» » Yeni il qabağı Biləsuvar bazarında vəziyyət: bəzi məhsullar ucuzlaşıb, bahalaşanlar da var


Yeni il qabağı Biləsuvar bazarında vəziyyət: bəzi məhsullar ucuzlaşıb, bahalaşanlar da var

Yeni il bayramına, təxminən, 10 gündən bir qədər çox müddət qalır. Buna görə də bayram alış-verişi üçün bazarlara axın başlayıb. Bəzi insanlar məhsulları indidən alsalar da, bəziləri sadəcə qiymətlərlə maraqlanmaq üçün bazarlara üz tutublar.

"Bilesuvarinfo"nun əməkdaşı Biləsuvarın mərkəzi bazarına baş çəkib, qiymətlərlə tanış olub.

Müşahidələr zamanı məlum olub ki, bazarda alıcı sayı və məhsul bolluğu kifayət qədərdir.
Alıcı və satıcılar bildirib ki, bazarda mövsümi məhsullar bol, qiymətlər isə münasibdir. Belə ki, ticarət mərkəzində subtropik meyvələr, heyva və alma çox ucuz qiymətə təklif olunur.

Alıcıların sözlərinə görə, qiymətlər ötən illə müqayisədə 30 faizdən çox aşağı düşüb. Burada naringinin qiyməti 40-60 qəpik arasında dəyişir. Portağal 1 manata təklif olunur. Alma isə növündən asılı olaraq, 30-70 qəpiyə satılır. Burada heyvanı 50 qəpiyə, narı 0.70-1 manata, xurmanı 0.50-1 manata, kökü isə 80 qəpiyə almaq mümkündür.

Kələm isə demək olar ki, bazarda satışa çıxarılan ən ucuz məhsuldur: onun kq-ı 20 qəpiyə, göyərtilərin dəstəsi isə 8-10 qəpiyə təklif edilir.

Həmçinin qoz, fındıq və şabalıdın da qiymətində cüzi də olsa, ucuzlaşma var.

Bununla yanaşı alıcılar kartofun, soğanın və ev quşlarının qiymətindən isə gileyləniblər. Müşahidələr zamanı məlum olub ki, bu məhsulların qiymətində xeyli bahalaşma var. Onların sözlərinə görə, payızlıq kartof yığılsa da, qiymətlər aşağı düşməyib: "Kartofun 1 kiloqramı 1-1.20 manat arasında dəyişir. Soğanın kiloqramı 80 qəpiyə təklif olunur. Hind quşu, toyuq, qaz və ördəyin də qiymətləri 20 faizə yaxın bahalaşıb".

Satıcılar isə bəzi məhsulların qiymətində müşahidə olunan bahalığın səbəblərini açıqlayıblar. Onların sözlərinə görə, yem baha olduğu üçün ev quşlarının qiyməti də qalxıb: "Bayrama qədər qiymətlər ola bilsin ki, bir az da qalxsın. Amma subtropik meyvələrin, almanın, heyvanın qiymətində isə artım gözlənilmir".
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR