» » Azərbaycan münaqişəyə öz gücü, qüdrəti ilə son qoydu


Azərbaycan münaqişəyə öz gücü, qüdrəti ilə son qoydu

2020 - ci il dekabrın 10 - da Bakının Azadlıq meydanında 44 günün hər günü şanlı tarixə çevrilən Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı tarixə, qəhrəmanlıq salnaməmizə əbədi həkk olundu..

 Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın işğalçı ordusunu döyüş meydanında məhv etdi, möhtəşəm Zəfər qazandı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Zəfər paradı Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü uğrunda beynəlxalq arenada apardığı mübarizədə qalibiyyətin təntənəsi idi. Torpaqlarımız işğal altında olan zaman keçirilən hərbi paradda ölkə başçımız vurğulamışdı ki, işğaldan azad ediləcək torpaqlarımızda ucaldılacaq bayraq yaxın vaxtlarda Azadlıq meydanında dalğalanacaq.

 Hərbçilərimiz tərəfindən Şuşa şəhəri üzərində qaldırılan Zəfər bayrağının gətirildiyi Zəfər paradı Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış hadisə idi. Paradda 3000 Azərbaycan əsgər və zabitləri ilə çiyin - çiyinə türk əsgər və zabitlərinin addımlaması xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. 
Şanlı Qələbəmizin şərəfinə keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yanaşı qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanda iştirak edirdi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı, düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olundu. Zəfərimizin təbliği məqsədilə Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən -düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika nümayiş olunur.

Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsinin 44 günü də şanlı tarix idi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etmədi, hətta, ermənilərin yenilməzlik mifini də darmadağın etdi.
Azərbaycanın Zəfəri həm güclü daxili siyasətin, həm məqsədyönümlü diplomatik əlaqələrin, həm də hərbi sahədə böyük inkişafın təcəssümü idi. Prezident İlham Əliyevin çıxışında bildirdiyi kimi, "Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi". Ölkə başçısının diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. Qələbəmiz bir daha Azərbaycanın “Dəmir Yumruğ”unun qarşısında hansısa bir gücün dayana bilməyəcəyini göstərdi. Ümumiyyətlə bütün bunlar cənab Prezidentin ölkəyə rəhbərliyi dövründə düşünülmüş şəkildə yürütdüyü siyasətin məntiqi nəticəsi idi.

Qələbədən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar Prezident İlham Əliyev tərəfindən yürüdülən uzaqgörən, qətiyyətli və cəsarətli diplomatik siyasətin təsdiqidir. İkinci Qarabağ müharibəsindən sonra dövlət başçısı bölgədə nəqliyyat kommunikasiyalarının bərpasının, iqtisadi əlaqələrin yaradılmasının Cənubi Qafqazdakı uzunmüddətli sülh və təhlükəsizliyə, o cümlədən inkişaf və inteqrasiyaya töhfə olacağını bəyan edib. Hazırda Azərbaycan və region üçün yeni dövr başlanır. Yeni reallıqlar Azərbaycanın üstün mövqeyini təsdiq edir.

Bu tarixi Qələbəni bizlərə yaşadan bütün qəhrəman oğullarımızın əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaqdır.

          Samir Ağayev
          YAP Biləsuvar rayon təşkilatının əməkdaşı.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR