» » Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır


Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır

Azərbaycanımızın, tarixi, əbədi və əzəli torpağı, Qarabağımızın dilbər guşələrindən biri Laçın rayonu erməni işğalçılarının məkrli niyyətlərinin və planlarının qurbanı olmuş tarixi ərazilərimizdən biridir. Şuşadan sonra Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı.

1992-ci ilin 18 may tarixində Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş və buradakı etnik azərbaycanlılar məcburi şəkildə, müxtəlif işgəncələrə məruz qalaraq qovulmuşdur. Rayonun işğalı zamanı yüzlərlə soydaşımız amansızlıqla qətlə yetirilmiş, əsir götürülmüş, qeyri-insani üsullarla işgəncələrə məruz qalmışdır. 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Laçın rayonunun işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış, öz ata-baba yurdlarını itirmiş həmvətənlərimizdən 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.

Ermənistan digər ərazilərimizdə törətdiyi cinayətlər kimi Laçındada buradan olmayan, kənardan gəlmə ermənilərin qanunsuz şəkildə məskunlaşmasını həyata keçirib, ərazilərin coğrafi adlarını saxtalaşdırıb və buradakı təbii resursları istismar edib. Beynəlxalq konvensiyalarda, o cümlədən, Cenevrə Konvensiyasında hərbi cinayət sayılan bu əməllər məhz beynəlxalq ictiamiyyətin gözü qarşısında həyata keçirilmişdir.

Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə çevrilmiş 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı tarixi zəfərə imza ataraq beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu silah işlədilmədən, bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.  Bununla da Azərbaycan həm hərb meydanında, həm də diplomatik danışıqlar masası arxasında tam üstünlüyünü bir daha sübuta yetirdi. Bütün bu qalibiyyətlər, Azərbaycanın tarixi torpaqlarının, o cümlədən Laçın rayonunun azadlığı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun rəşadətinin, peşəkarlığının, dövlət-xalq-iqtidar-ordu həmrəyliyinin nəticəsi idi.

Qələbənin əldə edilməsi ilə regionda və beynəlxalq müstəvidə Azərbaycanın siyasi nüfuzu artmışdır. Azad olunmuş torpaqlarda sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işlərinin yüksək səviyyədə icrasına başlanılıb. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.  Eləcə də, Prezident İlham Əliyevin Sərəncamına əsasən uzunluğu 72,8 kilometr olan Kəlbəcər - Laçın avtomobil yolu inşa edilir. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Kənd təsərrüfatı baxımından Laçın heyvandarlıq üçün əlverişli imkanlara malikdir. Bu baxımdan, burada artıq heyvandarlıq və arıçılıq təsərrüfatı da qurulub.  Əminliklə demək olar ki, cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən sürətli bərpa və quruculuq işləri nəticəsində, qısa zamanda Laçın rayonu dünyanın ən dilbər guşələrinin birinə çevriləcək.

Samir Ağayev,
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR