“Biz guya hücuma keçirdik?!” - Köçəryan hər şeyi açıqladı » Yerli İnformasiya Agentliyi
» » “Biz guya hücuma keçirdik?!” - Köçəryan hər şeyi açıqladı

“Biz guya hücuma keçirdik?!” - Köçəryan hər şeyi açıqladı


Rusiyanın “Birinci Kanalı”nda "Pozner" verilişi efirə çıxıb. “Yeni Sabah” bildirir ki, verilişin qonağı Ermənistanın keçmiş prezidenti Robert Köçəryan olub.

Təbii ki, verilişin aparıcısı Vladimir Poznerin verdiyi sualların xeyli hissəsi Ermənistanın Dağlıq Qarabağdakı məğlubiyyəti ilə bağlı olub.

“Müharibədəki ağır məğlubiyyət, cəmiyyətin psixoloji çöküşü, onun ikiləşməsi, fikir ayrılıqları, hətta deyərdim parçalanması, dərin təlatümlər, iqtisadiyyatdakı, idarəetmədəki problemlər... Bax, mən Ermənistandakı mövcud vəziyyəti belə xarakterizə edərdim. Yəni, haqqında müsbət fikir söyləmək mümkün olan bir sahə yoxdur. Heç olmasa nisbətən. Yəni müharibəni necə uduzmaq və ölkəni normal vəziyyətdə saxlamaq olar?”, - deyə R.Köçəryan sual edib.

R.Köçəryan bildirib ki, işləri ilə əlaqədar Moskvadadır və buraya həm də Rusiyanın “Sistema”  AFK investisiya şirkəti İdarə Heyətinin iclasında iştirak etmək üçün gəlib. (Virtualaz.org)
Köçəryan Putinlə Moskvada görüş barədə Poznerin sualına qeyri-müəyyən cavab verib.
İkinci Qarabağ müharibəsinin səbəblərini təhlil edən eks-prezident müharibənin Ermənistanın hazırkı siyasi rəhbərliyinin Azərbaycanla danışıqlar prosesini dalana dirəyən siyasəti üzündən baş verdiyini bildirib: “Erməni tərəfi anlaşılmaz tələblər irəli sürməyə başladı. Danışıqlara "sıfır nöqtədən" başlamağı təklif etdi. Sonra Dağlıq Qarabağın danışıqlarda iştirakına dair tələb irəli sürüldü. Sonra bəyan etdilər ki, Qarabağ Ermənistandır və nöqtə. 

Bundan sonra… hamı hiss edirdi ki, erməni tərəfi danışıqlardan yayınır. Yəni bu, çətin danışıqların məsuliyyətindən yayınmağın bir metodu idi. Çətin danışıqlara məsuliyyətli yanaşmaqdan qaçmaq idi... Bununla yanaşı, son üç ildə ordunun döyüş qabiliyyəti metodiki olaraq məhv edilmişdi. Bu da xeyli dərəcədə indiki hökumətin Ermənistan ordusu qarşısında yaşadığı patoloji qorxu ilə bağlı idi. Orduya inamsızlıq və qorxu ilə yanaşırdılar. Ordu rəhbərliyində qondarma "korrupsiya təmizliyi" başlamışdı. Döyüş komandanlığının aktiv şəkildə dəyişdirilməsi baş verdi. 2,5 ildə iki Baş Qərargah rəisi dəyişdirildi... Müharibə dövründə Ermənistanın uğurlu bir əməliyyatı olmadı, uğursuzluq ardınca uğursuzluq, heç bir döyüşdə qalib gəlmədi…”.

“10 noyabrda imzalanan sülh müqaviləsinin şərtlərinə münasibətiniz necədir” sualına R.Köçəryan belə cavab verib: “Paşinyanın başqa yolu yox idi. Müharibə 44 gün davam etdi. Bütün bu günlərdə ermənilərin “başını yeyirdilər” ki, guya biz qalib gəlirik. Şok məhz bundan qaynaqlandı. Hakimiyyətdəkilər az qala  irəlilədiyimizi deyirdilər. Amma mən nə baş verdiyini bilirdim axı, vəzyyətə bələd olanlar da bilirdilər...
Lakin əhalini elə axmaq yerinə qoymuşdular ki, imzalanan bəyanat Ermənistanda çoxlarını şoka saldı. Bəs biz guya hücuma keçirdik?! Məlum oldu ki, Ermənistan müharibə dövründə bircə dəfə də olsun uğurlu əməliyyat keçirməyib. Uğursuzluq ardınca uğursuzluq…”.

Köçəryan bu qədər acı məğlubiyyətin səbəbini bir daha “Ermənistanda ordunun son üç ildə metodiki şəkildə məhv edilməsində” gördüyünü deyib.

Pozner Köçəryandan soruşub ki, "əgər siz Ermənistanda hakimiyyəti ələ alsanız, qəlbinizdə “Qarabağda revanş” hissi gizlənməyib ki?!”.

“Ermənistan dövlətinin və Ermənistan ordusunun bugünkü vəziyyəti ayıq düşüncəli heç bir insanın bu cür revanş haqda düşünməsinə, sadəcə, imkan vermir” – deyə cavab verən sabiq prezident onu da bildirib ki, bugünkü sülhü çox ədalətsiz hesab edir: “Rusiya Prezidentinin oktyabrın 19-da məlum təklifi olub. Lakin erməni tərəfi onu rədd edib. Yəni müharibəni tamamilə başqa səpkidə dayandırmaq imkanı var idi, amma Ermənistanın baş naziri belə bir qərarı qəbul etmək məsuliyyətini öz üzərinə götürmədi. Halbuki Ermənistan Baş Qərargahının yazılı raportu var idi ki, biz müharibəni uduzuruq... Nəticədə, biz oktyabr ayının 19-da itirə biləcəyimizdən on dəfə çox itirdik. Üstəgəl daha bir neçə min ölü və yaralı…”.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq