» » Bir ailənin vətən eşqi - Fotolar


Bir ailənin vətən eşqi - Fotolar


Abdullayevlər ailəsi Biləsuvar şəhərində yaşayır, ailə başçısı mərhum Abdulla kişinin halal süfrəsində böyüyən övladlarından Əlövsət Abdullayev 3 oğul atasıdır. O, birinci Qarabağ müharibəsində qardaş itkisini yaşayıb. Atəşkəsin elan olunmasına sayılı günlər qalmış Qarabağda gedən qanlı döyüşlərdə sonbeşik qardaşı Seymurun itkin düşməsi xəbəri bütün ailəni sarsıtdı. Qəlbində övlad həsrəti, övlad niskili gəzdirən Rəbiyyə ana elə o niskillə, kədərlə qol boyun köç etdi, bu dünyadan. Ömrünün son günlərində "Seymurumun sağ olmasından bir xəbər yoxdursa, şəhid balamla cənnətdə Allah qovuşdursun məni" deyirmiş, dərdli ana. Ruhun şad olsun, Ana! Bu gün oğlunun qanı yerdə qalmadı, torpaqlarımız mənfurlardan alındı. Qarabağ Azərbaycandır!

... Elməddin, Kənan, Tural Abdullalı. Bəli, Əlövsət Abdullayevin ocağında l Qarabağ savaşının atəşkəs dövründən sonrakı illərdə dünyaya göz açan bu oğullar böyüdükcə əmiləri Seymurun mənfur qonşularımızla müharibədə (itkin) şəhid olmasını biləcək, səbirsizliklə onun qisas zamanını gözləyəcəklərmiş. Bir zamanlar bibi və əmilərin nazına, dəcəlliklərinə dözdükləri qardaş oğulları quş qanadlı illər ötdükcə Vətənin müdafiəsində iştirakından qürur duyacaqmışlar.

Böyük qardaş Elməddinin həqiqi hərbi xidmət dövrü 2016-cı ilin aprel döyüşlərinə təsadüf edib. Döyüşlərdə başından ciddi xəsarət alıb. Qəlpə yaraları sağalsada, başından aldığı travmanın ağrı-acısı, hələ də çıxarılmamış kiçik qəlpə qırıqları onunla yoldaşdır. Elməddin xidmətdən qazi kimi geri dönərkən, əmimin qisasını mən aldım - deyəndə, balaca qardaşlar, onlara da belə fürsətin qismət olmasını Allahdan arzulamışlar.

Kənan, Tural da müddətli həqiqi hərbi xidmətlərinə yollanır, cəbhə bölgəsində yerləşən hərbi hissələrdə xidmətlərini nümunəvi başa vururlar. Tərxis olunduqdan sonra qısa müddətdə evlərinə dönüb, ata,ana xeyir duasını alaraq, paytaxtdakı gizirlik kurslarına qatılırlar. İxtisaslara yiyələndikdən sonra, gizir qardaşların qeyrət, şərəf dolu səngər həyatı yenidən başlayır.

1998-ci il təvəllüdlü gizir Kənan Əlövsət oğlu Abdullalı Vətən müharibəsi başlayanda Goranboy rayonundakı “N” saylı hərbi hissədə tağım komandirinin müavini idi. Ağdam istiqamətində düşmən mövqelərinin darmadığın edilməsində böyük şücaət göstərir. 19 oktyabrda, Ağdamın Qaradağlı kəndi uğrunda gedən qanlı döyüşlərdə xain düşmənin snayperdən açdığı dəqiq atəşlə Kənan sağ gözündən yaralanır. Gözündən dəyən güllə həmin nahiyədə qulağını da dəlib keçir. Ağır durumda olan Kənan buna baxmayaraq, bir müddət döyüş mövqeyindən geri çəkilmək istəmir. Silahdaşlarının ciddi təkidi ilə hospitala təxliyə olunur. Kənanın səhhəti hələ də normallaşmayıb. Gəncə və Bakı şəhərlərində ayr-ayrı vaxtlarda 3 dəfə gözundən və qulağından cərrahiyə əməliyatları keçirib. Sağ gözünün nurunu itirən Kənanın 4-cü cərrahiyə əməliyyatına da zərurət var. Amma bu əməliyyatdan sonra da igidimizin gözünə nur gəlib,gəlməyəcəyi yenədə sual altındadır.

Vətən müharibəsində göstərdiyi rəşadətlərə görə, Kənan Abdullalı Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Cəsur döyüşçu”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Kiçik qardaş, 1999-cu təvəllüdlü gizir Tural Abdullalı isə ötən ildən Silahlı Qüvvələrimizdə Vətənə şərəflə xidmət göstərir. Türkiyə Cümhuriyyətində hərbi kurslarda da olan bacarıqlı rabitəçi Tural, Vətən müharibəsində çətin döyüş tapırıqlarının öhdəsindən uğurla gəlməyi bacarıb. “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

Vətən müharibəsi iştirakçısı olan qardaşların bibisi oğlu, bacarıqlı kəşfiyyatçı gizir Sahil Məmişli də düşmən üzərində qələbə çalan qəhrəmanlarımızdan olub. Çox təəssüf ki, Sahil 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanatla düşmənin məğlubiyyətə imza atdığı günün səhərisi, erməni diversantlarının xain hücumunu dəf edərkən qəhrəmancasına şəhadətə (11 noyabrda) ucalmışdır.
Hər dəfə canını vətən yolunda fəda edən oğullar haqqıda məlumat əldə edərkən, onların qəhrəmanlığından qürur duyursan. Bu qüruru yaşadan oğulların bir oxşarlığı - sadəliyi, məğrurluğu da adamı heyrətləndirir. Xidmətimiz Vətənə borcumuzdur- deyib, bu haqda çox danışmamağa çalışdılar, Abdullalı qardaşları... .








Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan