, az qalıb, məktəbi qurtaran kimi evlənəcəyik, həsrətə, iztiraba son qoyacağıq”. Fikirləşdi: “Heydər hələ 21 gündən sonra qayıdacaq Bakıya... Gedəcəm Puşkinə, üç gün nədir ki”... Keçdi o biri otağa, qol çəkib, ezamiyyə vərəqəsini götürdü. Sabahı gün evdə dedi ki, onu göndərirlər Puşkinə-ezamiyyətə və yəqin ki, axşamlar üç gün gəlməyəcək evə. Yol çantası düzəltdi, paltarını yığdı ora, gəldi avtovağzala...

Rayonda soraqlaşa-soraqlaşa gəldi nazirliyin kollegiya iclasında töhmət alan baş həkim Ayaz Quliyevin yanına. “Kimdi bu hündür boylu, yaraşıqlı cavan qız?” Təəccübləndi və ezamiyyə vərəqini oxuyanda gözlərinə inanmadı. “ Oftalmoloq Zərifə Əziz qızı Əliyeva...” Yəqin ki, traxoma ilə maraqlanacaq-deyə düşündü baş həkim. Yanılmamışdı o, gəldilər palataya. Bakıdan ezam edilən cavanca qız əvvəlcə sənədlərə göz yetirdi. 16 xəstə gözündən müalicə olur. Bəs hanı onlar? İki uşaq həyətdə top-top oynayır. Şöbə müdiri Ərəstun Eyvazov tez-tələsik uşaqları gətirdi palataya. Baxdı onlara: Ay aman, bi çəp göz, o birisi isə o qədər ovalayıb ki, gözləri qanla dolub, uzağı çətin görür... Qaranlıq məqam yoxdu-saxtakarlıq və şübhəsiz, 16 xəstəyə hər gün üç dəfə yemək verilir, adlarına dərman yazılır. Bunların hamısı pul deməkdir. Heç üstünü vurmadı: görünən dağa nə bələdçi..

Hamının “dayı” deyə müraciət etdiyi şöbə müdiri Ə.Eyvazov danışır, nəisə Bakıdan gələn xanım qonağa çatdırmaq istəyir... Zərifə əlini yellədi və bayıra çıxdı. Hava hələ istidi, axşamüstünün sərini düşməyib. Xəyal dünyasında institutun direktoru Umnisə xanımın bu sözləri canlandı: “Yerlərə gedəndə, hansı rayonda olur-olsun, quru statistika ilə rastlaşacaqsınız. Çalışın kəndlərə gedib, əsl vəziyyəti görəsiz”... Keçən həftə direktor ürək ağrısı ilə dedi: “bəzi rayonlarda 2-3 ali təhsilli həkim ola-olmaya... hər yerdə feldşer, tibb bacısı. Onlar da xəstəyə həb atdırır, iynə vururlar. Rayonların birində eşitdim ki, feldşeri çağırırlar fermada sağıcı işləyən qadının üstünə. Baxır, deyir: bu qəfil sancıdı, mənim gücüm çatmaz, aparın Bakıya: Demə o xəstədə kor bağırsağın iltihabı varmış. Bağırsaq partlayır, qan zəhərlənir, xəstə ölür...”
Ümumiyyətlə, yerlərdə antisanitariya hökm sürür.

Vərəm, malariya, taun, traxoma, qızılca... kimi xəstəliklər baş alıb gedir.
Ayaz Quliyev düşünürdü: o, harda qalacaq. Ayrıca qadın mehmanxanası yox. Evə aparacam, bizdə gecələyər. Və birdən qonağın sözü göydəndüşmə oldu:

-İstəyirəm İmişli tərəfdə, ucqar bir yerdə olum...
-Hə lap yaxşı, qoy getsin Nobat xanımın yanına. Sonra “təcili yardım”ın sürücüsünü çağırdı və ona Nərimankənd feldşer-mama məntəqəsinin müdiri N.Ağayevanın üstünə kağız verdi... Və sürücü Zərifəni gətirdi kəndə... O, heç gözləmirdi bu görüşü. Sanki uzun illərin ayrılığından sonra qarşı-qarşıya gəlmişdilər. Onu bağrına basdı, “xoş gəlmisən”, deyib mehriban üz göstərdi Nobat. Yemək-içmək öz yerində, axşam bir çarpayıda baş-ayaq yatdılar. Səhər iki ağ xalatlı qadın kəndin kənarlarındakı fermalara üz tutdular. Əsl antisanitariya, çobanlar, sağıcılar nə gündə yaşayır, mal-heyvan saxlayırlar. Yastıyapalaq evləri var... Bir otaqda ortadan pərdə asıblar, o üzdə qoyun-quzu, bu üzdə ailə... Evin arxasında peyin qalaqlanıb... Balaca uşaqlar zir-zibilin, peyin topasının üstündə oynayırlar. Təmizlik, heç olmasa, ayda bir-iki dəfə çimmək kimin yadına düşür. Yığdılar qadınları, onları başa saldılar ki, bütün xəstəliklərin mənbəyi natəmizlik, kirli həyat tərzidi.
Səhərisi gün onları qarşılayan ferma müdiri istədi nəsə deyə. Nobat xanım qışqırdı onun üstünə:
-Çərənnəmə, artıq-əskik danışma! Hələ qayıt özüvə bax, boyun-boğazın tey kir. Utanmırsan? Gedin at-arabayla kanaldan çəlləklə su gətirin, paltar yuyun, çimin.

Müdir əlini ağzına qoydu, kəsdi səsini.
“Bu Nobatdı, müharibə veteranı, raykomun üzvü, hələ təzəlikcən onu kolxoz partiya təşkilatının katibi qoyublar. Sədr Şayı Quliyev özü onunla ehtiyatla danışır.”

Gecə xısınlaşdılar. Zərifə dedi:
-Niyə cavanlığını küləyə vermisən? Hiss edirəm ki, yaraşıqlı, boy-buxunlu, gözəl olmusan... bəs niyə ailə qurmayıbsan? İstəyənin olmayıb? İndi tək əzablı həyat yaşayırsan...

Dərindən ah çəkdi, gözləri yaşardı. Ötən illər xəyalında canlandı Nobatın:
-İnstitutun 4-cü kursundan könüllü olaraq getdim müharibəyə. Qospitalda işləyirdim. Lənkəranlı bir əsgərlə sevişirdik. Arzumuz bu idi ki, tərxis olunandan sonra qayıdaq vətənə, evlənək... Belorusiyada bir kənd uğrunda döyüş getdi. Bizimkilər düşməni geri otuzdurdu. Biz yaralıları gətirdik qospitala. Mən hamıdan qabaq özümü yetirdim İbrahimə, qollarım arasında son gücünü toplayıb baxdı üzümə keçindi... Bayılmışam, ürəyim gizlənib... Masallıdan molla oğlu olan əsgəri-Sabiri çağırdım, gəldi. İbrahimi müsəlman qaydasınca tapşırdıq torpağa... Taleyim, bəxtim yox, özüm də 40 gün qara geyindim, yas saxladım ona. Sonralar istəyənim çox oldu, ancaq heç kimə “hə” deməyə dilim gəlmədi.
-Eşidərsən, bilərsən, mənim atam Əziz Əliyev Dağıstan Vilayəti partiya komitəsinin I katibi idi. Qayıtdıq Naxçıvana-qədim ata yurdumuza. O siyasi burulğana düşdü. İndi Bakıdayıq.. Atam ahıl yaşında öz sənətini davam elətdirir.

Gündüz tarla düşərgəsində pambıqçı qadınlarla görüşdülər. Zərifə yenə sanitariya, gigiyena tədbirləri, traxoma, malariya xəstəlikləri barəsində danışdı:
-Sizin kənd susuz dəyirmana bənzəyir,-dedi- kəndin gözəlliyi, yaraşığı onun bağı-bağatıdır. Payızda çoxlu ağac, gül-çiçək əkin həyət-bacanızda... Yolların qırağında peyin, zir-zibil qalaqlanıb. Evlərin yanından keçirsən, pis qoxu dolur ağız-burnuna...

Elə bu vaxt atlı kuryer özün yetirdi onlara dedi :
-Rayondan baş həkim xəbər verdi ki, Bakıdan anası zəng vurub, bəs tez evə qayıtsın qonaq...nişanlısı gəlir sabah.
Uçmağa qanadı yox idi, gəlir o,-həmişə “darıxma, Zərifə biz tezliklə evlənəcək, ömrümüzün sonuna kimi bir yerdə olacağıq,” -deyən Heydəri... Elə həmin gün gəldilər rayon mərkəzinə, ezamiyyə vərəqəsini təsdiq elətdirdilər. Nobat xanım onu Lənkərandan Bakıya gedən saat 5 avtobusuna mindirdi. Qucaqlaşıb öpüşdülər, “hələlik” dedilər bir-birlərinə. Sol  əlində yol çantası, sağ əlində butulkaya qoyduğu, hələ ətrini, təravətini itirməyən, suda qalmış bir dəstə qızılgül...

Sabah dəmiryol vağzalında gülə-gülə, sevinə-sevinə qarşıladı Heydərini, bir dəstə qızılgülü verdi ona.
Sonralar Ulu Öndərimiz H.Əliyev bir müxbirin sualını cavablandırarkən dedi:
-Gülləri, çiçəkləri sevirəm, ancaq qızılgülü iyləyərkən bütün dərdlərimi unuduram!

     Əlibala RƏHİMOV,
     publisist, “Qızıl qələm” mükafatı laureatı, tədqiqatçı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR