» » » Yazarlarımız


Yazarlarımız


BƏNÖVŞƏ
Bənövşə həmişə qışda gül açır
Ətiri-qoxusu aləmə saçır,
Boynumu əyərək, qıyğacı baxır,
Yazın gəlişini bildirən zaman.

Dağlarda daşların içində bitər,
Qarlı cığırların izində itir,
Dağın yamacında, hər yerdə bitər,
Yazın gəlişini bildirən zaman.

Yamaca çıxanda, gözüm qamaşır,
Bulağın suyunda hey aşır-daşır,
Yazın gəlişi qışla qarışır,
Yaz öz gəlişini bildirən zaman.

Bənövşə gələndə, qış geriləyir,
Yazın gəlişinə boynunu əyir,
Günəşin gəlməsinə o, gülümsəyir,
Yazın gəlişini bildirən zaman.

Bənövşə gözəldi, sevirəm mən də,
Yazın gəlişini belə görəndə,
Yamacda o gülü hərgün dərəndə,
Yazın gəlişini bildirən zaman.

Məşədi Əlifsən etsən də zikir,
Bənövşə həmişə boynunu bükür,
Yazın o vaxtı tez gəlib, keçir,
Yazın gəlişini bildirən zaman.
Məşədi Əlifağa

HAQQA ÇATACAĞIM BÖYÜK SƏHƏR VAR
Arzu olasaydı ümid ölərdi,
Ümid olmasaydı arzular yetim...
Sən mənim haqqımsan, mən sənin haqqın-
Səni gözləyirəm ay həqiqətim!.

Müəllifdən... 
Naqisliyin kökü kəsilən deyl,
O kökün pöhrəsi daha pis olur,
Min illər boyudur xeyirli-şərli,
Bu dünya necəydi eləcə durur...

Ağ qoç, qara  qoçla nağıldan keçib,
Həyatı görəndən bu belə olub.
Nə edək, adam var onun xəmiri
Yalanla, böhtanla, şərlə yoğrulub.

Hər şansı özüyçün qənimət sanıb,
Çapıb-çırpışdıran kəmfürsət nə çox...
Fəqət, haqq olana çatınca növbə,
Görürsən meydanda bir kimsənə yox.

Çoxu haqdan qaçır yalan tərəfə,
Kölgəyə çəkilib məqamı güdür,
... Qarışıqlıq salıb, yana çəklir,
Sonra da yaranan “tufanı” güdür.

Hiylə ümmanında balıq tək üzüb,
Böhtan dənizində təlim keçən var.
Hətta susayanda insan qanına,
Şərbət əvəzinə töküb içən var.

İnsan tək yaşamaq urvatdan düşür,
Ləyaqət, şəxsiyyət qəhətə çıxır.
Həqiqət adıyla sırınmışların,
Vaxtı keçir, neçəsi qələtə çıxır.

Belə insanların mövcudluğuna,
Necə dözür axı, necə bu dünya?!.
Belə zalımlara göz yumacasa, 
Biryolluq dağıla, uça bu dünya!.

Azıb bu tünlükdə itmək qorxusu,
Hər addım başında izləyir bizi...
Vallah, ürək ilə döyünmür daha,
Beyinlə döyünür insanın nəbzi...

Düşünə-düşünə, düşüncə itir-
“Salam”lı, “sağ ol”lu görüşlər saxta...
Sürəkli qəh-qəhə tutur məclsi,
Baxırsan, bəhsə-bəhs gülüşlər saxta...

Çoxu yarınmağın yolunu tapıb;
Boyun qucalamaq, təzim, qulluq-zad...
Saxta təbəssümlər lap adiləşib-
Necə də urfatsız olub bu həyat!..

“Qaçanı qovmazlar”-atalar deyib,
Ancaq ki, qovurlar bizim zamanda.
İçində boğulub haqsızlıqların,
Ümüdlə məhv olur lap bircə anda.

Arzusu qəlbinin yasına dönüb,
Özü öz “ölüsün” yuyandı qəlbim.
Vallah, belə getsə bir gün görəcəm,
Çərləyə-çərləyə dayandı qəlbim... .

Əgər mən yoxamsa, arzum da yoxdur-
Başına, gözünə döyməklə deyil.
Yoxluq – itkilərin ən ağrılısı –
Taleyi, qisməti söyməklə deyil.

Mənim öz “mənim” var özümdən qabaq,
O “məni” qoruyub saxlayam gərək.
“Məni” olmayanın mənliyi olmur-
“Məni” qürürumla bir sayam gərək.

Bəlkə varlığım da ani, ötəri,
Həyatda daima nə vardır axı?..
... Əlimi açıram Uca göylərə -
Ey Tanrım, çox görmə mənə sabahı!..

Çox görmə!.. Dözüm ver, səbr ver mənə,..
Hələ bilmədiyim çox nəsnələr var.
Haqqa çatacağım ümüdlər durur-
Haqqa çatacağım böyük səhər var!.

O səhərə qədər ömür ver mənə,
O səhərə qədər ömrümü uzat!.
O səhəri görüb haqqa qovuşsam...
Ondan sonra ölmək necə də rahat!..

Firudin Bağırov,
şair-rəssam 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan