» » Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın Milli Məclisdə illik məruzəsi - Bəhruz Məhərrəmov


Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın Milli Məclisdə illik məruzəsi - Bəhruz Məhərrəmov



     Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın Milli Məclisdə illik məruzəsi ilə əlaqədar biz ötən həftə Biləsuvar rayonunda bələdiyyələrlə geniş bir müzakirə keçirdik və onların qarşılaşdıqları və qaldırılan məsələlərlə bağlı təklifləri əhatələyən çıxışımı yazılı şəkildə Parlament aparatına təqdim etdim. 

 
1. Bələdiyyələrin əsas problemlərindən biri vergi yığımları ilə daha doğrusu vergi ödənməməsinə səbəb olan obyektiv problemlərlə bağlıdır. Məsələn, Biləsuvarda bizim 10-dan çox kəndimiz yay aylarında suya həsrətdir, belə olan halda bələdiyyə məhsul götürə bilməyən, əkin-biçindən zərərlə çıxan kəndlidən faktiki olaraq vergi istəyə bilmir. Çıxış yolu kimi datasiyaların artırılması variantı var, lakin, indiki Böyük qayıdış ərəfəsində bu nə qədər məqbul olar, aydın məsələdir. Bu mənada bələdiyyələrə başqa cür yardım, bələdiyyələrin DSMF-yə olan borçlarının bağışlanması yaxud ödənişin təxirə salınması məsələsi gündəmə gələ bilər. Bu bələdiyyə təsisatı üçün böyük dəstək olar. Xatırladım ki, əvvəllər də belə bir təcrübə olub.
2. Vergi yığılması ilə bağlı bələdiyyələrin əlində konkret rıçaqlar yoxdur. Bu mənada bələdiyyə fəaliyyətinə dair daxili portalın hökmət sisteminə qoşulması və bələdiyyəyə olan borcların ümumi sistemdə görünməsi təklif edilir. Habelə, daşinmaz əmlakın notariusda alqı-satqısı aparılarkən tərəflərdən birinin həmin əmlak üzrə bələdiyyəyə olan borcu bağlaması, yaxud, borc üzrə öhdəlikləri rəsmən üzərinə götürməsi məsələsi həllini tapmlıdır. 
3. Bəzən strukturlar bələdiyyə fəaliyyəti üçün qəsdən, yaxud səhlənkarlıqdan problemlərə yol acır. Məsələn, yerli xidmət təşkilatları bələdiyyə sorğularına ya cavab vermir, ya da gec cavab verir. Bu səbəbdən vətəndaşlar adicə işıqların sönməsi, yaxuq qazın kəsilməsi ilə bağlı yerli bələdiyyəni qoyub bir başa icra hakimiyyəti yaxud deputata müraciət edir. Baxmayaraq ki, əgər yerli xidmət təşkilatları bələdiyyə müraciətlərinə ciddi yanaşıb zamanında reaksiya versələr digər strukturlar aidiyyatsız yerə yüklənməz. Bu mənada bələdiyyələrin sorğu və müraciətləri xidmət təşkilatları tərəfindən vaxtında və operativ cavablandırılmalıdır.
4. Nazirlər Kabinetinin 2012-ci il 522 saylı qərarına əsasən, qəbiristanlıqlar bələdiyyə idarəçiliyinə verilib. Lakin, qəbiristanlığın saxlanılma və idarəolunma məsələsi hələ də açıq qalıb, bu da bələdiyyə fəaliyyətində əngəllərdən biridir və həll edilməlidir.
5. Digər bir məsələ, yəqin ki, həmkarlarım da bu istiqamətdə xeyli şikayətlər alırlar ki, bələdiyyə onlara yaşayış sahəsi üçün torpaq ayırmır. Amma həqiqətən də bələdiyyələrimiz var ki, yaşayış fondu torpaqları artıq tükənib. Bu mənada iki çıxış yolu var. Kənd təsərrüfatına yararlı torpaqların müəyyən qismini və ya otlaq sahələrin bir qisminin təyinatı dəyişdirilərək yaşayış fond torpaqlarına verilə bilər. Yaxud yaşayış fond torpaqlarına qənaət edilməsi məqsədilə artıq kəndlərdə tədricən 3-5 mərtəbəli binalarının tikilməsi məsələsinə baxıla bilər. İstənilən halda, Nazirlər Kabineti bu məsələlərin həllini gecikdirməməlidir, əks halda özbaşına tikililərin sayı artacaq. Özbaşına tikilinin isə nə sığortası, nə sənədləşməsi mümkündür. Şəhər yerində bununla mübarizə asandır. Kənddə isə hamı bir-birini tanıyır, fərqli bir mental yanaşma var. Bu mənada tələsməliyik.
6. Mühim problemlərdən biri də kommunikasiyasız ərazilərdə yaşayış torpaqlarının vətəndaşlara verilməsi məsələsi ilə bağlıdır. Beləliklə, vətəndaş uzun müddət kommunal xidmətlərdən kənarda qalır, dövlət isə tam yeni infrastruktur qurmalı olduğu üçün əlavə xərclərə məruz qalır. Bu istiqamətdə nəzarət güclənməlidir ki, yeni pay torpaqları kommunikasiya xəttinə bitişik ərazilərdə verilsin.

     Bəhruz Məhərrəmov
     Milli Məclisin Deputatı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan