» » Azərbaycan sülhün və inkişafın tərəfdarıdır


Azərbaycan sülhün və inkişafın tərəfdarıdır


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfərləri xüsusi əhəmiyyəti ilə diqqət çəkir.Müntəzəm xarakter daşıyan səfərlərin məqsədi bölgələrdə vəziyyətlə yaxından tanış olmaq, nəzarət etmək, quruculuq - abadlıq işlərinin səmərəli olmasını təmin etməkdir.  

Məhz bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimiz daha sürətlə bərpa olunur, həyata keçirilən dövlət proqramları səmərəli şəkildə icra edilir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına təkan verib. 

Respublikanın bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının nəticəsi olaraq mühüm işlər görülür, böyük infrastruktur layihələri icra edilir, əhalinin rifah vəziyyəti yaxşılaşdırılır. Rayonlarda əhalinin elektrik enerjisi ilə təmin olunması, yol infrastrukturunun yenidən qurulması, içməli su layihələri həyata keçirilir və müasir xəstəxanalar, tibb ocaqları, məktəblər tikilib əhalinin istifadəsinə verilir. İsmayıllı rayonunda da qazlaşdırma 80 faizdən yuxarı təmin olunub, Ağsu rayonunda isə bu göstərici 100 faizə yaxındır. Hər iki rayonun elektrik enerjisi ilə təchizatı tam təmin edilib. Ağsu və İsmayıllı şəhərlərində 160 çarpayılıq xəstəxana tikilərək sakinlərin istifadəsinə verilib, 100-ə yaxın yeni məktəb binası inşa edilib və ya əsaslı şəkildə təmir olunub.Respublikamızda aparılan sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri də məhz regionların tarazlı və davamlı inkişafıdır. Əhalinin rifahının yüksəlməsinə yönəlmiş Dövlət proqramlarının icrası, sözün əsl mənasında, Azərbaycanın bölgələrinin simasını köklü surətdə dəyişib.

Dövlət başçısı İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha diqqəti Ermənistanın ölkəmizə qarşı ərazi iddiasından əl çəkməməsinə, vaxt uzatmaq üçün törətdiyi təxribatlara yönəldərək bildirdi ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz.

Dövlət başçısı İlham Əliyevin  müsahibəsində Ermənistana ünvanlanmış “odla oynamasınlar”, “özlərini yaxşı aparsınlar”, “yeni reallıqları qəbul etsinlər”, “bizi heç kim və heç nə dayandıra bilməz”, “oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər” xəbərdarlığı Azərbaycan dövlətinin gücünün, qüdrətinin,  ölkə Prezidentinin  qətiyyətinin göstəricisidir.

Prezident cənab İlham Əliyevin müsahibəsi zamanı toxunduğu əsas məqamlardan biri də Ermənistan tərəfinin üzərinə götürdüyü öhtəliklərdən yayınması, vaxt uzatması ilə bağlı oldu. Dövlət başçısı bildirdi ki, ”Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Biz bu yolu da və digər addımlarımızı da bu öhdəliklər əsasında atmışıq və işləri görmüşük. Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Bir də ki, onlar başa düşməlidirlər, vaxt uzatmaq onlara heç nə verməyəcək”. Prezidentimiz açıq şəkildə Ermənistana ciddi xəbərdarlıq etdi ki, ərazi iddialarından əl çəksinlər. Əl çəkməsələr, o zaman Azərbaycan da Ermənistana qarşı haqlı olaraq ərazi iddiası qaldıra bilər. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Danışıqlar masasında hər hansı bir statusdan söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının, ölkəmizdə yaşayan xalqların hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaq.

Azərbaycan sülh, əmin-amanlıq, əməkdaşlıq tərəfdarıdır, bölgədə daimi təhlükəsizliyi yaratmaq üçün qətiyyətli addımlar atır. Məhz müstəqil dövlətimizin gücü, qüdrəti sayəsində Qarabağda, düşmən tapdağından azad edilmiş torpaqlarımızda həyat yenidən əvvəlki axarına qayıdır.

                     Samir Ağayev 
      YAP Biləsuvar rayon təşkilatının əməkdaşı

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan