» » Azərbaycan Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir


Azərbaycan Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

      Bütün sahələrdə olduğu kimi Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi sahəsində də məqsədəmüvafiq işlər həyata keçirilməkdədir. Bu hərbi əməkdaşlığın böyük tarixi vardır. Tarixi köklərini hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müstəqilliyimizin ilk illərində tarixi zərurətə çevrilmişdi. Belə bir vəziyyətdə Azərbaycan üçün Türkiyə kimi hərbi-siyasi müttəfiqin olması çox əhəmiyyətli idi. 2001-ci ilin mart ayında Türkiyə Böyük Millət Məclisində çıxış edən ümummilli liderimiz Heydər Əliyev bununla bağlı demişdir: “Türkiyə bizim üçün həm dostdur, həm qardaşdır, həm dayaq nöqtəsidir, həm də arxadır.” 
        Əsası 1992-ci ilin avqust ayında Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Turkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Muqavilə”nin imzalanması ilə qoyulan Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı 2010-cu ilin avqustunda “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin və həmin ilin sentyabrında “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanması ilə yeni impuls almış və qarşıdakı illərdə daha yeni sahələri əhatə edərək genişləndirilmişdi.  
         Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafından danışaraq demişdir: “Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir”.
        Prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əlaqələrə xüsusi önəm verdiklərini vurğulamış və Türkiyədən yeni hərbi texnika alınacağını bildirmişdi. Hərbi sahəyə dair imzalanmış saziş iki ölkə arasında hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxarmışdı. 
          İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir;
          İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr. Nəzərə alınmalıdır ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında Türkiyənin adı Azərbaycanın milli təhlükəsizliyinin təminatçısı rolunda göstərilməsə də Azərbaycan ərazisində xarici hərbi iştirakın mümkünlüyünə dair məqamlar öz əksini tapıb. Xüsusilə də iki ölkənin prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilədə nəzərdə tutulanlar Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının güclənməsinə təkan verir;
          Üçüncüsü, Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. Nəzərə alınmalıdır ki, 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb. Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Sözügedən sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji prioritetlərdən hesab edilir. Bu baxımdan Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir.
İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir, həmçinin hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı da prioritet sahələrdən biridir. 
           Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu söyləməyə əsas verir. Hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən bu əlaqələr iki ölkənin orduları arasında sıx münasibətlərin qurulmasına xidmət edir və ən başlıcası, bu əlaqələrin yüksələn xəttlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
      Azad Quliyev
      Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi  
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR