» » Prezidentin peyvəndlərin ədalətsiz bölüşdürülməsinə dair narahatlığı qlobal dəstək qazandı-Bəhruz Məhərrəmov


Prezidentin peyvəndlərin ədalətsiz bölüşdürülməsinə dair narahatlığı qlobal dəstək qazandı-Bəhruz Məhərrəmov


    “Vətən müharibəsində qələbə üçün milli ruh, həmrəylik və güclü ordu ilə yanaşı, bizə haqq işimiz üçün beynəlxalq hüquqi baza vacib idi. Azərbaycan hakimiyyətinin ən böyük uğurlarından biri, məhz Prezident İlham Əliyevin müəyyən etdiyi ”yol xəritəsi”nə uyğun olaraq bu istiqamətdə ardıcıl, peşəkar fəaliyyət və haqqa əsaslanan hücum diplomatiyası olub”.
     Bunu ”Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O vurğulayıb ki, Prezident İlham Əliyev hakimiyyəti dövründə bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq siyasət yürüdüb, anti-Azərbaycan qüvvələrinə əks arqument verməyib: “Nəticə etibarı ilə qaldırılan bütün problemlər üzrə ya qarşı tərəf Azərbaycanın təklifi ilə razılaşmalı olub, ya da təcavüzə, işğala, yaxud digər xoşagəlməz meyllərə açıq dəstək verərək nüfuzdan düşmək dilemması qarşısında qalıb. Təbii ki, nəticədə Azərbaycan 30 ilə yaxın davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsaslı hüquqi baza formalaşdırmağa nail olub. Əlbəttə, bu məsələdə Azərbaycanın dövlət başçısının şəxsi nüfuzu, öhdəliklərə sadiq lider, peşəkar diplomat kimi xüsusiyyətləri mühüm rol oynayıb.
Xüsusən, 2020-ci ildə, dövrün əsas bəşəri problemi olan COVID19-la mübarizədə beynəlxalq səylərin əvvəlcə Türk Şurası, daha sonra Qoşulmama Hərəkatı və nəhayət ilin sonunda BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində, şəxsən cənab Prezident İlham Əliyevin təşəbbüs və liderliyi altında birləşdirilməsindən sonra beynəlxalq arenada Azərbaycanın siyasi çəkisi əsaslı surətdə artdı, rəsmi Bakının liderliyi ilə hesablaşanların sayı çoxaldı. Digər tərəfdən, 44 günlük müharibə sonrası qalib tərəf kimi Azərbaycanın regionda diqtə edən dövlətə çevrilməsi, Avropanın enerji təhlükəsizliyi, eləcə də nəqliyyat habları üzrə səmərəli iqtisadi rıçaqlara sahib olması bütün qüvvələrin rəsmi Bakı ilə hesablaşmasını zərurətə çevirdi”.
      Deputat qeyd edib ki, neoimperializm və neomüstəmləkəçilik meyllərin yenidən dirçəlməyə başladığı bir dövrdə, Prezident İlham Əliyevin regional güc sahibi və Qoşulmama Hərəkatının rəhbəri kimi bəşəri dəyərlərin müdafiəsinə qalxması dünya tarixinin müasir mərhələsində Azərbaycan adına qızıl hərflərlə səhifə yazmaq deməkdir:
      “Təbii ki, bu özlüyündə riskli addım idi, lakin, proseslərin inkişafı bir daha sübut etdi ki, Prezident İlham Əliyevin özünün dediyi kimi, nəyi nə zaman edəcəyəni gözəl bilir. Nəticə etibarı ilə cənab Prezidentin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə dair narahatlığı və bu istiqamətdə hüquqi baza formalaşdırılmasına - qətnamə qəbul edilməsinə dair təşəbbüsü də qısa vaxtda qlobal dəstək qazandı. Əslində bu istiqamətlərdə ciddi maneələr proqnozlaşdırıla bilərdi, lakin, 10 ay öncə Azərbaycanın COVID-lə mübarizədə BMT çərçivəsində xüsusi sessiyanın çağırılması barədə səylərinə Ermənistanın mane olmaq cəhdinin doğurduğu beynəlxalq ikrah və rəsmi Yerevanın düçar olduğu uğursuzluq indiki mərhələdə bir çoxları üçün dərs oldu”.
      Onun fikrincə, 2020-ci ildə Azərbaycan özünün qarşılaşdığı iqtisadi çətinliklərə baxmayaraq 30-dan çox dövlət üçün donor rolunu oynaması, qlobal sosial məsuliyyət nümunəsi ortaya qoyması bir çoxlarını ehtiyatlı davranmağa vadar etdi:
      “Ermənistanın özünün məsələyə dair mövqeyinə gəldikdə, hesab edirəm ki, proses indiki və sonrakı mərhələlərdə bizi narahat etməməlidir. Birincisi, təşəbbüsün Azərbaycandan gəlməsi səbəbi ilə, bəşəri əhəmiyyətli akta müxalif mövqe nümayişi Ermənistanın özünü beynəlxalq hüququn əməkdaşlıq prinsipinə zidd mövqe tutmaqla siyasi münasibətlər platformasında mövqeyini heçə endirdi. Rəsmi Yerevan faktiki olaraq peyvəndlərin ədalətsiz bölgüsünə dəstək verməklə faşist ideologiyaya bağlı qaldığını bəyan etmiş oldu. İkincisi, xüsusən, müharibədə məğlub olmuş, bölgədə və dünyada nüfuzunu itirmiş, asılılığı güclənmiş Ermənistanın, onsuz da proseslərə təsir imkanının mövcud olmadığını bir daha göstərməklə, Azərbaycan, konkret olaraq Prezident İlham Əliyev üçün maneəyə çevrilməyəcək qədər kiçik olduğunu nümayiş etdirdi”.

       Bəhruz Məhərrəmov
       Milli Məclisin deputatı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan