» » Küçə itləri problemi: sakinlər ciddi şəkildə narahatdır - ARAŞDIRMA - FOTO


Küçə itləri problemi: sakinlər ciddi şəkildə narahatdır - ARAŞDIRMA - FOTO

Biləsuvar rayonunda sahibsiz küçə itləri ilə bağlı problem uzun müddətdir davam edir və sakinlər xeyli vaxtdır bu təhlükə ilə üzləşdiyini bildiriblər.

Bununla bağlı "Bilesuvarinfo"ya müraciət edən sakinlər deyir ki, axşam saatlarında rayonun küçələrində hərəkət etməyə qorxurlar.

Onların sözlərinə görə, sahibsiz itlərin hücumu son vaxtlar daha da çoxalıb. Eyni zamanda, küçə itlərinin rayon mərkəzi ilə yanaşı kəndlərə də doluşduğu bildirilib.


Qeyd edilib ki, bununla bağlı dəfələrlə müvafiq dövlət orqanlarına müraciət olunsa da, indiyədək əməli olaraq heç bir tədbir görülməyib. Həmçinin sakinlər söyləyib ki, belə itlər arasında quduzluğun yayılması ehtimalı vəziyyəti daha da ağırlaşdırır.

İtdişləmə hallarına rast gəlinməsi isə yerli əhali arasında ciddi narahatlıq yaradıb. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, təkcə ötən il rayon ərazisində 267 itdişləmə faktı qeydə alınıb. Qeyd edilib ki, bunun da 63 nəfərini azyaşlılar təşkil edir.


Məsələ ilə bağlı Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatından bildirildi ki, sahibsiz itlərlə mübarizə aparmaq işinin onların səlahiyyətində deyil. Qeyd edilib ki, bu işlər bələdiyyə tərəfindən aparılmalıdır.

Biləsuvar şəhər bələdiyyəsindən isə sahibsiz küçə itləri ilə bağlı problemlə Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən iş aparıldığı vurğulanıb.

İdarədən sorğumuza cavab olaraq qeyd edilib ki, onlar ancaq peyvəndləmə işləri ilə məşğul olurlar. Bildirilib ki, rayon ərazisində yaşayan vətəndaşlara məxsus sahibli itlərdə quduzluq xəstəliyinə qarşı ötən il 3851 başda profilaktiki peyvəndləmə aparılıb. Bu ilin ilk iki ayında isə cəmi 1970 baş itdə quduzluğa qarşı vaksinasiya işləri görülüb:

"Sahibsiz itlərə gəlincə isə bu il rayonun epizootik tədbirlər planına uyğun olaraq 400 baş itə görə oral immunizasiya - yəni dərmanlar səpilir, ən çox it toplaşan yerlərə qoyulur. Sahibsiz itlər yeyir və immunitet qazanır. Sahibsiz itlərdə peyvəndləmə işləri isə idarəmizə oral immunizasiya üçün dərman daxil olan kimi aparılacaq".
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR