» » Biləsuvar rayonunda 9 May – Qələbə günü qeyd olundu (ŞƏKİLLƏR)


Biləsuvar rayonunda 9 May – Qələbə günü qeyd olundu (ŞƏKİLLƏR)


09 may 2021-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində Faşizm üzərində qələbənin 76-cı ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Biləsuvar Rayon İcra Hakimyyətinin başçısı Faiq Qürbətov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri, rayon İctimaiyyətinin nümayəndələri iştirak ediblər. Eyni zamanda Xırmandalı kəndində 1978-ci ildə inşa edilmiş 1941-1945-ci il abidə kompleksi və  1990-ci ildə inşa edilən 20 Yanvar abidəsi yenidən restavrasiya olunub, əlavə olaraq abidə kompleksi yanında həm Birinci Qarabağ müharibəsi, həm Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan, yeni inşa edilmiş abidə kompleksinin açılışı olub. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək bildirdi ki,  1941-ci ilin 22 iyul tarixində alman faşistlərinin Sovet İttifaqına qəflətən hücumu ilə başlayan Böyük Vətən Müharibəsi  hələ də unudulmur. Bu dəhşətli müharibədə Sovet xalqlarının tarixi qələbəsinin əsas səbəbi milliyyətindən asılı olmayaraq ittifaqda birləşən xalqların birliyi və əzmkarlığı oldu. Faşist Hitler ordusu darmadağın edildi. Dünya qələbə sevincini yaşadı. Təkcə bu müharibədə 50 milyondan çox insanın həlak olması çox böyük və qanlı faciə idi. Azərbaycan xalqı da bu müharibədə həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq və qəhrəmanlıq göstərmiş, tarixi qələbəyə öz töhfələrini vermişdir. 600 mindən çox  Azərbaycanın oğul və qızları bu müharibəyə qatılaraq faşizmə qarşı qəhrəmancasına vuruşmuşlar. Onlardan bir çoxu Berlinə qədər uzun bir döyüş yolu keçmişdir.

      Böyük Vətən Müharibəsində  Azərbaycan döyüşçülərindən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, 30 nəfər “Şərəf” ordeninin hər üç dərəcəsi ilə, 170 min nəfərdən çox həmyerlimiz isə döyüş şücaətinə görə müxtəlif orden və medallarla təltif olunmuşlar.

      Böyük Vətən Müharibəsinin iştirakçıları arasında qədim Biləsuvar torpağından 4380 nəfərdən çox oğul və qızlarımız da əsl qəhrəmanlıq göstərmişdir. Onlardan 700 nəfərdən çoxu həlak olmuş, itkin düşmüşdür. 780 nəfər müxtəlif orden və medallarla təltif olunmuşdur. 9 May-Qələbə Günündə adını Reyxstaqın divarlarına yazan igidlərdən biri də Biləsuvarlı Səfər Əsgərov olmuşdur. Böyük Vətən Müharibəsində qəhrəmanlıqla vuruşmuş Biləsuvarlılardan Səfər Əsgərovun, Dayandur Nadirovun, Nobat Ağayevanın, Ağaverdi İmanovun, Mustafa Əliyevin və başqalarının adları bu gün də ehtiramla yad olunur. Başçı  qeyd etdi ki,    Azərbaycan xalqı bu ilki 9 May - Qələbə Gününü xüsusi bir sevinclə qeyd edir. Çünki xalqımız erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsinin də sevincini yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, rəşadətli ordumuzun hünəri nəticəsində haqq - ədalət qələbə çalmış, işğal altında olan torpaqlarımızın 30 illik həsrətinə son qoyulmuşdur.

      Biz tarixə qızıl hərflərlə yazılmış 9 May – Qələbə Gününü, həm də 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfər Qələbəsi ilə birlikdə qeyd edirik.

Tədbirdə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov,  Biləsuvar rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının sədri Məhərrəməli Kazımov, kənd  ağsaqqalı Akif Kazımov çıxış etdilər.

Məlumat üçün bildiririk ki, Xırmandalı kəndində  Abidə Kompleksi Biləsuvar Rayon İcra Hakimiyyətinin, şəhid ailələrinin,  kənd ictimaiyyətinin nümayəndələrinin və  iş adamlarının dəstəyi ilə  inşa edilmişdir.




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan