» » Qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq


Qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq

 Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycanın dünya dövlətləri ilə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq münasibətləri yüksək səviyyədə qurulur, getdikcə bu münasibətlər daha da dərinləşir və yüksələn xətlə inkişaf edir. Son vaxtlar dövlətimizin başçısının bu istiqamətdə atdığı qətiyyətli addımlar, istər xarici səfərləri, istərsə də beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın qüdrətli ölkələr sırasına qoşulmasından xəbər verir.  Azərbaycan ilə İtaliya arasında əlaqələr də möhkəm təməl üzərində qurulub.

Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfər edib. İtaliyaya səfər tarixi əhəmiyyət kəsb edir və strateji xarakter daşıyan Bakı-Roma münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyır. Bu səfər ölkəmizin İtaliya və Qərb üçün əhəmiyyətini nümayiş etdirir.

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, orada baş tutan görüşlər iki ölkə arasında strateji münasibətlərin daha da dərinləşməsi və gələcək əməkdaşlıq imkanlarının perspektivləri baxımından olduqca əhəmiyyətlidir. Səfər çərçivəsində Azərbaycan səfirliyinin yeni binasının açılışı, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi, Prezidentin Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı iki ölkə arasında əlaqələrin yeni səhifəsini açdı.

Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşı olması çox mühüm amildir. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. Azərbaycan TAP layihəsi əsasında İtaliyaya qaz da ixrac edir. Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Avropanın enerji təhlükəsizliyi ilə bağlı bu gün yalnız təbii qaz müzakirə mövzusu deyil, həmçinin danışıqlara enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Eyni zamanda, İtaliya ilə humanitar, həmçinin mədəniyyət, təhsil və elm sahələrində möhkəm münasibətlərimiz var.

Prezident İlham Əliyev səfər çərçivəsində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirak etdi. Prezidentin bu forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı. Prezidentimizin bu foruma xüsusi qonaq kimi qatılması həm ölkəmizə, həm də onun rəhbərinə verilən yüksək qiymətin nümunəsi idi. Bu forum dünyanın mühüm məsələlərinin müzakirə edildiyi və nüfuzlu dövlət başçılarının, ictimai-siyasi xadimlərin, politoloqların iştirak etdiyi bir mərkəz kimi tanınır. Ölkəmizin rəhbəri forumdakı çıxışında beynəlxalq ictimaiyyətə önəmli mesajlar verməklə, həm də yeni siyasi-iqtisadi münasibətlərin zəruriliyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı çıxış zamanı dünyada enerji təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətindən, Azərbaycanın yürütdüyü uğurlu enerji siyasətindən, həyata keçirdiyi layihələrdən və enerji təhlükəsizliyinə verdiyi töhfələrdən ətraflı bəhs edərək forum iştirakçılarını və dünya ictimaiyyətini məlumatlandırdı. Azərbaycanın enerji sahəsindəki həyata keçirdiyi dünya miqyaslı enerji layihələrdən bəhs edən cənab Prezident  bu layihələr nəticəsində Azərbaycanın Avrasiyanın enerji xəritəsini dəyişdirməyi bacardığını bildirdi. Dövlət başçısı Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumatı diqqətə yönəldərək, respublikamızın 2,6 trilyon kubmetrə bərabər ehtiyata malik olduğunu, son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı kimi tanındığını vurğuladı. Azərbaycanın enerji strategiyasının inkişaf mərhələləri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Bu səfər Azərbaycanın son illərdə Cənubi Qafqazda yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın sıx siyasi və iqtisadi əlaqələrə malik olduğu Avropa ölkələrindən biri İtaliyadır. Çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətləri hazırda da inkişaf etməkdədir. İtaliya dövləti hər zaman Azərbaycanın milli dövlətçilik maraqlarına böyük hörmətlə yanaşmış və dünya siyasi arenasında ölkəmizi diplomatik istiqamətdə daima dəstəkləmişdir.Dövlətimizin başçısının iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu ərəfəyə təsadüf edən işgüzar səfəri yüksək səviyyədə keçdi. Xüsusilə qeyd etmək lazımdır ki, İtaliya şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür.

Samir Ağayev 
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan