» » Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib


Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib

    Heydər Əliyevin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, həm də təkcə Azərbaycan vətəndaşlarını deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıları və Azərbaycana bağlı insanları bir məqsəd - müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi və inkişafına xidmət etmək ətrafında birləşdirə bildi. Ümummilli lider Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. 

     Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Ümummilli lider Heydər Əliyev azərbaycançılığı milli ideyaya çevirməklə həm də ölkənin daxilində yaşayan onlarla xalqı bu ideyanın ətrafında birləşdirməyə, milli-etnik ayrı-seçkiliyin aradan qaldırılmasına, ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, milli enerjini milli məqsədə - müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsinə yönəldə bildi. Ulu öndərin azərbaycançılıq ideyası dövlətin müstəqilliyini qoruyub-saxlaması, inkişafı və dünyaya inteqrasiyanı təmin edəcək iki əsas istiqaməti özündə birləşdirirdi: dövlətçilik və milli mənəvi dəyərlərə sadiqlik. Ümummilli lider Heydər Əliyev banisi və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümü ilə əlaqədar keçirilən təntənəli yığıncaqda milli ideologiyanın təyinatı və tərkib hissələri barədə öz konseptual fikirlərini belə ifadə etmişdir: "Bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə gördüyümüz işlər milli ideologiyanın üzərində qurulur. Bu milli ideologiya nədən ibarətdir? Birincisi, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. 

      Azərbaycanın müstəqilliyini möhkəmlətməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də hər bir vətəndaş vətənpərvərlik hissi ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".

     Heydər Əliyevin milli ideyasında dövlətçilik təkcə siyasətçilərin, məmurların və digər dövlət işində çalışanların vəzifəsi kimi deyil, ümumxalq işi kimi ortaya qoyulur, insanlarda milli-etnik duyğularla yanaşı, ictimai-siyasi özünüdərk duyğusunun, vətəndaşlıq duyğusunun formalaşdırılmasına yönəldilir, "Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" fəlsəfəsi ön plana çəkilir, dövlət işi ümumxalq işinə çevrilir. Bununla bağlı ulu öndər Heydər Əliyev deyirdi: "Bir var dövlət işi ilə məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da, əgər həqiqətən də vətəndaşdırsa, deməli, öz vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz". Heydər Əliyevin azərbaycançılıq ideyasının ikinci qanadı milli mənəvi dəyərlərə sadiqlikdir. Ulu öndər milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, gələcək nəsillərə çatdırılmasını bir vəzifə olaraq qarşıya qoyurdu. Heydər Əliyev öyrədirdi ki, əgər xalq öz müstəqilliyini qorumaq, gələcəyini qurmaq istəyirsə, milli mənəvi dəyərlərinə söykənməlidir. Milli mənəvi dəyərlərinə hörmət etməyən, bir millət olaraq öz varlığını ifadə edə bilməyən xalqın müstəqil dövləti uzunömürlü ola bilməz. Milli dövlət ölkənin ərazi bütövlüyünü, konstitusiya quruluşunu, vətəndaşlarının təhlükəsizliyini, təbii sərvətlərini qoruduğu kimi, milli mənəvi dəyərləri də qorumalı və inkişaf etdirməlidir.

      Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərimizin tərkib hissəsi kimi üç komponenti xüsusi qeyd edir ki, bunların şüurda proyeksiyası milli mentaliteti təşkil edir: dilimiz, dinimiz, adət-ənənəmiz. Milli mənəvi dəyərlərimiz ümummilli lider Heydər Əliyev tərəfindən həm onun rəhbərliyinin sovet dönəmində, həm də müstəqillik dövründə yüksək qiymətləndirilmiş, həmişə uca tutulmuşdur. Heydər Əliyev xalqın mənəvi yaddaşının qorunması və zənginləşməsi üçün fərman və sərəncamlar vermiş, əməli işlər görmüşdür.  

      Səyalə Şahbazova
      Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktoru
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR